“Qarabağ” ordenli, Azərbaycan qartalı, hərbi pilot, polkovnik-leytenant Elçin Məmmədovla müsahibə

0
505

“Kukuruznik” taktikası ilə dünyada bir ilkə imza atdıq

Onu göydə axtarırdıq, yerdə əlimizə düşdü. O, Azərbaycan səmasının təhlükəsizliyini qoruyan qəhrəman şahinlərimizdən biridir. Qələbəmizdə payı olanlardandır. Biz onun uçuşlarını Zəfər paradımızda seyr etdik, qürurlandıq. Dövlət başçısı tərəfindən “Qarabağ” ordeni, Xocavənd, Füzuli və Cəbrayılın işğaldan azad edilməsinə görə medalları ilə təltif edilmiş Azərbaycan qartalı ilə söhbətləşirik. Qonağımız hərbi pilot, polkovnik-leytenant Elçin Məmmədovdur.

– Cənab pokovnik-leytenant, istərdik sizi oxucularımıza daha yaxından tanıdaq.

– Məmmədov Elçin Ziyadxan oğlu.1984-cü il avqustun 4-də Qazax rayonunun I Şıxlı kəndində anadan olmuşam. Hərbçi olmaq uşaqlıq arzum idi. Doğulduğum kənddə məktəbi bitirdikdən sonra arzum məni Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə apardı. 2002-2006-cı illərdə məktəbi təyyarəçi ixtisası üzrə bitirdim. Bitirdikdən sonra Uçuş Hazırlıq Təlim Mərkəzində 1 il ərzində təkmilləşmə kursunu keçdim və sonra Azərbaycan Ordusunda xidmətə başladım. Kürdəmirdə “N” saylı hərbi hissədə işə başladım. 2017-ci ildə Naxçıvanda Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda xidmət etdim. 2019-cu ildə yenidən Kürdəmirə təyinat aldım. Hazırda Türkiyədə akademik təhsili davam etdirirəm. İnşallah yayda Vətənə dönəcəyəm. Ailəliyəm. Bir oğlum, bir qızım var.

– Artıq illərin təcrübəsi var. Azərbaycan şahinlərini qardaş Türkiyə və digər ölkələrin pilotları ilə müqayisə etsək, nə demək olar?

– Türk qardaşlarımızla Türkiyədə təşkil olunmuş “Anadolu qartalı” və “TurAz Şahini” təlimlərində birgə iştirak etmişik. Məncə elə bir fərq yoxdur. Sadəcə, istifadə etdiyimiz texnikalar-uçuş aparatlarında fərq var. Ümumi olaraq, təhsilimiz eyni, uçuş proqramımız eynidir. Fərq görmürəm. Təlimlərdə ümumi təcrübə mübadiləsi olur. Onlar bizdən, biz onlardan öyrənirik. Bu təcrübələrin nəticəsidir ki, biz 44 günlük müharibədə öz vəzifə borcumuzu layiqincə yerinə yetirdik. Avropalı və ya rusiyalı pilotlarla müqayisə edəsi olsaq, deməliyəm ki, “Anadolu qartalı” təlimlərində onlarla da təmaslarda olurduq. Sadəcə, onlar bir neçə növ döyüş təyyarələri ilə təlimlər keçirlər. Proqramımızda fərq var. Amma nəticə, demək olar ki, eynidir. Yeni bir qurğuda təlim keçib, ona öyrəşmək ən çox 15-30 gün zamanımızı ala bilər.

– Bu, yəqin ki, fərqli avtomobillər sürmək kimidir?

– Bəli. Onların idarə etdikləri təyyarələr ən müasir standartlara cavab verən, ən son model təyyarələrdir. Bizimkilər də yaxşıdır.Yəni demək istədiyim fərq bundadır.

– Bu gün şahinlərimizin sayı yetərincədirmi?

– Bəli, bu gün Azərbaycan Ordusunda xidmət edən şahinlərin hamısı öz məktəbimizin yetirmələridir. Bir zamanlar bizi yetişdiriblər, indi də biz təlimatçılıq edirik, bu gün ordumuzda olan şahinlərimizin sayı hava təhlükəsizliyimizi təmin edəcək qədər çoxdur. Sayları barədə dəqiq məlumat vermək istəməzdim. Amma hamı əmin olsun ki, çox bacarıqlı qartallarımız var və sayları da az deyil. 44 günlük müqəddəs müharibəmizdə bir nəfər də olsun xarici pilot iştirak etməyib. Vətənin azadlığı uğrunda döyüşənlərin hamısı öz qartallarımız idilər. Eşitdiyimə görə, Birinci Qarabağ müharibəsində pilot çatışmazlığı hiss olunduğuna görə xaricdən pilotlar dəvət edilmişdi. Bu dəfə isə bir nəfər də olsa, qeyri-azərbaycanlı yox idi. Öz oğullarımız, öz şahinlərimiz torpağın keşiyini çəkdilər.

– Bu döyüşlərdə neçə pilotumuz şəhid oldu?

– 2 şəhid pilotumuz var. Onlardan biri helikopter, digəri qırıcı təyyarə idarə edirdi. Hər ikisi cənab Prezidentin Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görüldü. Təyyarəçi pilot mənim uzun müddət birlikdə xidmət etdiyim polkovnik Zaur Nudirəliyev, helkopter pilotu isə polkovnik-leytenant Ramiz Qasımov idi. Onu da yaxından tanıyırdım. Hər ikisi Azərbaycan Ordusu üçün yetərincə iş görmüş, təyyarəçiliyin ən yüksək zirvəsinə çatmış, as pilotlar idi. Hər ikisi xidmət müddətini başa vurmuşdu. Onların arzuları torpaqlarımızın azad edilməsi uğrunda müharibədə iştirak etmək idi. Biri sentyabrın 27-də Tərtər istiqamətində düşmənin hava hücumundan müdafiə sistemləri tərəfindən vurularaq şəhid edildi. Digəri, oktyabrın 4-də Cəbrayıl istiqamətində düşmən atəşinə tuş gələrək şəhid oldu. Hər ikisini rəhmətlə anıram.

– Vətən müharibəsi günlərində uçuş planları necə tərtib olunurdu?

– Həmin günlərdə plan olmur. Aviasiya quru qoşunlarına yaxın hava dəstəyi vermək vəzifəsi daşıyırdı. Bizim hücum istiqamətimiz də olmur. Sentyabrın 27-dən müharibə bitənə qədər hər gün gecə-gündüz uçuş etmişik. Gündəlik say etibarilə bir uçuş da ola bilirdi, 5 uçuş da. O bizdən asılı deyildi. Quru qoşunları müraciət edirdi, onlara dəstək lazım olanda biz dərhal hərəkətə keçirdik. Çətin keçilən yerlərdə düşmənə havadan zərbələr endirirdik. 44 gün ərzində cəbhənin bütün istiqamətlərində, Murov dağdan tutmuş Cəbrayıla tərəf bir neçə təyyarə havalanırdı.

– Döyüşlərə “qocalar” gedirdi? Gənclər də iştirak edirdi, yoxsa yalnız “as”lar?

– Bizim hərbi təyyarəçilərimizin hamısı döyüşə hazır təyyarəçilərdir. Əgər döyüş təyyarəsində uçursa, deməli, artıq döyüşə hazırdır. Aramızda gənclər var idi. Lakin biz onları cəlb etmədik. Çünki döyüşə girmək üçün müəyyən proqram var, onu keçmək lazımdır. Amma gənclər də, orta yaşlılar da, peşəkar pilotlar da döyüşə cəlb olunmuşdular. Hamı hər an, hər şeyə hazır idi. Rəhbərlik təyin edirdi, hansı döyüşə hansı təyyarəçinin uçacağına dair göstəriş rəhbərlikdən gəlirdi. Say etibarilə fərqli olsa da, hər kəs döyüşə uçdu və öz borcunu yerinə yetirdi.

– Bir qırıcı təyyarəçi olmaq üçün hansı fiziki özəlliklər tələb olunur?

– Bu peşə hər zaman çalışqanlıq tələb edir. “Bir kitabı oxudum qurtardım, bununla da hər şeyi bilirəm” deyə bir şey yoxdur. Hər gün bir yeniliklə qarşılaşa bilirsən. Uçuş profillərinə uyğun hazırlığın olmaldıır. Təyyarəni idarə etdiyi müddətdə təyyarəçi daim öyrənməlidir. Fiziki hazırlığı yüksək səviyyədə olmalıdır. Artıq çəki ala bilməz, qıvraqlıq tələb olunur. Psixoloji hazırlıq yüksək səviyyədə olmalıdır. Çünki təyyarəçi ani reaksiyalar verməyi bacarmalıdır. Qidası, yatmağı, istirahəti hamısı normalar əsasında olmalıdır, əks halda, bu, döyüş tapşırığının yerinə yetirilməsi zamanı problemlər yarada bilər. Məsələn, 8 saatdan az yuxu yatarsa, bu, təyyarəçinin reaksiya müddətini uzada bilər. Təyyarənin sürəti uçuşdan asılı olaraq 800-900 kilometr/saat civarında dəyişir. Təyyarəçi çox az müddətdə dəqiq qərar verməyi bacarmalıdır. Məsələ təkcə təyyarəni havaya qaldırmaq və endirməkdən ibarət deyil. Psixoloji hazırlıq mütləq lazımdır.

– Bildiyimə görə, xüsusi geyimləriniz var ki, o da qan təzyiqini normal saxlamaq üçündür.

– O dediyiniz yüksəklik kompensasiya kostyumudur. Bizdə hücum təyyarələridir, o kostyumdan istifadə etmirik. Çünki biz çox yüksəkliyə qalxmırıq. Hücum təyyarələri aşağı və ən aşağı hündürlüklərdə quru qoşunlarına dəstək vəzifəsini həyata keçirir. Dediyiniz kostyumu stratosfer hündürlüyündə uçuşlar həyata keçirən təyyarələrin pilotları geyinirlər. Mən 2 tip təyyarədə pilotluq edirəm. Təlim təyyarəsi və SU 25 döyüş təyyarəsində. Gənclər təlim təyyarəsində yetişdikdən sonra, biz onları döyüş təyyarələri üçün yetişdirməyə başlayırıq. Gənclər ali məktəbi bitirdikdən sonra çox sürətlə təlim təyyarəsində öyrənir, leytenant rütbəsini alan gənclərimiz artıq döyüş təyyarələrini idarə etməyə başlayırlar.

– Pilot olmaq istəyən gəncin yüksəklik, sürət qorxusu ortaya çıxarsa, nə olar?

– Təlimatçı ilə ilk uçuşlarda bu aydın olur. Belə bir şey olarsa, pilot olmaq şansını itirir, texniki heyətdə çalışır.

– Hərbidən ehtiyata buraxıldıqdan sonra döyüş pilotları mülki təyyarələrdə işləyə bilirlər? Səmalara alışmış insanların göylərdən uzaq düşməsi asan olmaz yəqin. Həm bir pilot da asan yetişmir.

– Bəli, haqlısınız. Bir pilotun yetişməsi üçün zaman, maliyyə və xeyli əmək sərf olunur. Ona görə pilot ehtiyata buraxıldıqdan sonra, onun aviasiya sahəsi üzrə digər işlə təmini məqsədəuyğundur. Bizim qurumda bu istiqamətdə işlər aparılır. Nə qədər ki, bu forma əynimizdədir, biz uçacağıq.

– Özünüzü göylərdən uzaqda təsəvvür edirsiniz?

– Sizə bir faktı deyim. Mart ayının 2-dən Türkiyədəyəm. Dekabrın 10-da Zəfər paradında iştirak etdikdən sonra dekabrın 14-də təyyarələri təyinat aerodromuna apardıq. O gündən bu yana təyyarə idarə etməmişəm. Uçan dostların arxasınca baxıb anladım ki, mən onsuz qala bilmərəm. Kənardan baxıram və özümü göylərdə təsəvvür edirəm. Darıxıram. Avtomobil sürməkdən çox təyyarə sürmək həvəsi var bizdə.

– Amma avtomobildən fərqli olaraq, təyyarənin sükanı arxasına keçmək müəyyən icazələr tələb edir…

– Bəli, çoxlu icazələr tələb olunur. Bir gün əvvəldən başlanılır icazə alınmasına. Planlar tərtib edilir, kimlər uçacaq. Həm təkcə biz deyilik. Azərbaycanda bir çox qurumlar var ki, onların da təyyarələri havaya qalxır. Ona görə təhlükəsizlik məqsədilə bir-birimizlə mütləq şəkildə əlaqələndirilirik. Səma tək bizim deyil.

– Pilotlar havaya qalxarkən uçuş uğurlu olsun deyə onları hansı sözlərlə yola salırlar?

– Bilmirəm, siz bəlkə də filmlərdə görmüsünüz. Təyyarənin texniki mütləq əlini təyyarənin qanadına sürtür. Bu, uğurlu uçuş arzulamaqdır, yazılmamış qanundur. Gələndə də böyük ruh yüksəkliyi ilə qarşılayıb, təyyarəni növbəti uçuşa hazırlayır.

– Qarabağ müharibəsi dünya hərb tarixinə yazılacaq bir planla idarə edildi, dünyanı heyran qoyduq. O anlamda, hərbi hava qüvvələrimiz yaddaqalan hansısa bir xüsusi plan həyata keçirdimi?

– Bəli. Hərbi Hava Qüvvələrimiz elə bir taktika tərtib etmişdilər ki, biz ən az itkiylə bu savaşdan qalib çıxdıq. Belə ki, döyüşlərə “Kukuruznik”lər cəlb olunmuşdular. Bunu anlamayan düşmənlər öncə gülürdülər. Halbuki, “Kukuruznik”lər qarşı tərəfin hava hücumundan müdafiə sistemlərini özünə kilidləyir, PUA-lar isə həmin sistemləri məhv edirdi. Onların sayəsində biz döyüş tapşırıqlarını rahatlıqla yerinə yetirdik və itki vermədik. Sırf o təyyarəni birinci göndərmək, düşmənin HHQ-nin yerini təyin etmək və onu başqa bir qurğuyla, döyüş sursatı ilə vurmaq taktikası ilk bizdə olub. Müharibənin ilk günündə həmin taktika ilə düşmənin HHQ-nin 50 faizini susdurduq. “Kukuruznik” havaya qalxanda düşmən radarları onu döyüş təyyarəsi bilirdi, başlayırdı ona atəş açmağa, o zaman bizim uçan aparatlarımız atəş nöqtəsinin yerini müəyyən edirdi və biz də digər sursatlarla həmin atəş nöqtələrini məhv edirdik. Çox böyük plan idi. Bizim həyatda qalmağımızda bu planı tərtib edən insanların rolu böyükdür, onlara da buradan təşəkkür etmək istəyirəm.

– Döyüşə “bu son uçuş ola bilər” düşüncəsiylə getdiyiniz anlar oldumu heç?

– Təyyarəçi psixoloji hazır olur, olmalıdır. Qarşındakı düşməndir. Düşünürdüm ki, görəsən, geri qayıdacağammı? Qorxu mütləq şəkildə hamıda var. Amma düşmənə nifrət, qisas duyğusu qorxu hissini arxa plana atmışdı. Ona görə hamımız deyirdik – ölək, amma qalib kimi ölək, tapşırığı yerinə yetirib sonra ölmək olar.

– Döyüş uçuşları nə qədər çəkirdi?

– Yerindən asılı olaraq dəyişirdi. Cəbhənin Şimal istiqamətində 30-35, Cənub istiqamətində 20-25 dəqiqə davam edirdi.

– Cənab polkovnik-leytenant, Türkiyənin Azərbaycanda dayanmış F16 təyyarələri 1 il öncə düşmən üçün göz dağı idi. Azərbaycanı sevməyənlər üçün bu bir dərdə çevrilmişdi. F16 təyyarələrini idarə etmək haqqı qazanmış pilotlarımız varmı?

– Az öncə dediyim kimi, bu, fərqli avtomobillər sürmək kimidir. Bir qədər məşqdən sonra heç bir problem qalmır.

– Peşənizin çətinliklərini bilirsiniz. Oğlunuzun hərbi pilot olmasını istəyərsiniz?

– Çox istəyərəm. Çox istəyərəm ki, böyüyüb Vətənin səmalarını qorusun. Hər kəsin bir arzusu var. Ən böyük arzumdur ki, xidmətimi davam etdirim, öz səmalarımızı öz gənclərimizə həvalə edək. Bu Vətən onlara əmanətdir. Biz qorumasaq, bunu bizim əvəzimizə kimsə etməyəcək.

İlhamə Rəsulova.

P. S. Qəhrəman pilotumuzun döyüş məharəti haqqında çoxlarımız eşidib, bilsək də onu az adam şəxsən tanıyırdı. Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbinin həyətində İsmayıl Şıxlının büstünün açılış mərasimində iştirak edən qonaqlar arasında əyləşmiş Azərbaycan qartalını geniş ictimaiyyətə tədbirdə çıxış edən “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, jurnalist Səbinə Yusif təqdim etdi. Çox təvazökar insan, geniş ictimaiyyətdə tanınmaqdan uzaq duran hərbi pilot, polkovnik-leytenant Elçin Məmmədovu həmin tədbirdən sonra geniş media orqanları tanıdı və “Qazax” Xeyriyyə İctimai Birliyinin xətti ilə onunla əlaqə saxlayaraq bu səmimi və maraqlı müsahibənin ərsəyə gətirilməsinə nail olundu.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here