VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI AZƏR YUSİFLİ

0
2333

Azər Yusifli 1994-cü il martın 28-də Ağstafa rayonunun Böyük Kəsik kəndində anadan olub. 2000-ci ildə Ağstafa rayonunun Böyük Kəsik kənd tam orta məktəbinin birinci sinfinə qəbul olmuşdur. 2011-ci ildə həmin məktəbi bitirmişdir. 2012-ci ilin aprel ayında Ağstafa Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. O, 2012-ci ilin aprel ayından 2013-cü ilin oktyabr ayına qədər Dövlət Sərhəd Xidmətinin (DSX) Sərdəd Qoşunlarının Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət eləmişdir. 2013-cü ildən isə Sərhəd Qoşunlarının Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuqu olaraq xidmətə başlamışdır.

Azər Yusifli Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyevin 4 avqust 2019-cu il tarixli 0229 nömrəli əmrinə əsasən “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” yubiley medalı ilə, 4 avqust 2019-cu il tarixli 0240 nömrəli əmrinə əsasən isə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur.
2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur. Bu barədə məlumat Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.
Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsinin (ÇHD) baş giziri olan Azər Yusifli əvvəlcə Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Azər Yusifli müharibə ərzində Sərhəd Qoşunlarının heyətində Cəbrayıl rayonunun Arazboyu yaşayış məntəqələri – Mahmudlu, Soltanlı, Əmirvarlı, Göyərçin Veysəlli, Keyxalı, Maşanlı və Hasanlının azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Oktyabr ayının 18-də isə Dövlət Sərhəd Xidmətinin apardığı hərbi əməliyyat zamanı Xudafərin Körpüləri işğaldan azad olunmuşdur.
Cəbrayıl rayonunun geniş bir hissəsinin işğaldan azad olunmasından sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Uğurlu əməliyyatlar nəticəsində qısa müddət ərzində Zəngilan rayonunun 16-dan çox yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Oktyabrın 19-dan 20-nə keçən gecə isə Zəngilan şəhəri uğrunda döyüşlər başlamışdır. Gecə saatlarında şəhər işğaldan azad olunmuşdur. Saat 04:00 radələrinə baş gizir Azər Yusifli tərəfindən Zəngilan şəhərinə 27 ildən sonra Azərbaycan bayrağı sancılmışdır.
Azər Yusifli oktyabrın 21-də Zəngilan şəhəri istiqamətində şəhid olmuşdur. Oktyabrın 22-də Ağstafa rayonunun Böyük Kəsik kəndində dəfn olunmuşdur. Şəhid Azər Yusifli nişanlı idi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən baş gizir Azər Yusifli ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Ağstafa rayonunda keçmiş Ağamalıoğlu küçəsinin adı dəyişdirilərək Vətən Müharibəsi Qəhramanı şəhid Azər Yusiflinin adına verilmişdir. Həmin küçədə Ağstafa RİH tərəfindən Şəhidin baralyefi açılmışdır.
Böyük Kəsik kəndində Azər Yusiflinin təhsil aldığı tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin adının verilməsi ilə əlaqədar olaraq Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmışdır.
Ağstafa rayonunun Böyük Kəsik kəndində Azər Yusiflinin valideynləri tərəfindən Şəhidin xatirəsinə abidə-bulaq kompleksi tikilib istifadəyə verilmişdir.
Oktyabr ayının 21-də baş gizir Azər Yusiflinin Şəhadətindən bir il keçir. “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov və İctimai Birliyin üzvləri Vətən Müharibəsi Qəhrəmanı baş gizir Azər Yusiflinin valideynlərinə, əzizlərinə, Azərbaycan xalqına baş sağlığı verir. Uca Allahdan səbr diləyirlər.

P. S. Şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğıya, şəhid Azər Yusiflinin adına küçə verilərək adını əbədiləşdirdiyinə görə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı cənab Seymur Orucova “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri adından dərin minnətdarlığımızı bildiririk.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here