Məlahət Qurbanova İstanbulda Zəfər günü münasibətilə keçirilən tədbirdə ödül aldı

0
979

Türkiyənin İstanbul şəhərində Şuşanın Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsi və Zəfər Günü ilə bağlı tədbir keçirilib.

Azərbaycan Türkiyə Evinin (ATEV) və “İpekyolu” Strateji Araşdırmalar Mərkəzi tərəfindən təşkil edilən tədbirə ATEV sədri Tənzilə Rüstəmxanlı, İraq millət vəkili Ərşad Salihi, “İpekyolu” Strateji Araşdırmalar Mərkəzi başqanı Seyfullah Türksoy, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin (AKMƏM) sədri Məlahət Qurbanova, “İnterpress.az” media qurumunun rəhbəri Toğrul Allahverdili, Azərbaycan və Türkiyədən tanınmış siyasət və ictimaiyyət nümayəndələri qatılıb.

Tədbirdə çıxış edən Tənzilə Rüstəmxanlı türk dünyasının mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edildiyi günün Zəfər Günü olaraq qeyd edilməsinin önəminə diqqət çəkib, İkinci Qarabağ Müharibəsində sərgilənən Türkiyə-Azərbaycan qardaşlığının bütün dünyaya örnək olduğunu vurğulayıb.

Qarabağ zəfərinin bütün türk dünyasının zəfəri olduğunu qeyd edən Tənzilə Rüstəmxanlı açılacaq Zəngəzur koridoru ilə böyük türk coğrafiyasının birləşəcəyini bildirib.

“Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun rəşadəti sayəsində zəfərlə yekunlaşdı. Biz meydanda savaşarkən Türkiyə bizə hər cür siyasi və mənəvi dəstəyi verdi. Bu savaş bütün dünyaya türkün gücünü göstərdi, tarixlərdən süzülüb gələn savaş ruhunun hələ də yerində olduğunu nümayiş etdirdi”, – deyə Tənzilə Rüstəmxanlı qeyd edib.

Çıxış edən digər qonaqlar da Vətən müharibəsində əldə edilmiş qələbənin bütün dünyaya görk olduğunu qeyd edib, hərb tarixinə yeni döyüş strategiyasını gətirdiyini vurğulayıblar.

Tədbirin sonunda Tənzilə Rüstəmxanlıya “İpekyolu” Strateji Araşdırmalar Mərkəzi tərəfindən “Türk Dünyasının Asenası” fəxri adı və plaketi təqdim olunub. Çıxışlardan sonra tədbir Türkiyə və Azərbaycandan tanınmış müğənnilərin iştirakı ilə ədəbi-bədii şölənlə davam edib.

Qeyd edək ki, sözügedən tədbirə fərqli ölkələrdən 400-ə yaxın şəxsin qatıldığı yüksək səviyyədə baş tutan tədbirdə Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin (AKMƏM) sədri, “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvü Məlahət xanım Qurbanovaya türk dünyasının gələcəyi naminə gördüyü işlərə görə Azərbaycan Türkiyə Evininin və “İpekyolu” Strateji Araşdırmalar Mərkəzinin adından mükafat təqdim edilib.

“Qazax” Xeyriyyə İctimi Birliyinin üzvləri adından dəyərli Məlahət xanımı təbrik edir, ona can sağlığı, fəaliyyətində və şəxsi işlərində daha böyük uğurlar arzu edirik.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here