Bu gün professor Səməd Seyidovun doğum günüdür

0
766

Bu gün “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, psixologiya elmləri doktoru, professor Səməd İsmayıl oğlu Seyidovun doğum günüdür.

Səməd Seyidov o ziyalılarımızdandır ki, Vətənini, xalqını, millətini, doğma el-obasını layiqincə təmsil etməyi, ölkəsi uğrunda mübarizə aparmağı özünün həyat amalı, iş fəaliyyətinin ayrılmaz tərkib hissəsi hesab edir. Məhz bu səbəbdən Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri kimi bütün beynəlxalq tədbirlərdə, keçirilən görüşlərdə qılıncdan iti olan dəyərli sözləri, çıxışları ilə ölkəmizin ünvanına böhtan atan dövlətlərin, mənfur düşmənimiz olan ermənilərin layiqli cavabını verir, onlara yerlərini göstərərək kim olduqlarını bir daha sübut edir. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun şücaəti sayəsində qalib olan Azərbaycanın haqq səsini beynəlxalq kürsülərdə bütün dünyaya daha gur səslə çatdırmaq üçün gecə-gündüz bilmədən çalışır, bu sahədə uğurlara imza atır.

Bu gün 58 yaşını qalib ölkənin vətəndaşı olaraq qeyd edən millət vəkilimizi “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri və Qazax mahalının ziyalıları adından səmimi-qəlbdən təbrik edirik. Ürəyi Qazaxla döyünən, hər zaman qazaxlıların, şəhid ailələrinin, qazilərimizin, qayğıya ehtiyacı olan insanların yanında olan millət vəkilimizə cansağlığı arzulayırıq. Müstəqil Azərbaycanımızın çiçəklənməsi naminə həyata keçirəcəyi bütün işlərdə daim uğurlar, nailiyyətlər qazanmasını diləyirik.

P.S. Səməd Seyidov 1964-cü il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. 1981-1986-cı illərdə Leninqrad Dövlət Universitetinin (indiki Sankt-Peterburq Dövlət Universiteti) Psixologiya fakültəsində təhsil almışdır.

1986-cı ildə Leninqrad Dövlət Universitetinin psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1989-cu ildə Leninqrad Dövlət Universitetində elmlər namizədliyi üzrə dissertasiya müdafiə edərək psixologiya elmləri namizədi elmi dərəcəsi almışdır.

1986-cı ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır.

1994-cü ildə Psixologiya elmləri doktoru elmi dərəcəsini almış və daha sonra professor elmi adına yüksəlmişdir.

1998-2000-ci illərdə Azərbaycanın təhsil sistemini Avropa Şurasında təmsil etmişdir.

1999-cu ildən Azərbaycan Dillər Univesitetinin psixologiya kafedrasının professorudur.

1994-2000-ci illərdə Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində işləmişdir.

2000-ci ildən 2015-ci ilədək Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsində işləmişdir. Rektor olduğu dövrdə müxtəlif Avropa, Amerika, Asiya ölkələrinin mərkəzlərini Azərbaycan Dillər Universitetində təsis etmiş, tələbələrin həmin ölkələrin mədəniyyəti, dili, təhsili ilə yaxından tanış olmaları üçün şərait yaratmışdır. Səməd Seyidov həmçinin müxtəlif ölkələrin qabaqcıl universitetləri ilə tələbə mübadiləsi proqramını da uğurla həyata keçirmişdir.

İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

2000-ci ildən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədridir. Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Səməd Seyidov ABŞ konqresmenləri və senatorları, həmçinin dövlət nümayəndələri ilə müntəzəm olaraq əlaqə yaratmaqla, həm xaricdə, həm də Azərbaycanda görüşlər keçirdərək Azərbaycan haqqında, ölkəmizin problemləri və nəaliyyətləri haqqında, aparılan uğurlu islahatlar haqqında onlarda fikir formalaşdırmağa nail olmuşdur.

Azərbaycan Dillər Universitetinin rektoru (2000-2015), Beynəlxalq Psixoloqlar Assosiasiyasının üzvüdür.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini, 2003-cü ildən isə AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəridir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərlik etdiyi AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin həyata keçirdiyi uğurlu fəaliyyəti layiqincə davam etdirmişdir. Avropada Azərbaycanın maraqlarını, bizə dost və qardaş olan ölkələrin maraqlarını ən yüksək şəkildə müdafiə etdiyini öz çıxış və bəyanatlarında, beynəlxalq aləmdəki fəaliyyəti ilə dəfələrlə sübut etmişdir.

2003-2005, 2007-2009, 2011-2013 Avropa Şurası Parlament Assambleyasında vitse-prezident və Büronun üzvü olmuşdur. 2018-ci ildən Avropa Şurası Parlament Assambleyasının vitse-prezidentidir.

2016-cı ildən Siyasi Psixologiya Mərkəzi İctimai Birliyinin direktorudur.

Təltif və mükafatlarına nəzər salsaq dəyərli ziyalımızın xalqımız, dövlətimiz üçün gördüyü işləri aydın şəkildə görmək olar.

2011-ci ildə Azərbaycanla Fransa arasında əlaqələrin inkişafındakı müastəsna roluna görə Fransanın “Fəxri legionun kavaleri” rütbəsi ilə təltif edilmişdir.

2014-cü ildə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto professor Səməd Seyidova Azərbaycan və Macarıstan arasında ikitərəfli əməkdaşlıqda göstərdiyi xidmətlərə görə, universitetdə macar dili və mədəniyyətinin tədrisinin həyata keçirilməsi ilə bu əlaqələrə verdiyi töhfə və AŞPA-da bu əlaqələrin inkişafı yönündə fəaliyyətinə görə Macarıstan Prezidentinin fərmanı ilə döş nişanı və ordeni təqdim etmişdir.

2014-cü ildə Ərəb dilinin inkişafı və təbliğində göstərdiyi xidmətlərinə görə Misir Ali Təhsil Nazirliyi tərəfindən medalla təltif olunmuşdur. 2018-ci ildə “Diplomatik Xidmət Orqanlarının 100 illik yubiley medalı”, 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif edilmişdir.

Müasir dövrün tələbləri səviyyəsində yazılmış 150-dən çox elmi əsər, dərslik, dərs vəsaiti və monoqrafiyanın, həmçinin psixologiya dərsliyinin, “Menecment psixologiyası”, “Yaradıcılığın fenomenologiyası” və s. kitabların da müəllifidir.

Azərbaycan, rus, ingilis və fransız dillərini bilir.

Evlidir, 2 övladı var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here