Misralarını süngüyə çevirən Vətən qızı

0
568

Bu yaxınlarda 60 yaşın astanasında görünən Zərəngiz Dəmirçi Qayalı xanımın mübarək adını 6 il öncə professor Babək Qurbanovdan duymaq şərəfinə nail oldum. Yeni məlumatlarla dolu zəngin fikirlərlə əhatələnmiş elmi məqalələrini hər zaman Zərəngiz xanıma göndərməklə Azərbaycanda yayımlada bilirdi Babək müəllim. Hələ tanımadığım bu xanıma Babək müəllimin öz məqalələrinin yayımını etibar etməsi mənim diqqətimi çəkdi. Babək müəllimin gözləri, düşüncəsi, fikirləri ilə Zərəngiz xanımı özüm üçün kəşf etmiş oldum.

Zaman içərisində həqiqətən böyük bir ürəyə sahib, qəlbi Türk dünyasına sığmayan Həcər qeyrətli, Nigar ismətli əsil azərbaycanlı ziyalı xanım, Babək müəllimin elmi əsərlərinin Azərbaycanda yayılmasında təmənnasız xidməti ilə gözlərimdə yüksəldi, qəlbimdə Avey, Göyəzən, Qoşqar, Kəpəz dağı kimi əzəmətli görünüşü ilə məskən saldı. Zərəngiz xanım indiyədək nə yazdısa, doğru yazdı, nə dedisə, doğru dedi. Doğruluqdan, düzlükdən bir addımda ayrılmadı. Qəlbi, ruhu ilə bu insani dəyərlərə bağlı qalaraq sədaqətli olduğunu şeirlərində yana-yana, qana-qana, ana-ana dilə gətirərək ərənlərimizi yaşatdı poetik misraların gücüylə. Namusla, ismətlə, qeyrətlə, cəsarətlə xidmət etdi Azərbaycan poeziyamıza.

Zərəngiz xanım həyatı boyu bir-birindən dəyərli əsərlər ortaya qoyub  xalqımız üçün. Ruhu böyük, qələmi güclü olanlar Allahın sevdiyi bəndələrdir ki, bütün bu dəyərlər Zərəngiz xanımın yaradıcılığında aydın görünür. Sözün dəyərini, qiymətini anlayan, məna yüklü kəlmələrin yerini-yatağını biləndir Zərəngiz xanım. Buna görə də hər fikirə ehtiyatla yanaşır, zərif ilmələrlə xalı toxuyur sanki. Ona görə də duyan könüllər dünyasına doğmadır Zərəngiz Qayalı poeziyası.

Onun yaradıcılığı məhdudluqdan uzaq, millilik ruhunu yaşadan poetik incilərlə zəngindir, bugünümüz və gələcək nəsillərimiz üçün qiymətli töhfələrdir. Mərhaba deyirəm bu amala, bu ülvi xidmətə! İnsanı yaşadan da bu amal, bu xoş niyyət, bu saf arzudur ki, Zərəngiz xanımın yaradıcılığında öz əksini tapır. Gah şair, gah nasir kimi qələmə alır fikirlərini, gah da ziyalılıq prinsiplərini öz şəxsi həyatında, cismində, canında yaşadaraq ifadə edir Zərəngiz Dəmirçi Qayalı. Eşq olsun Azərbaycanımızın bu qeyrətli, namusli, halallıqdan mayası yoğrulmuş vətən övladına! Məqalələrində elmilik yüksək səviyyədədir, bu yazılarında da sanki poetik xarakterli misralar oxuyuruq.

Mənim nəzərimdə,xalqın xoşbəxtliyini görmək istəyən, xoş məramla yaşayan bir insan obrazıdır Zərəngiz xanım.İnsanlarımızın xoşbəxtliyi onun sevinci deməkdir. Buna görə də Zərəngiz xanımın imzasının önündə Xəlqilik, Vətənpərvərlik gəlir.Çünki təbiəti, məfkurəsi məhz belədir Zərəngiz Qayalının. Poeziyamızın sıravi əsgəri kimi görünsə də, yazılarında oxucularını yönəldir, onlara ruh verir, həvəsləndirir, cəsarətləndirir. Zərəngiz xanımın yaradıcılığı, şeirləri, məqalələri aydınlıq yayır. Onun yaşam və yaradıcılıq yolu Haqq yoluna calanan inam yoludur, xoşbəxtliyə, bəxtəvərliyə gedən uğurlu bir səfərdir. Hər bir şeirinin dərinliyindəincə mətləblər yatır, onu anlayan həssas oxucuların düşüncəsinə, iç dünyasına işıq salır bu mətləblər. Azərbaycanımızın 44 günlük Qarabağ zəfərində Zərəngiz xanımın da əməyi, payı var. Çünki misralarını, sətirlərini, yazılarını süngüyə, gülləyə çevirib düşmənə doğru yağdıranlarımızdan biri oldu bu nəcib xanım. Onun vətənpərvərlik ruhunda yazdığı şeirləri ötən il “zəfər Sədası” adıyla Türkiyədə İKSAD Yayınevi tərəfindən yayımlandı və rəğbət doğurdu.

Dəyərli Zərəngiz xanım, bilirəm ki, bu geniş yaradıcılığınız Sizə çoxsayda mükafatlar qazandırıb. Mənim nəzərimdə, bu mükafatların ən başında Allahın bəxş etdiyi şairlik istedadı dayanır ki, bu dünyaya gəlişinizlə birgə bu müqəddəs ödülə layiq görülmüsünüz! Bugünlərdə Sizin əlamətdar 60 illik yubileyiniz ərəfəsindəyik. Çox sevinirik ki, Zərəngiz Dəmirçi Qayalı adında pak təbiətli şairimiz, yazarımız vardır. Təbrik edirəm yubileyinizi! Hələ neçə poeziya çələnginizi, yeni-yeni kitablarınızı görmək, oxumaq arzusu ilə, Sizə bol-bol yaradıcılıq uğurları diləyirəm, ey qeyrətli, istedadlı Vətən qızı!

İlqar CƏMİLOĞLU İMAMVERDİYEV
Sənətşünaslıq elmləri doktoru, professor, Bakı Musiqi Akademiyasının və Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının müəllimi

18.01.2022

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here