Fevral ayının 27-də Sabunçu Rayon Gənclər Evində Vətən Müharibəsi Şəhidi, tağım komandiri (döyüşdə 4 tanka rəhbərlik etmiş) leytenant şair Murad Nağıyevin həyatından, döyüş yolundan və şeirlərindən bəhs edən MURAD kitabının təqdimatı keçirildi.
Hərb elminin sirlərinə yiyələnmiş Murad həm də şair idi. Onun Azərbaycan və türk dillərində yazdığı şeirləri müxtəlif ədəbiyyat çevrələrində bəyənilib, qardaş ölkə Türkiyədə “Kardeş Kalemler” jurnalında və Ədəbiyyat qəzetində dərc olunub.
Kitabın tərtibatçıları Şəhidin qardaşları və yaxın qohumları bu kitabın işıq üzü görməsini Muradın ruhuna ən dəyərli hədiyyə kimi qiymətləndirirlər. “MURAD” kitabının redaktoru Əli Kərim adına Sumqayıt poeziya evinin müdiri, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, şair, tərcüməçi İbrahim İlyaslıdır.
Tədbirdə Şəhid anaları, Qazilər, Şəhidin döyüş yoldaşları, millət vəkilləri, ziyalılar, ictimaiyyət və media nümayəndələri, Şəhidin ailə üzvləri iştirak edirdilər. Çıxış edənlər Leytenant Murad Nağıyevin qəhrəmanlığından qürurla söz açdılar. Murad Nağıyev üstün zəkası və riyaziyyatdan yüksək nəticələr göstərdiyinə görə müəllimləri tərəfindən “riyaziyyat dahisi” adlandırılmışdır.
Qeyd edək ki, Qazax və Ağstafadan olan Şəhidlər haqqında “Qazax” Xeyriyyə İctimai Birliyi tərəfindən filmlər çəkilir. Ötən il İctimai Birlik tərəfindən Şəhid leytenant Murad Nağıyev haqqında da film çəkilib. İctimai Birliyin üzvləri Şəhidimizin ailəsini ziyarət ediblər. Murad Nağıyev İkinci Fəxri xiyabanda uyuyur. “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri Muradın məzarını ziyarət ediblər. Şəhidlərin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. MURAD kitabının tədqimat mərasiminə “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri də qatılmışdılar. Təqdimat mərasimində “Qazax” Xeyriyyə İctimai Birliyi adından ehtiyatda olan polis polkovniki, Birinci Qarabağ döyüşlərinin iştirakçısı, Müharibə Veteranı Müzəffər Süleymanov çıxış etdi:
“Hörmətli tədbir iştirakçıları, Şəhid ailələri, Qazilər, hər birinizi “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, xalqımızın qeyrətli oğlu professor İlham Pirməmmədovun adından salamlayıram. Bu gün İlham Pirməmmədov tədbirdə iştirak edəcəkdi. Lakin çox üzrlü səbəbdən tədbirə gələ bilmədi. Bu günkü unudulmaz tədbir gününə uğurlar arzuladı, Şəhidlərimizə Uca Allahdan rəhmət dilədi. “Qazax” Xeriyyə İctimai Birliyinin dəyərli üzvləri Hacı Zaməddin Ziyadoğlu, Rafail İncəyurd, Sultanxanım Nəsibova, İlhamə Qəsəbova, Səbinə Yusif, Sarvan Musayev bu gün tədbirdə iştirak edirlər. Mən də Müharibə Veteranıyam. Belə bir möhtəşəm tədbirdə iştirak etdiyim üçün çox qürur duyuram. Mənə də söz verdiyiniz üçün sizə təşəkkür edirəm. Bir neçə kəlmə “Qazax” Xeyriyyə İctimai Birliyinin Vətən Müharibəsi başlayan gündən bu günə kimi gördüyü işlərdən danışmaq istəyirəm. Vətən Müharibəsi başlayan ilk gündən “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədovun rəhbərliyi ilə daim ön cəbhəyə yardım göndərildi. Generatorlar, ərzaqlar, odun, odun sobaları, cəbhə üçün, əsgər üçün zəruri olan nə vardısa biz onu qarşılamğa çalışdıq. Orduya dəstək olmağı özümüzə şərəf bildik. İctimai Birliyin üzvləri Şəhid dəfnlərində iştirak etdilər. Onların əziz xatirəsinə əklil göndərildi. Müharibə bitdikdən sonra Qazax və Ağstafa rayonlarından olan Şəhidlər haqqında filmlər çəkilməyə başladı. Həmçinin Bakıda və digər şəhərlərdə yaşayan qazaxlı şəhidləri də unutmadıq. Onların ailələrini də ziyarət edib, onlar haqqında da filmlər araya-ərsəyə gətirildi. Onlardan leytenant Teymur Abbasov, könüllü döyüşçü Əlizamin Mustafalı, bu gün xaitrəsinin işığına toplaşdığımız Leytenant Murad Nağıyevin ailəsi İctimai Birliyin üzvləri tərəfindən ziyarət olunub. Eləcə də Qazilərimizə diqqət və qayğı göstərilir. Ehtiyacı olan qazi evlərinə qaz, işıq çəkilməsinə, evinin təmir olunmasına, mebellə təmin olunmasına, müalicələrinə, bank borclarına köməklik göstərilib və bu gün də bu işlər davam etdirilir. Şəhid kitablarının işıq üzü görməsində, Şəhid bulaqlarının inşasında, Şəhidlər haqqında keçirilən tədbirlərin təşkilatçılığında “Qazax” Xeyriyyə İctimai Birliyi bütün imkanlarını səfərbər edir. Təbii ki, bunlar hamısı elimizin dəyərli ağsaqqalı İlham Pirməmmədovun rəhbərliyi ilə həyata keçirilir. Şəhid ailələrinin, Qazilərin, Müharibə iştirakçıların, bizim Qəhrəman oğulların maddi təminatının yaxşılaşdırılması məqsədilə onların ailə üzvlərinin işlə təmin olunmasına köməklik göstərilir. Mən arzu edərdim ki, ancaq “Qazax” Xeyriyyə İctimai Birliyinin rəhbərliyi, üzvləri yox, bütün qəsəbələrdə, kəndlərdə, böyük şəhərlərdə Şəhid ailələrinə, Qazilərə yüksək diqqət, qayğı göstərilsin.
Hörmətli tədbir iştirakçıları, bütün çıxış edənləri – ziyalıları,millət vəkillərini diqqətlə dinlədim. 23 il ömür sürmüş bir igidimizin haqqında nə qədər xoş xatirələr danışdılar. 23 yaşlı igidimiz özündən sonra nə qədər xoş xatirələr qoyub getdi. Mən də leytenant olanda həmişə düşünmüşəm ki, yüksək rütbə alım. O cümlədən bizim Murad balamız da leytenant rütbəsini taxanda o da general olmağı arzuladı. Ancaq o generaldan da yüksək ali rütbəyə – Şəhidlik zirvəsinə ucaldı. Bizim generalımız, Milli Qəhraman Polad Həşimov da Şəhid oldu. Leytenant Murad balamız da Şəhid oldu. Hər ikisi tarix yazdı. Bütün Şəhidlər tarix yazdılar.
Hörmətli tədbir iştirakçıları, o qanlı-qadalı günləri mən də görməsəydim, o acı həyatı mən də yaşamasaydım, polkovnik yoldaşlarım gözlərim qarşısında can verməsəydi, onları öz əllərimlə dəfn etməsəydim bəlkə də mən müharibənin insanlara verdiyi acıları çox anlaya bilməzdim. Mən Xavər xanımın əllərindən öpürəm. Şəhid analarının hər birinin əllərindən öpürəm. O anaların nələr çəkdiyini mən bilirəm. Hörmətli Qazilərimiz, öpürəm sizləri, var olun. O həyatı mən yaşamışam, o günləri mən görmüşəm. Mən fəxr edirəm ki, bu gün burada tək polis polkovniki kimi yox, həm də Müharibə Veteranı kimi çıxış edirəm. Mən əminəm ki, tarix yazan Muradlarımız tarix boyu yaşayacaqlar. Bu mütləqdir! Bizim xalqımız dünən möhtərəm Prezidentimiz başda olmaqla Xocalı faciəsinin 30 illiyini qeyd etdilər. Şüarlar yazılmışdı hər yerdə: Xocalıya ədalət! 30 ildə Xocalıya ədalət oldumu? Olmadı! Heç gözləmirik də. Hörmətli millət vəkilimiz Fazil Mustafa Ukraynada baş verənləri qeyd etdi. Xalqımızın birliyi mütləqdir. Ədaləti özümüz qurmalıyıq. Mübariz olmalıyıq. Heç kimdən nəsə gözləməməliyik. Xocalı faciəsində bir gecədə 613 nəfər – 6 aylıq körpə, 90 yaşında qoca, hamilə gəlinlər, dinc əhali heç nəyin qurbanı oldu. Yüzlərlə itkin düşən həmvətənlərimiz oldu. Minlərlə insan əsir götürüldü. Yaxşı ki, 44 gündə bizim Müzəffər Ali Baş Komandanımız və Müzəffər Ordumuz onların hər birinin qisasını aldılar.Əgər elə olmasaydı xanımları əsir olmuş bir millət heç vaxt xoşbəxt yaşaya bilməzdi. 44 gündə bizim cəngavər, seçilmiş oğullarımız 30 ilin qisasını aldı. Şəhidlər hamısı seçilmişlərdir. Eşq olsun o analara ki, qəhrəman oğullar doğublar.
Cəbrayıl rayonundan Ukraynaya yaşamaq üçün gedən bir ailənin üç üzvü həlak oldu. Onlar Ukraynaya yaşamaq üçün getmişdilər. Bu talelərdir. Çox hörmətli Şəhid anaları siz qürur duyun. Düzdü təsəlli ilə heç nə düzəlmir. Təsəlli vermək çox çətindir. O həyatı yaşamaq çox çətindir. Onu o adamlar başa düşür ki, o adamlar Şəhid verib, ailələrində Qazi var, əzizləri müharibədə iştirak edib. Ancaq bu ağrı-acı nə qədər çətin olsa da, qürurvericidir. Heç vaxt Şəhidlər ölməz. Bu mümkün deyil. Nə qədər ki, Azərbaycan xalqı var Şəhidlər unudulmayacaq. Murad kitabının tərtibatçılarına çox təşəkkür edirəm. Düzdür, kitabla yeni tanış olduq. Hamısını oxumasaq da, artıq Qəhrəmana yazılmış kitab haqqında qısa da olsa məlumatımız var. İcazənizlə igidimizin özünün yazdığı iki misranı diqqətinizə çatdırım:
Bir tərəfdə ana Vətən,
Bir tərəfdə yarım qalıb.
Bizim igid balamız anasından da, qardaşlarından da, əzizlərindən də, yarından da keçib, tək Vətəni seçdi. Biz də müharibəyə gedəndə bilmirdik sağ qayıdacağıq. Ağdərə döyüşündə mənim sağ qalmağım bir möcüzə idi. “Ölsək Şəhidlər xiyabanında dəfn edərsiniz” sözünü ilk dəfə mən demişəm. İlk polis zabiti kimi döyüşə atılan mən olmuşam.Mənim çağırışıma altı nəfər polis zabiti qoşulub, sonra respublikadan qırx nəfər polis zabiti döyüşə getmişik. O vaxtlar Qazaxın yeddi kəndi işğal olunmuşdu. Qazax rayonunun Kəmərli kəndinin torpaqları 80-ci illərdə düşmənə verilmişdi. Biz bu hadisələrə biganə qala bilməzdik.
O cümlədən mən bu gün hörmətli millət vəkillərimizin burada iştirakını nəzərə alaraq diqqətinizə çatdırmaq istəyirəm ki,sosial şəbəkələrdə Şəhid analarının məmurlar tərəfindən, əsasən yerlərdə icra strukturları tərəfindən qeyri-etik qaydada qəbul olunması, yaxud da sənin övladın mənə görə Şəhid olmayıb deyilməsi, və yaxud da hörmətli Qazilərimizə olan biganəlik bu nə dərəcədə doğrudur? Məmurlar başını hara qoyub ki, onlar Şəhid analarına belə xoşagəlməz ifadələr işlədir? Əgər Şəhidlər olmasaydı, Qazilər olmasaydı o məmurlar bu gün isti otaqlarda rahat otura bilərdilərmi? Ona görə də hörmətli millət vəkillərimizdən xahiş edirik, bu məsələlərə həssas yanaşılsın.
Murad və bütün Şəhidlər bizim fəxrimizdir. Onlar bizim Zəfər tariximizə imza atan qəhrəmanlardır. Nə qədər ki, Azərbaycan xalqı var, Türk dünyası var Şəhidlərimiz yaşayacaq. Şəhidlər ölmür. Daim diri olan Şəhidlərimizin hər birinə salam olsun.
Dünya durduqca sənin özün də, şeirlərin də, qəhrəmanlığın da yaşayacaq, cənab leytenant. Hörmətli tədbir iştirakçıları, bir daha hər birinizə təşəkkür edirəm. Diqqətiniz üçün çox sağ olun.”
Murad Nağıyev 1997-ci il fevralın 9-da Qazax rayonunda anadan olub. O, uşaq yaşlarında ailəsi ilə birgə Bakı şəhərinə köçüb. 2003-2011-ci illərdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 271 nömrəli tam orta məktəbdə təhsil alıb. 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarında iştirak edib və burada yüksək nəticə göstərdiyinə görə İstanbulda Kuleli Hərbi Liseyinə seçilib. 2015-ci ildə həmin liseyi uğurla başa vurub və Ankarada Quru Qoşunları Məktəbinə daxil olub. Murad Nağıyev 2016-cı ildə Azərbaycana qayıdıb və təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) davam etdirib. O, 2020-ci ildə oradan tank bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi ixtisası üzrə məzun olub. Subay idi.
Murad Nağıyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsi ilə tank taborunda tağım komandiri, tank komandiri olaraq xidmət edirdi.
Azərbaycan Ordusunun leytenantı olan Murad Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan və Hadrut istiqamətlərindəki döyüşlərdə vuruşub. Müharibənin ilk dəqiqələrində Kənd Horadizin azad edilməsində, həmçinin Ermənistan ordusunun strateji obyektlərinin, zirehli texnikasının və canlı qüvvəsinin məhv edilməsi və qənimət götürülməsi zamanı fərqlənib. Murad Nağıyev oktyabrın 11-də Cəbrayıl rayonu istiqamətində şəhid olub. Onun şəhid olduğu ərazi 8 gündən sonra tam nəzarətə götürülə bilib və o, oktyabrın 20-də II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Nağıyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Nağıyev ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Həmçinin tədbirdə Muradın sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.