El üçün yaşanan ömür, Vətən üçün döyünən ürək – İlham Pirməmmədov – 67

0
1589

Qədim yunan filosofu Miletli Fales yazırdı ki, əgər su həm buxar, həm maye, həm də bərk halda olursa deməli bütün varlıqların təməli sudan başlayır. Yəni onun fəlsəfi hipotezinə görə hərəkət edən hərəkət etdiriləndən ayrılmayırsa deməli bütün həyat sudan yaranmışdır.

Böyük Falesin bu hipotezinin elmi və fəlsəfi izahına toxunmaq fikrində deyiləm. Sadəcə haqqında bəhs edəcəyim ləyaqətli insanın əməl məktəbi ilə böyük filosofun fəlsəfi təsbitini müqayisə edəcəm.

Öncə bu ləyaqətli insan haqqında məlumat vermək istərdim. Ömrünü, şüurlu həyatını yaxşı əməllərə, gözəl işlərə, xeyirxah missiyalara həsr etmiş riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov adını eşitmək kifayətdir ki, onun haqqında xoş təsüratların gerisini özün sadalayasan. Yəni azacıq təhsildən, dünyanın gedişindən anlayışı, qavrayışı olan arif oxucu üçün tərcümeyi-halın gerisini oxumağa ehtiyac qalmır. Çünki İlham Pirməmmədov şəxsiyyətini tərcümeyi-halı ilə deyil, tərcümeyi-halını şəxsiyyəti ilə tanıtmağı bacarmış nadir insanlardan biridir. Fales həyat mənbəyini suda gördüyü kimi mənim yazımın qəhrəmanı da hər zaman həyatın yaxşılıqlardan xəlq olunduğunu söyləyir. İlham müəllimin fikrinə görə yaxşılıq edən də, yaxşılıq edilən də uca Allah tərəfindən yaradıldığı üçün dünya yaxşılıqlar üzərində qurulmalıdır. Məhz ona görə də İlham Pirməmmədovun ömür yolu yaxşı əməllər çırağı kimi hər zaman işıq saçır, yol göstərir.

18 aprel 1955-ci ildə ulu Qazağın Daş Salahlı kəndində Teymur kişi ilə Həvva xanımın ocağında bir oğlan uşağı dünyaya gəlir. Teymur kişi oğlunun adını İlham qoyur. Qədim inanclardan birində deyilir ki, ad insanın yolunu da müəyyən edir. İlham adının mənası Allah tərəfindən insanın könlünə ötürülən gözəllik deməkdirsə gerisinə el ağsaqqalı İlham Pirməmmədovun 67 illik ömür yoluna baxmaqımız kifayət edər ki, fikrimin təsdiqini görəsiz.

Tanınmış təhsil işçisi, görkəmli alim və ictimai xadim, riyaziyyat üzrə elmlər doktoru, professor İlham Pirməmmədov 1998-2013-cü illərdə Təhsil Nazirliyində aparat rəhbəri, 2013-2016-cı illərdə Təhsil nazirinin müşaviri, 2016-2021-ci illərdə Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektoru kimi məsul vəzifələrdə şərəflə çalışmış, 2021-ci ildən Azərbaycan Texniki Universiteti rektorunun müşaviri vəzifəsində öz əmək fəaliyyətini ləyaqətlə davam etdirir. O, səmərəli pedaqoji fəaliyyətinə görə “Əməkdar müəllim” (2005), təhsil sahəsindəki xidmətlərinə görə “Qabaqcıl təhsil işçisi” (2015) fəxri adları ilə təltif olunmuşdur.

Qeyd edilənlər İlham müəllimi təhsil qurucusu, pedaqoq-təşkilatçı, alim kimi tanıdan şərəfli tarixçədir. İlham Pirməmmədov çalışdığı bütün vəzifələrdə hər zaman öz yaxşılıq missiyasını əməlində sərgiləmiş və ölkənin dörd bir yanında təhsil sahəsində çalışan insanların rəğbət və sevgisini qazanmışdır. Xüsusilə o doğulub, boya-başa çatdığı Qazax mahalının insanlarını daha yaxından tanıdığı üçün onların problemlərinin həllində yanlarında olmuşdur. Məhz İlham Pirməmmədovun bu cür ali dəyərləri lap cavan yaşlarından onun çiyinlərinə el-oba təssübünü, dövlətə, millətə sədaqətlik bağlarını biçmişdir. O, hər zaman bu missiyanı şərəflə daşıyaraq əsl ləyaqətli vətəndaş kimi dövlətinin yanında olmuşdur. Onun “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri seçilməsi də Qazax-Ağstafa mahalının qədirbilən insanlarının istək və arzularının ifadəsi idi.

“Qazax” Xeyriyyə İctimai Birliyi 1990-cı ildən fəaliyyət göstərən, sıralarında yüzlərlə alim, müəllim, ziyalı, sənətkar, iş adamı və sadə insanları birləşdirən ictimai təşkilatdır. 1990-cı illərdə Qazax və Ağstafa rayonlarının  sərhəd kəndlərinin erməni silahlılarının atəşinə məruz qaldıqları bir zamanlarda Cəmiyyətin üzvləri tez-tez sərhəd kəndlərində olur, ianə şəklində toplanmış vəsait hesabına döyüşən ordu üçün ərzaq, isti geyim, hətta o vaxtlar rus ordusundan pulla aldıqları silah və sursat verirdilər.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda hər sahədə uğurlu dönüş yarandıqdan sonra  “Qazax” Xeyriyyə Cəmiyyətinin də fəaliyyəti mədəni və sosial tədbirlərin həyata keçirilməsi istiqamətində şaxələndi.

“Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində hər zaman aktiv iştirak edən, professor İlham Pirməmmədov tanınmış alimlərin, şair və yazıçıların, sənətkarların yubiley və anım tədbirlərinin keçirilməsində yaxından iştirak edib. 2017-ci ildən sonra isə “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri seçilməsindən sonra gördüyü işlər həm miqyasına və də keyfiyyətinə görə mükəmməl və təqdirəlayiq şəkildə icra edilir.

Akademik Teymur Bünyadovun, Xalq şairi Nəriman Həsənzadənin, akademik Nizami Cəfərovun, Əməkdar incəsənət xadimi, tanınmış yazar Vidadi Babanlının yubiley tədbirlərinin təntənəli şəkildə keçirilməsi İlham müəllimin dəyərə verdiyi dəyərin göstəricisi olub. Aşıq Ədalətin vida mərasiminin təşkili, onun möhtəşəm qəbirüstü abidəsinin qurulması da məhz bu böyük təşkilatçı, xeyirxah insanın əməlləri sırasında heykəlləşdi.

Hər il Novruz bayramı günü İctimai Birliyin üzvləri və qonaqlarla birlikdə Fəxri Xiyabana gedərək Xalq şairi Səməd Vurğunun, Xalq yazıçısı Mehdi Hüseynin, Xalq yazıçısı İsmayıl Şıxlının, Xalq yazıçısı Yusif Səmədoğlunun, Xalq şairi Vaqif Səmədoğlunun, Xalq yazıçısı İsa Hüseynovun, dövlət xadimi Mövsüm Poladovun məzarlarını ziyarət edib, üzərinə səməni, gül-çiçək çələngi qoyub böyük Səməd Vurğunun məzarı başında da tədbir keçirmək artıq ənənə halını almlışdır ki, bu dəyərli işin də müəllifi məhz İlham Pirməmmədov olmuşdur.

İlham Pirməmmədov həmişə el-oba təəssübünü çəkən bir insan olduğundan “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri seçildikdən sonra onun məsuliyyət hissi daha da artmış oldu. Misal olaraq 2020-ci ildə dünyada qəflətən baş verən və bu gün də davam edən koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışına həmən qoşularaq “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri İlham Pirməmmədov Qazax və Ağstafa rayonlarından olan iş adamlarına və Qazax mahalının ziyalılarına müraciət ünvanladı.

Müraciətdən qısa müddət sonra “Qazax” Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı və Qazax və Ağstafa rayon icra hakimiyyətləri başçılarının dəstəyi ilə Qazax və Ağstafa rayonları üzrə yüzlərlə həssas təbəqədən olan ailəyə yardım göstərilmişdir ki, bu da İctimai Birliyin üzvlərinin cənab Prezident İlham Əliyevin ətrafında necə sıx birləşdiyinə nümunədir.

27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutması ilə bağlı məlumat verdi. Bu tarixdən başlayaraq 10 noyabradək 44 gün davam edən Vətən müharibəsinin hər günü bütün Azərbaycan xalqı kimi “Qazax” Xeyriyyə İctimai Birliyinin hər bir üzvləri üçün də cəbhə ilə başlayıb cəbhə ilə davam edirdi.

“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri cəbhədə qızğın döyüşlərin getdiyi günlərdə Qazax və Ağstafa rayonlarından şəhid olmuş əsgər və zabitlərin dəfnində iştirak edib, şəhid və qazi ailələrini ziyarət etdilər. Silahlı Qüvvələrin Yardım Fondu üçün könüllü ianələrin toplanması işində, cəbhədəki əsgərlərə ərzaq, isti pal-paltar və əsgərlərin digər zəruri ehtiyaclarının qarşılamasında öz köməkliklərini göstərdilər. Ümumilikdə İctimai Birliyin üzvləri adından iki yüz min manatdan çox yardım cəbhəyə yönəldilmişdir ki, bu işlərin də təşkilatçılığını İctimai Birliyin İdarə Heyəti adından Birliyin sədri İlham Pirməmmədov təşkil etmişdi.

Təbii ki, İlham müəllim haqqında saatlarla danışsaq da onun gördüyü yaxşı işlərin sırası seyrəlməz, əksinə artar. Çünki həyat missiyası yaxşılıq və xeyirxahlıq olan insanlar haqqında danışmaq üçün daim sinə dolu olur.

Bir sözlə İlham müəllim daim insanları yaxşı əməllər ətrafında toplayaraq el-oba üçün, ölkəmiz üçün yaxşı işlər görməyə çağırmışdır. Ağsaqqal sözünü həmişə uca tutan, gənclərə qucaq açaraq dəstək olan bu mükəmməl insan heç zaman heç kimi diqqətdən kənarda saxlamayıb. Onun üçün bütün insanlar sevilən, dəyərləndiriləndir, yetər ki o insanın içində el-oba yanğısı, insanlıq sevgisi, dövlət təəssübü olsun. İlham Pirməmmədovun düşüncəsində barış, təfəkküründə sevgi, əxlaqında isə yaxşı əməllər təcəssüm olunaraq onu gənc yaşlarından müdriklik yoluna çəkmiş və bu yolda o kamil bir insan kimi ağsaqqallıq mərtəbəsinə ucalmışdır. Bəli, məhz İlham müəllimin böyüklüyü, ağsaqqallığı da onun sadəliyinə ucalıq tapıb.

Şüurlu həyatının bütün hissəsini şərəflə, namusla yaşayaraq hər zaman düzü-düz, əyrini-əyri görüb, ədaləti üstün tutan əvəzsiz şəxsiyyət “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri professor İlham Pirməmmədovu anadan olmasının 67 yaşının tamam olması münasibətilə İctimai Birliyin üzvləri adından Xalq şairi Nəriman Həsənzadə, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar Jurnalist Elçin Şıxlınski, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Azərbaycan Respublikası Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov, kontr-admiral Sübhan Bəkirov, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı mayor Nicad Bədəlov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Şəhid anaları Başxanım Abbaslı, Afət Əfəndiyeva, Xavər Məhəmmədi, Ülviyyə Nəbiyeva, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Xalq artisti Sabir Məmmədov, Xalq artisti Həmidə Ömərova, Xalq artisti Tariyel Qasımov, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar müəllim Arzu Daşdəmirov, Əməkdar jurnalist Varis Yolçuyev, Əməkdar həkim Şərif Şahməmmədov, Rusiyanın Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun lideri Şahin Şıxlinski, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, professor Məqsəd Qocamanov, professor Rüstəm Kamal, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Ramiz Göyüşov, Kamal Axundov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Nəsibov, Namiq İsmayılov, Fikrət Hacıyev, Elçin Carçıyev, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Mədət Səttarov, rəssam Nəvai Metin, rəssam Qafar Sarıvəlli, Sultanxanım Nəsibova, Solmaz Kosayeva, Məlahət Qurbanova, şairlər Məmməd Əfşan, İbrahim İlyaslı, Rafail İncəyurd, Zaməddin Həmişəyev, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, Səbinə Yusif, Ceyhun Babaşov, Əli Rəhimov, Fərhad Əyyubov, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından professor İlham Pirməmmədovu 67 yaşının tamam olması münasibətilə təbrik edir, ona can sağlığı və işlərində uğurlar arzu edirik.

Dosent Yusif Alıyev,

“Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvü

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here