Yusif Alıyev elmlər doktoru elmi dərəcəsinə layiq görülüb

0
1770

Azərbaycan Respublikasının Prezidenti yanınında Ali Attestasiya Komissiyasının (AAK) Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvü, dosent Yusif İmrayıl oğlu Alıyevə fizika elm sahəsi üzrə “Kristalloqrafiya, kristallar fizikası” ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.

Elmlər doktorluğu diplomunu 9 dekabr 2022-ci il tarixində AAK-ın Rəyasət Heyətinin iclasında AAK-ın sədri professor Famil Mustafayev təqdim etmişdir.
Qeyd edək ki, Yusif Alıyev təhsil sahəsində çalışsa da, həmçinin aktiv şəkildə elmi-tədqiqat işi ilə də məşğul olan alimlərdəndir.
Yusif Alıyev 2009-cu ildə fizika üzrə fəlsəfə doktorluğu dissertasiya işi müdafiə etmişdir.

22 iyun 2010-cu il tarixində AAK-ın qərarı ilə fəlsəfə doktoru elmi dərəcəsi, 1 aprel 2014-cü ildə AAK-ın qərarı ilə dosent elmi adı verilmişdir.
O, 2018-ci ildə AMEA-nın Fizika İnstitutunda elmlər doktorluğu səviyyəsi üzrə doktoranturaya daxil olmuş, 29 mart 2022–ci ildə “Ag və Cu əsaslı halkogenid sistemlərində fazaəmələgəlmə və quruluş faza çevrilmələri” mövzusunda dissertasiya işi müdafiə etmişdir. 28 oktyabr 2022-ci il tarixində AAK-ın Rəyasət Heyətinin qərarı ilə ona fizika elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.
Dosent Yusif Alıyev yarımkeçiricilər fizikası və kristalloqrafiya ixtisası üzrə yüzə yaxın elmi əsərin, ali məktəblər üçün 4 dərs vəsaitinin və liseylər üçün 5 metodik vəsaitin müəllifidir. Onun məqalələrindən 52-si nüfuzlu elmmetrik bazalarda indekslənmiş impakt faktorlu jurnallarda çap olunmuşdur. Əsasən gümüş və mis əsaslı binar və üçqat halkogenid birləşmələrdə kation və anion əvəzləmələri əsasında alınan kristallarda yüksək temperaturlar oblastında baş verən faza keçidlərini və quruluş tədqiqatlarını öyrənir. Elmi-tədqiqat işlərinin nəticələrinə müvafiq olaraq Almaniya, Türkiyə, Rusiya, Moldova, Yunanıstan, Özbəkistan, Polşa, Ukrayna, Gürcüstanda keçirilən beynəlxalq elmi konfranslarda çıxış etmişdir. Həmçinin dosent Yusif Alıyev bir çox beynəlxalq elmi konfransların təşkilat komitəsinin üzvü seçilmişdir.
SCOPUS elmmetrik bazasında indekslənmiş “Advanced Physical Research” beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvüdür.
Qeyd edək ki, Yusif Alıyev Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisidir. İctimai fəaliyyəti bir çox mükafat və diplomla təltif olunmuşdur. Səməd Vurğun Fondunun təqdimatı ilə 2013-cü ildə Səməd Vurğun mükafatı ilə təltif edilmişdir. O, “Qazax” Xeyriyyə İctimai Birliyinin həyata keçirdiyi tədbirlərin aktiv təşkilatçısı və fəal iştirakçısıdır.

Ailəlidir, 3 oğlu var.

P. S. “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri professor İlham Pirməmmədov İctimai Birliyin üzvləri və Qazax mahalının ziyalıları adından Yusif Alıyevi fizika elmləri doktoru elmi dərəcəsi alması münasibətilə təbrik edir, ona şəxsi həyatında və elmi fəaliyyətində uğurlar arzulayırlar.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here