8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri professor İlham Pirməmmədovun təbriki

0
285

Dəyərli analar, bacılar və xanımlar!

Bu gün Sizlərin sayəsində özəl bir gün, 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur. Bu günün özəlliyi Sizlərin ucalığı, aliliyi şərəfinə daha da gözəlləşib.

Türk əxlaqına, mədəniyyətinə, mənəviyyatına sahib olan Azərbaycan qadını tarixən çox şərəfli bir yol keçmişdir. Tomris xatunun qeyrəti, qətiyyəti və cəsarəti dünyada Azərbaycan xanımının ləyaqət möhrünə çevrilmişdir.

Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycanın tarixində ən qürurlu və şərəfli bir tarix yaşayırıq. Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında bu tarixi qələbəni yazan qəhrəman Azərbaycan əsgəri və qəhrəman Azərbaycan əsgərini doğub boya-başa çatdıran Azərbaycan anaları oldu. Azərbaycan anaları Dəmir Ymruq kimi Prezidentin ətrafında sıx birləşərək cəbhədə düşmənə qarşı ildırım sürəti ilə döyüşən oğullarını tarixi qələbəmizə doğru səslədi. Bu tarixi qələbəmizdə Azərbaycan qadınlarının sırasında öz mərdliyi, mətanəti ilə seçilən Qazax mahalının əzəmətli qadınlarını da xüsusi olaraq qeyd etmək istərdim. Bilirik ki, qadınların cəmiyyətdəki rolu çox ağır və çətindir. Çünki qadınlar övlad dünyaya gətirdikdən sonra onun tərbiyəsi, ailənin qayğılarını, cəmiyyətin inkişafını öz üzərinə götürür.

Bu gün “Qazax” Xeyriyyə İctimai Birliyinin sıralarında kişilərlə yanaşı qadınların sayı da çoxluq təşkil edir. Onlar İctimai Birliyin faəliyyətində, mədəni-kütləvi tədbirlərin təşkilində yaxından iştirak edirlər. “Qazax” Xeyriyyə İctimai Birliyinin hər bir üzvü Vətən müharibəsində səfərbər olaraq Prezident İlham Əliyevin ətrafında sıx birləşərək tarixi zəfərimiz naminə əlindən gələn bütün dəstəyi sərgilədi. Bu sırada xanımlarımızın əməyini xüsusi vurğulamaq istərdim. Oğulları cəbhədə düşmənə qarşı mərdliklə döyüşən Azərbaycan anaları gecə-gündüz dincəlmədən, gözünə yuxu getmədən hər gün uca Tanrıdan qəhrəman oğullarımızın sağlığı və dövlətimizin varlığı üçün dualar edirdilər. Bəli, müharibə itkisiz ötüşmür. Cəbhədə qəhrəmanlıqlar göstərərək Şəhidlik zirvəsinə ucalmış oğulların anaları misli görünməmiş dastanlar yazdılar. Həyat yoldaşları ilə birlikdə övladlarının üçrəngli Azərbaycan Bayrağına bükülmüş tabutları önünə çıxaraq onu məğrur duruşları ilə qarşılayıb ciddi və ağır laylaları ilə son mənzilə yola saldılar. Bu idi Azərbaycan xanımının qətiyyəti və ləyaqəti.

Təbii ki, bunun kökləri dərinlərə gedib çıxır. Qazax mahalında dastana çevrilmiş hərb sahəsinin qoşa qanadı hesab edilən Əli ağa Şıxlinski və Nigar xanım Şıxlinskaya birliyi, təhsilin, maarifin carçıları hesab edilən Firudin bəy Köçərli və Badisəba xanım Köçərli birliyi bu gün də ənənəvi şəkildə davam etdirilir. Bu gün də Qazax mahalının qadınları həyat yoldaşları ilə yan-yana duraraq bütün problemlərə birgə sinə gərirlər.

Bu gün Azərbaycan mədəniyyətinə, təhsilinə, elminə, ictimai həyatın inkişafına xidmət edən onlarla qadın ziyalılarımız vardır ki, onların haqqında saatlarla danışa bilərik. Azərbaycanın ilk qadın pedaqoqu Mədinə Qiyasbəylinin, ilk geoloq qadın alim Fatma Vəkilovanın, ilk azərbaycanlı qadın pianoçu Xədicə Qayıbovanın, ilk qadın Xalq şairi Mirvarid Dilbazinin, ilk azərbaycanlı qadın heykəltəraşlərdən Elmira Hüseynovanın, Azərbaycanın milli balet sənətinin əfsanəvi və klassik dühası Leyla Vəkilovanın həyata keçirdiyi tarixi missiyanı bu gün Xalq artisti Lətifə Əliyeva, Xalq artisti Həmidə Ömərova kimi onlarla alim və ziyalılarımız ləyaqətlə davam etdirir. Bu gün beynəlxalq yarışlarda, Olimpiadalarda iştirak edərək yüksək yer qazanan qız balalarımız da bu ənənənin layiqli davamçıları olaraq həmin izlə gəlirlər.

“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri bu gün dövlətimiz, dövlətçiliyimiz uğrunda cənab Prezidentimiz İlham Əliyevin ətrafında yumruq kimi sıx birləşərək istər Qazax və Ağstafa rayonlarının, istərsə də ölkəmizin bütün sahələrində şaxəli inkişafa öz töhfələrini verirlər.

Şəhid Anaları, Qazi Anaları, Əsgər Anaları başda olmaqla ölkədə və ölkədən xaricdə yaşayan Qazax Mahalının bütün qadınlarını, anaları, bacıları, qızları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri, şəxsən öz adımdan təbrik edir, onlara can sağlığı, firəvanlıq, xoşbəxtlik və uzun ömür arzulayıram.

Bu gün ölkəmizdə hər kəsin dərin hörmət və sayğı ilə sevdiyi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada tanıtmaq istiqamətində gördüyü xidmətləri həm siyasi, həm diplomatik, həm də mədəniyyət baxımından yüksək qiymətləndirilərək ona bu nəcib və ali fəaliyyətində uğurlar arzulayaraq 8 Mart – Beynəlxalq Qadınlar Gününü təbrik edirik.

Bayramınız mübarək, əziz xanımlar!

Hörmətlə, “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri professor İlham Pirməmmədov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here