Tanınmış filoloq Vilayət Hacıyev dünyasını dəyişib

0
505

Azərbaycan elminə ağır itki üz verib. Azərbaycan filoloqu, dosent, tərcüməçi, AYB-nin üzvü, həmyerlimiz Vilayət Tapdıq oğlu Hacıyev dünyasını dəyişib.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov və İctimai Birliyin üzvləri Vilayət Hacıyevin vəfatından kədərlənir, mərhumun ailə üzvlərinə, doğmalarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin.

P.S. Vilayət Tapdıq oğlu Hacıyev 1950-ci il aprelin 1-də Qazax rayonunun Sofulu kəndində anadan olub. 1966-cı ildə Qazax şəhər 1 saylı orta məktəbini bitirmiş və elə həmin ildə M.F.Axundov adına APDİ-nin Avropa Dilləri fakültəsinin alman dili şöbəsinə daxil olmuşdur. İnstitutu 1971-ci ildə bitirdikdən sonra bir il Daşkəsən rayonunda alman dili müəllimi işləmişdir. 1973-cü ildən Azərbaycan Dillər Univesitetində çalışırdı.

Vilayət Hacıyev böyük almandilli yazıçılar Erix Mariya Remark, Herman Hesse, Haynrix Böll, Stefan Svayq, Frans Kafka, Lion Feyxtvanger, Daniel Keelman və başqa müəllifləri orjinaldan dilimizə tərcümə edərək mədəniyyət xəzinəmizə böyük töhfə vermişdir.

Vilayət Hacıyev 2012-ci ildə Frans Kafkanın “Məhkəmə” romanını mükəmməl tərcümə etdiyinə görə Avstriyanın “Tərcümə Mükafatı”na, eləcə də Azərbaycan Yazıçılar Birliyinin “Tofiq Bayram” mükafatına layiq görülmüşdür. 2019-cu ildə Haynrix Böllün “Kişisiz ev” romanının Azərbaycan dilinə uğurlu tərcüməsinə görə “Qızıl Kəlmə” mükafatına layiq görülmüşdür. 2020-ci ildə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Fəxri Diplom”u ilə təltif edilmişdir.

Avstriya Federal Prezidenti Avstriyanın federal Elm, Tədqiqat və İqtisadiyyat nazirinin təqdimatı əsasında Avstriya-Azərbaycan mədəni əlaqələrinin inkişafında, Avstriya ədəbiyyatının tədqiqində və eləcə də onun Azərbaycan dilinə tərcümə işində qazandığı nailiyyətlərə görə “Avstriyanın elm və incəsənət sahəsində I dərəcəli fəxri xaç” ordeni ilə təltif edilmişdir.

Vilayət Hacıyevin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here