İkinci Şıxlı kənd tam orta məktəbin 1983-cü il məzunları görüş keçirdilər

0
285

Valeh Musayev adına Qazax rayon İkinci Şıxlı kənd tam orta məktəbinin məzunları 40 ildən sonra görüşdülər.

“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) vitse-prezidenti, ÜAK-ın Ural Dairə Şurasının sədri, Ümumdünya Azərbaycan və Türkiyə diaspor təşkilatlarının Koordinasiya Şurasının üzvü, Sverdlovsk vilayətinin qubernatoru yanında Milli məsələlər üzrə Məsləhət Şurasının üzvü Şahin Şıxlinskinin təşəbbüsü ilə iyun ayının 17-də Valeh Musayev adına Qazax rayon II-ci Şıxlı kənd tam orta məktəbinin məzunlarının (1973-1983) 40 illik yubiley görüşü keçirildi.

40 ildən sonra bir araya gələn məzunlar ilk olaraq, II-ci Şıxlı kəndində yerləşən 1-ci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş Memorial Abidə Kompleksini, Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdilər. Şəhidlərin məzarlarına əklil və gül dəstələri qoyulub, onların ruhuna dualar oxundu.

Sonra məzunlar onlara dərs deyən, elm öyrədən, dünyasını dəyişmiş müəllimlərinin, həmçinin dünyasını dəyişən sinif yoldaşlarının qəbrini ziyarət etdilər.

40 ildən sonra doğma məktəbin həyətinə qədəm qoyan məzunları 1-ci və 11-ci sinifin şagirdləri gül dəstələri ilə qarşıladılar.

Daha sonra məzunlar təhsil aldıqları sinfə daxil oldular. Parta arxasında əyləşən məzunlar ötən illərin xatirələrini bir daha yad etdilər. Sonra sinif otağına 40 il bundan öncə olduğu kimi rus dili müəlliməsi Esmiral Şıxlinskaya daxil oldu. Məzunlar müəllimlərini alqışlarla qarşılayaraq, ona gül dəstəsi təqdim etdilər. Esmiral müəllimə şagirdlərinə tədris etdiyi rus dili fənnindən dərs keçərək onları bir neçə dəqiqəlik də olsa uşaqlıq illərinə qaytardı. Esmiral müəllimə sevimli şagirdlərinə bu görüşü təşkil etdiklərinə görə öz minnətdarlığını bildirdi.

Görüşün rəsmi hissəsi məktəbin həyətində baş tutdu. Tədbiri giriş sözü ilə “Patriot tvaz” kanalının baş redaktoru Ceyhun Əliyev açdı. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Çıxış üçün ilk söz məktəbin direktoru Rauf Kazımova verildi. O, məzunları və qonaqları salamlayaraq onlara bu görüşün təşkilinə görə məktəb kollektivi adından minnətdarlığını bildirdi. Tədbir iştirakçılarına Valeh Musayev adına II-ci Şıxlı kənd tam orta məktəbinin yaranma tarixi haqqında ətraflı məlumat verdi. Daha sonra veteran müəllim Qəhrəman Binnətov, məktəbin müəllimlərindən Tünzalə Əfəndiyeva, Gülarə Qurbanova, Binnət Binnətov, Ənvərpaşa Osmanov, fəxri qonaqlardan “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri tanınmış filoloq, dilçi Mehdi Şıxlinski, BDU-nun Qazax filialının professoru Valeh Nəsibli, BDU-nun Qazax filialının baş müəllimi, müharibə veteranı Mustafa Rasimoğlu, Xalq artisti Tariyel Qasımov, Gəncə şəhər Kardioloji xəstəxanasının həkimi kardioloq, şair Rizvan Ələkbərov, II-ci Şıxlı kənd icra nümayəndəsi Natiq Qədimov, kəndin bələdiyyə sədri Fikrət Talıbov çıxış edərək, öz ürək sözlərini bölüşdülər.

“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü professor Valeh Nəsibli çıxış edərək məzunlara xoş sözlər arzuladı: “Hörmətli tədbir iştirakçıları, əziz məzunlar, hər birinizi “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədovun, İctimai Birliyin üzvlərinin adından salamlayır və 40 illik görüş münasibətilə sizləri təbrik edirəm. Bu gün bu möhtəşəm görüşdə bizimlə birlikdə İctimai Birliyin üzvləri Xalq artisti Tariyel Qasımov, şair, müharibə veteranı Mustafa Rasimoğlu, birinci Qarabağ savaşında qəhrəmanlıqlar göstərən veteranlar Topçu Ərəstun, Namiq Əliyev, Vətən Müharibəsində Şəhidlik xəbəri yayılan, möcüzə sayəsində həyata qayıdan Qazi mayor Xəyyam Əliyev, İctimai Birliyin Qazax və Ağstafa rayonları üzrə nümayəndəsi Ələddin Qarayev, “ƏSƏDOĞLU” marketlər şəbəkəsinin yaradıcısı Vüqar Kərimov da iştirak edir. Mən həmin qonaqların da adından sizləri salamlayır və təbrik edirəm. Qazax Azərbaycanın elm məbədidir. Qazaxda elm adamlarını, ziyalıları, şairləri, aşıqları saymaqla bitib-tükənməz. Onlarla bərabər Qazaxın xeyriyyəçi, səxavətli oğulları da az deyil. O insanlardan biri də “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, hamımızın fəxrimiz, bu məktəbin məzunu, Şıxlı kəndinin əziz oğlu Şahin Şıxlinskidir. Onun həm Azərbaycanda, həm də Azərbaycanın hüdudlarından kənarda gördüyü xeyriyyə işləri, Azərbaycanla bağlı keçirdiyi uğurlu tədbirlərin sədası hər birimizi sevindirir və biz ziyalılar Şahin Şıxlinski kimi səxavətli və dövlətinə, xalqına sədaqətli oğullarla daim fəxr edirik. Bu gün ömrünüzə – ömrümüzə yazılan unudulmaz günlərdəndir. Məktəbli oğlan və qızlar 40 ildən sonra müdrik insan kimi görüşür. Bu da xoşbəxtlikdir. Görüşün təşkilində əməyi keçən hər kəsə təşəkkür edirəm. Vətənimizə, mahalımıza hər zaman belə görüşlər qismət olsun. Hər birinizə uzun ömür, can sağlığı, tədbirə uğurlar arzulayıram”.

Daha sonra məzunlardan Bəhlul Ömərov, Billur Salehova, Faiq Yusifov çıxış edərək məzunları və qonaqları salamladılar. Məzunlara bu tədbiri təşkil etdiklərinə görə təşəkkürlərini bildirdilər.

Məktəbin direktor müavini Ağca İsmayılova çıxış edərək uzun illər keçməsinə baxmayaraq məktəbi, müəllimləri unutmadıqları üçün məzunlara minnətdarlığını bildirdi. Ağca İsmayılova Xalq şairi Bəxtiyar Vahabzadənin “Parta yoldaşı” şeirini söyləməklə məzunları xəyalən də olsa yenidən məktəb illərinə qaytardı.

Daha sonra söz məzunlardan Şahin Şıxlinskiyə verildi. Şahin Şıxlinski tədbir iştirakçılarını salamlayaraq, məktəbin rəhbərliyinə , onlara dərs deyən müəllimlərə , qonaqlara öz dərin minnətdarlığını bildirdi. Dünyasını dəyişən müəllimlərini, sinif yoldaşları Gülnarə Xancalıyevanı unutmadıqlarını, onların xatirəsini daim əziz tutduqlarını söyləyib, onlara Allahdan rəhmət dilədi.
O çıxışına Ümumilli Lider Heydər Əliyevin müəllimlər haqqında dediyi “Mən müəllim adından yüksək ad tanımıram” kəlamı ilə davam etdi. Ulu Öndər Heydər Əliyevin Qazaxa və Qazaxlılara verdiyi qiyməti də böyük qürur hissi ilə xatırladı: “Ulu Öndər Heydər Əliyev Qazaxa və Qazaxlılara yüksək qiymət verib: “Qazax Azərbaycanın mədəniyyət mərkəzidir. Qazax şairlər, mütəfəkkirlər yurdudur. Siz əziz Qazaxlılar! Burada həm öz torpağınızı qoruyursunuz, həm də Azərbaycanı qoruyursunuz. Siz bütün Azərbaycan xalqının dayağısınız!” Hörmətli tədbir iştirakçıları, biz xoşbəxtik ki, belə bir yurdun övladlarıyıq. Və biz də hər zaman öz işimizlə, fəaliyyətimizlə çalışmışıq ki, doğma Qazağımıza verilən qiyməti doğruldaq. Azərbaycanın adının ən yüksək tribunalarda səslənməsi üçün bir vətəndaş kimi üzərimizə düşən məsuliyyəti yerinə yetirmək üçün çalışırıq”.
Doğma vətənimiz Azərbaycan naminə diaspora fəaliyyəti yönündə yorulmaq bilmədən çalışan Şahin Şıxlinski bu gün də yüksək əzmlə, məmnunluq hissi ilə işlərini davam etdirir. Həmyerlimiz Şahin Şıxlınski hər zaman qeyd edir: “Hər bir azərbaycanlı öz ölkəsinin kiçik səfiri olmalıdır. Hər yerdə o vətəninin mənafeyini qorumalı, onun inkişafına dəstək olmalıdır. Bunun üçün hər kəsin dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz və tariximiz haqqında geniş və əsaslı bilgilərə malik olması vacibdir”.

Şahin Şıxlinski öz çıxışında bütün qazaxlıların sevincinə səbəb olacaq bir xəbəri də tədbir iştirakçılarının nəzərinə çatdırdı: “Mən bir neçə gün öncə Qazax RİH-nin başçısı cənab Rəcəb Babaşovla görüşdüm. Qazaxa gəlişimin məqsədini bildirdim. Rəcəb müəllim məni hörmətlə qarşıladı. Mən Rəcəb müəllimə yeni bir layihə haqqında ətraflı məlumat verdim. Tarixi min illiklərə söykənən Şıxlı kəndində dünyaya göz açan dahi şəxsiyyətlərin büstünün həm Azərbaycana giriş hissədə ( Gürcüstan Respublikasından), həm də Birinci Şıxlı və İkinci Şıxlı kəndlərinin kəsişməsində Abidə Kompleksinin ucaldılması təklifini irəli sürdüm. Sağ olsun, cənab Rəcəb Babaşov məni dinləyərək nəzərdə tutulan kompleksin qanun çərçivəsində həyata keçiriləcəyinə razılıq verdi”.

Şahin Şıxlinski çıxışının sonunda məzunlar adından məktəbin şagirdlərinə printer, kserokopiya , skaner, A4 kağızları, futbol və voleybol meydançaları üçün lazım olan idman avadanlıqları, veteran müəllimlərə və məktəbin kollektivinin üzvlərinə qiymətli hədiyyələr təqdim etdi.

Məzunlar eyni zamanda məktəb binasının təmirini də unutmamışdılar. Məzunlar tərəfindən məktəbin qapı və pəncərələri dəyişdirilib yenisi ilə əvəzlənib. Məktəbin döşəməsi yenidən təmir olunaraq şagirdlərin istifadəsinə verilib. Məzunlar həmçinin sinif otaqlarına, eyni zamanda müəllimlər otağına yeni stol və stullar hədiyyə etdilər.
Məzunlar məktəbin həyətində ağac əkmə aksiyası da təşkil etdilər. Aksiya zamanı məktəbin həyətində hər bir məzunun adından ümumilikdə 30 ədəd olmaqla “yolka” və “Gəncə çinarı” ağacları əkildi.

Tədbir Gəncə Göygöl Dövlət Mahnı və rəqs ansamblının izdihamlı konserti ilə davam etdirildi.
Ansamblın solistləri Leyla Mehdiyeva, Şirxan Cahangirov və “Xəmsə” rəqs qrupu öz çıxışları ilə tədbir iştirakçılarına gözəl anlar bəxş etdilər. Tədbirin rəsmi hissəsinin sonunda xatirə şəkli çəkdirildi. Məzunlar tədbir iştirakçılarını Ehram çayının Kür çayı ilə qovuşduğu məkanda “Sınıq körpü” istirahət və restoran kompleksində ziyafət süfrəsinə dəvət etdilər.
Bununla da Valeh Musayev adına Qazax rayon II -ci Şıxlı kənd tam orta məktəbinin 1973-1983-cü il buraxılışının məzunlarının 40 illiyinə həsr olunmuş yubiley görüşü başa catdı. Hər birinizə uğurlar arzulayırıq, əziz məzunlar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here