Qazaxlı idmançı Dortmund “QRAN PRİ”-nin qalibi olub

0
727

Ötən gün növbəti xoş xəbər Qazax mahalının insanlarını çox sevindirdi. Mahalımızın Muğanlı kəndində anadan olmuş, Qazax güləş məktəbinin yetirməsi, altı yaşına qədər doğma kəndində yaşamış və burada sərbəst güləşlə məşğul olmuş, 2004-cü ildən Ukraynada yunan-Roma güləşi ilə məşğul olan, 2017-ci ildə Yeniyetmələr arasında Avropa Çempionatının qalibi, 2020-ci il Tokio Olimpiya Oyunlarının gümüş mükafatçısı Pərviz Paşa oğlu Nəsibovun daha bir qələbə xəbəri dünyanı dolaşaraq bizlərə də yetişdi.
Belə ki, 12-13 avqust 2023-cü il tarixlərində dünya güləş səhnəsinin beynəlxaql ulduzları Almaniyanın Dortmund şəhərində, “Helmut-Körnig-Halle”də yunan-Roma üslubunda 38-ci turnir olan “QRAN PRİ DORTMUND 2023” uğrunda yarışa gəlmişdilər. Turnitə beynəlxalq yarışlardan çoxlu medal qazanan idmançılar və ölkə çempionları qatılmışdır.
Almaniya Qran Prisində 20 ölkədən 154 güləşçi qeydiyyatdan keçmişdir. Bir çox Avropa ölkəsi ilə yanaşı, Yaponiya, Qazaxıstan və ABŞ da ilk dəfə bu turnitə qoşulmuşdur. Güclü iştirakçılar sırasına Olimpiya Oyunlarında, Dünya və Avropa çempionatlarında bir neçə medal qazandıran idmançılar da daxildir. Yüksək dərəcəli idmançılar arasında 87 kq çəki dərəcəsində start götürəcək Olimpiya çempionu Zhain Belenkiuk (Ukrayna) var. Tokionun gümüş mükafatçısı yaponiyalı Keniçiro Fumita və həmyerlimiz Pərviz Nəsibov və Tokionun bürünc mükafatçısı Tadeuş Mixalik də Dortmundda öz güclərini göstərmək üçün döşək üzərinə çıxmışdır.
Bu turnirdə qələbə qazanan idmançılar Belqradda keçiriləcək Dünya Çempionatına gedən yollarını açmış olacaqlar. İki gün ərzində on çəki dərəcəsində turnirin qalibləri müəyyənləşmişdir.
Almaniyanın Dortmunt şəhərində təşkil olunan ənənəvi “QRAN PRİ DORTMUND 2023”-də həmyerlimiz, Ukrayna təmsilçisi Pərviz Nəsibov 72 kq çəki dərəcəsində rəqiblərinə qalib gələrək finalda Litvalı idmançı Vilius Savickası da yenərək qızıl medal qazanıb kürsünün ən yüksək pilləsinə qalxmışdır.

Bu böyük və uğurlu qələbə münasibətilə “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov İctimai Birliyin üzvləri adından Pərviz Nəsibovu “QRAN PRİ DORTMUND 2023” çempionu titulunu qazanması münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı və daha böyük uğurlar arzu edir.

Pərviz, biz səninlə fəxr edirik!

 

P.S. Pərviz Paşa oğlu Nəsibov 1998-ci il avqustun 18-də Ağstafa rayonunun Muğanlı kəndində anadan olmuşdur. Altı yaşına qədər doğma kəndində yaşamış və burada idmanda ilk addımlarını atmışdır. Muğanlı kəndində bir il sərbəst güləş bölməsinə qatılmışdır. Ancaq 2004-cü ildə atası Ukraynanın Nikolayevə şəhərinə köçmüş və ailəsini də özü ilə aparmışdır. Nikolayevdə də Pərviz güləşmə məşğul olmağı davam etdirmiş, lakin burada o, yunan-Roma üslubunu seçmişdir.

2017-ci ilin mart ayında İranın Abadan şəhərində baş tutan Dünya Kubokunda, milli komandası 6-cı yerdə qərarlaşsa da, o, bütün döyüşləri məğlubiyyətsiz keçirən yeganə ukraynalı güləşçi olub.

2017-ci ilin iyul ayında Almaniyanın Dortmund şəhərində finalda gürcü Georgi Kurtanidzeni məğlub edərək yeniyetmələr arasında Avropa çempionu adını qazanıb.

2018-ci ilin sentyabr ayında SlovakiyanınTrnavaa şəhərində keçirilən gənclər arasında Dünya Çempionatının bürünc medalçısı olub.

2021-ci ilin may ayında Sofiyada keçirilən dünya lisenziya turnirində Tokio Olimpiya Oyunlarına vəsiqə qazanıb, lakin Nəsibovun sözlərinə görə bundan sonra özünə qarşı lazımi diqqət görməyib.

İdman nəticələri:

  • Yeniyetmələr arasında Avropa çempionatı 2014 — 3

  • Yeniyetmə Dünya Çempionatı 2014 — 2

  • Yeniyetmələr arasında Avropa Çempionatı 2015 — 2

  • Yeniyetmələr arasında Avropa çempionatı 2015 — 2

  • Yeniyetmə Dünya Çempionatı 2015 — 3

  • Yeniyetmələr arasında Avropa Çempionatı 2016 — 2

  • Sərbəst Güləş üzrə Ukrayna Çempionatı 2016 — 2

  • Yeniyetmələr arasında Avropa Çempionatı 2017 — 1

  • Yeniyetmələr arasında Dünya Çempionatı 2017 — 3

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here