“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri İlham Pirməmmədovun Ramazan bayramı münasibətilə təbriki

0
770

Əziz qazaxlılar, əziz ağstafalılar, sevimli müsəlman bacı və qardaşlarımız!

Bütün inanclı insanlarımızı, oruc tutub bu ayini yerinə yetirmiş şəxsləri müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm.

Tanrıya çox şükürlər olsun ki, artıq işğaldan azad edilən, vaxtilə ermənilər tərəfindən dağıdılaraq viran qoyulmuş Qarabağımızda artıq həyat bərpa olunur. Yeni təmir olunmuş məscidlərimizdə Allaha sevgi və çağırış rəmzi olan Azan səsləndirilir. Artıq bir çox soydaşlarımız builki Ramazanı öz doğma yurd-yuvalarına dönərək doğma Qarabağda, Şərqi Zəngəzurda qeyd edirlər.

Bütün bunlar bizlərin, bütün azərbaycanlıların bayram sevincinə yeni sevinc qatdı. Qürurlu, sevincli bir bayramı qarşılamağımız münasibətilə bizlərə Zəfər sevincini yaşadan ölməz Şəhidlərimizin ruhu qarşısında baş əyərək, qazilərimizə, şəhidlərimizin əmanətlərinə bir ömür boyu borclu olduğumuzu da unutmuruq. Qürurla deyə bilərik ki, 2021-ci ildə Ramazan bayramı ilə bağlı Şuşadakı Yuxarı Gövhərağa məscidində bayram namazının qılınması ilə tarixi torpaqlarımızda dini və milli bayramlarımız qeyd olunur.

Düşmənlərimiz, azərbaycanlılara qarşı yönələn etnik təmizlənməni eynilə tarixi-dini abidələrimizə qarşı da vandalizm aktları ilə həyata keçiriblər. İslamın Azərbaycan xalqının milli konsolidasiyasında, milli mədəniyyətinin qorunmasında müstəsna yeri var. Beş il bundan əvvəl Cocuq Mərcanlı işğaldan azad olunandan sonra orada cənab Prezidentin göstərişi ilə Şuşa məscidinin bənzəri olan məscid inşa edilmişdi və həmin məscidin açılışındakı çıxışında prezidentimiz qeyd etmişdi ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcəkdir. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməlinin qoyulmasının, ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından suyun gəlməsinin böyük rəmzi mənası vardır. Bu hadisələr xalq olaraq bizlərə sözlə təsəvvürə gəlməyəcək qədər böyük qürur yaşatdı. Buna görə də qədirbilən xalqımızın dilindən Ali Baş Komandana yönəlik dualar bitib tükənmir.

Bildiyimiz kimi doğma Azərbaycanımız həm də multikultural və tolerant ölkə olaraq burada bütün dini bayramlara hörmətlə yanaşılır, onların yüksək səviyyədə təşkilinə şərait yaradılır. Ramazan da bütün müsəlmanların müqəddəs bayramıdır.

Bu bayramın əsas qayəsində nəfsi tərbiyə etmək, insanların halına şərik olmaq, mənəvi arınma durur. Bu səbəbdən də daim “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri bayram münasibətilə Qazaxda, Ağstafada, Bakıda və digər yerlərdə imkansız insanlara əl tuturlar, şəhid və qazi ailələrinin ehtiyaclarını qarşılamağa çalışırlar.

Ramazan bayramı münasibətilə Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə ordumuzun timsalında hər kəsə xoş, ruzili bayram arzuları diləyirəm. İctimai birliyimizin üzvlərini, Qazax mahalının dəyərli və dövlətə, cənab Prezidentə daim sadiq insanlarını Ramazan bayramı münasibətilə təbrik edirəm.

Tanrı millətimizi, ordumuzu, Vətənimizi, Ali Baş Komandanımızı qorusun!

Allah tutduğunuz orucları, etdiyiniz ibadətəri qəbul etsin.

Ramazan bayramınız mübarək!

Dərin hörmətlə,

“Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri, riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here