Yazıçı Varis Yolcuyevin adı Beynəlxalq London Mükafatının yekun siyahısına düşüb

0
1860

Azərbaycan yazıçısı, Əməkdar jurnalist Varis Yolcuyevin adı Beynəlxalq London Mükafatının 29 noyabr 2018-ci ildə açıqlanan yekun siyahısında yer alıb.

Həmyerlimizin Dumanlı Albionda diqqəti çəkən əsəri “Səmadan yıxılan mələk” dramı olub. Xatırladaq ki, bu əsərlə yazıçımız ötən il “The Hollywood Reporter” nəşrinin dram və kinossenari müsabiqəsində də iştirak etmişdir.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın Yazıçılar Birliyinin (APİA) iki qurumla – Ədəbiyyat və Kino Xadimləri İttifaqı, eləcə də Beynəlmiləl Yazıçılar İttifaqının Rusiya bölməsi ilə birgə təsis etdiyi, poeziya, kiçik nəsr, böyük nəsr, estetika, ədəbi tənqid, bədii tərcümə və jurnalistika kimi yeddi nominasiyadan ibarət bu nüfuzlu mükafatı 2015-2019-cu illərin yekunlarına görə ən yaxşı yazarlara təqdim olunacaq.

İlkin siyahıda son 4 ildə fərqlənmiş 6 min namizəd yer almışdısa (hər ilin yekununa görə 1500 yazar), yekun siyahıda cəmi 600 (hər ilin yekununa görə 150 yazar) nəfər yer alıb. Mükafat marafonunun sonuncu mərhələsi isə qısa siyahının açıqlanması olacaq.

Yekun uzun siyahıda həmyerlimiz Varis “Çarlz Dikkens adına böyük nəsr” nominasiyasında olduqca məşhur dünya yazarları ilə bir sırada qərarlaşıb. Onların arasında 2001-ci ildə Nobel mükafatına layiq görülmüş Hind əsilli Britaniya yazıçısı Vidiadxar Naypol, dördqat Oskar laureatı, zəmanəmizin ən nəhəng ssenaristi və kinorejissoru Vudi Allen, dünyada milyon tirajlarla satılan “Mələklər və şeytanlar”, “Da Vinçi şifrəsi” kimi superbestsellerlərin müəllifi Den Braun və digər yazıçılar yer alır.

Beynəlxalq London mükafatının yekun uzun siyahısına düşmək böyük uğur hesab olunur. Siyahıya düşmüş hər bir yazıçı artıq nominant döş nişanını, müvafiq fərqlənmə sertifikatını, “2015-2019-cu illərin ən yaxşı yazıçısı” adını və plaketini təmin etmiş olur.

Beynəlxalq London Mükafatının qalibi isə gələn il müəyyənləşəcək və Londonda keçiriləcək mərasimdə üzərində Böyük Britaniyanın bayrağı və qalibin adı həkk edilmiş qiymətli metaldan olan mükafata layiq görüləcək.

Qeyd edək ki, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, Əməkdar jurnalist yazıçı Varis Yolçuyev 16 ay 2017-ci ildə Fransanın “L`Autographe” (“Avtoqraf”) almanaxına daxil edilmiş “İyirmi bir” adlı hekayəsinə görə Antuan de Sent Ekzüperi medalının nominantı elan olunaraq “Antuan de Sent Ekzüperi diplomu”na layiq görülmüşdü.

29 may 2018-ci ildə “Metamorfoza“ romanına görə Rusiya Federasiyasının Soçi şəhərində dünyanın 37 ölkəsindən 170 yazıçının iştirakı ilə keçirilən Avrasiya materikinin “LiFFt-2018” ədəbiyyat üzrə üçüncü festivallar festivalının baş mükafatına layiq görülərək qızıl medalı Azərbaycana gətirmişdir. Festivalın qalibi Azərbaycan yazıçısı olduğu üçün 2019-cu ildə növbəti festivalın qalibin vətənində, yəni Azərbaycanda keçiriləcəyi elan edilib.

Bundan başqa yazıçı Varis Yolçuyev Azərbaycan ədəbiyyatı qarşısında göstərdiyi xidmətlərə görə 2018-ci ildə “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə “Fəxri Fərman”la təltif olunmuşdur.

“Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri İlham Pirməmmədov, İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq yazıçısı Nəriman Həsənzadə İctimai Birliyin bütün üzvləri adından Varis Yolçuyevi qazandığı uğurlar münasibətilə təbrik edir, ona gələcək işlərində və yaradıcılığında daha böyük nailiyyətlər arzulayırlar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here