Həmyerlimiz Tural Əliyev Alpaqut Turan döyüş sənəti üzrə dünya çempionu olub

0
2565

24 noyabr 2018-ci ildə “Sərhədçi” İdman Olimpiya Kompleksində start götürən Alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatı başa çatıb.

Dünyanın 18 ölkəsindən bütün yaş qrupları üzrə 500-dək idmançının qüvvəsini sınadığı yarışlarda aypara, batur, caymaz, və qurşaq sistemləri üzrə ən güclü atletlər müəyyənləşib.

Azərbaycan idmançıları çempionatda uğurla çıxış edərək ümumi komanda hesabında birinci yeri tutublar. Türkiyə komandası ikinci, Qazaxıstan və Gürcüstan yığmaları üçüncü yerə layiq görülüblər.

Yarışlarda yüksək nailiyyətlər qazanmış idmançılara kubok, medal və xatirə hədiyyələri təqdim edilib.

Dünya çempionatında Azərbaycan Respublikasının əməkdar məşqçisi, Beynəlxalq dərəcəli hakim, idman ustası Tural Əliyev də öz qüvvəsini sınayıb. Əslən Qazax mahalının İncə dərəsindən olan idmançımız bütün rəqiblərini üstələyərək fəxri kürsünün ilk pilləsinə qalxıb və Alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatının qalibi olub.

Qeyd edək ki, T. Əliyev pəhləvan güləşi üzrə 3 dəfə Avropa çempionu, 3 dəfə də Dünya kubokunun sahibidir. Bununla yanaşı, ardıcıl olaraq 2009, 2010 və 2011-ci illərdə dünyanın ən yaxşı pəhləvan güləşçisi seçilib.

Həmçinin Tural Əliyev 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında da bu idman növü üzrə fəxri kürsünün ikinci pilləsinə qalxaraq gümüş medala layiq görülmüşdür.

“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Tural Məhəmməd oğlu Əliyevi dünya çempionu olması münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və idman karyerasında daha böyük müvəffəqiyyətlər arzulayırlar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here