Keçən günə gün çatmaz… – Anım

0
798

PROFESSOR BABƏK QURBANOVUN HAQQ DÜNYASINA QOVUŞMASINDAN İKİ İL KEÇİR

Həyat bu dünyadan doymamaqdır. Həyat yaşamaqdan doymamaqdır.  Həyat bu dünyada əsl insan, həqiqi vətəndaş olaraq alınıaçıq, üzüağ, vicdanlı yaşamaqdan doymamaqdır. Balıq sudan, Quş uçmaqdan doymur. İnsan nəfəs almaqdan, gözlə baxmaqdan, hisslərlə duymaqdan, nəhayət, ürək davamlı döyünməkdən, qan dövr etməkdən, könül dünyamız isə sevməkdən doymamaq üstündə köklənib saz kimi.

Bu doymamaqlar insanın yaşama həvəsidir. İnsan oğlu bu anlatdıqlarımdan doyubsa, demək ölüb. Həqiqi elm dünyasının cəfası yolunda hər cür əziyyətlərə qatlaşaraq davamlı axtarışlarda olan, məqsədyönlü  çalışmaqdan, araşdırmalardan doymayanlara əsl yaşamaq nəsib olur. Nə qədər kəşflərə sahib olsa da, yenə bir çox ixtiralar kəşf olunmamış qalmaqdadır. İnsanı yaşadan yeni tapıntılar uğrunda bir fateh kimi axtarışlarını ara vermədən, müntəzəm  sürdürməkdir. İnsan elm aləmində  yeni bir kəşf əldə etmiş olsa  demek o məcazi anlamda ölmüşdür.  Yaşamaq elmi hədəfə doğru  kəşfə  yönələn müntəzəm axtarışlarını davam etdirməkdir. Yeni bir ixtiranı tapana kimi insan bu həvəslə, ülvi məramla axtarışlar əhatəsində yaşayır demək. Tapdığı zaman isə artıq iş yekunlaşdığı üçün ömrünü tamamlayır.

İnsan xilqətinin arzuları, amalları, fikirləri də bitib-tükənməzdir. Ona görə də axtarışların, xoşməramlı düşüncələrin sahili, zəngin fikirlərin  sərhəddi yoxdur. Lakin insanın ömrünün sonu vardır. Demək yarım qalmış ömürlə kəşflərin, ixtiraların sonuna varmaq mümkün deyildir.  Bütün bəşəriyyət insanları bir ömürdə yarımçıq yaşamışlar. Çünki elmin, axtarışın final mərhələsinə kimi gəlib çıxa bilməmişlər nə yazıq ki. Kitablarını, məqalələrini tamamlaya bilməmişlər, 500, 1000 məqalə çoxlu kitablar yazmaq yenə də azdır. Az olan şey də yarımçıqdır. Tam deyil. İnsan ömrü kimi… Bir filosof nə gözəl demiş: “Məni yaşadan bilmədiklərimdir, Öldürən bildiklərimdir”. Elə ki bildin, demək öldün. Yeni bir bilgi yolunda araşdırma fəaliyyətinə başladınsa demək təkrar yaşamağa qədəm qoydun. Yaşamaq fəaliyyətdir. Fəaliyyət göstərmənək, xoş məramlarla xidmət etməmək isə müqəvvalıqdır.

Balıq sudan doymadığı üçün yaşayır. İnsan nəfəs almaqdan, gözəllikdən zövq aldığı üçün yaşayır. Zövq almaq yaşamaqdır. Nəfəs almaq yaşamaqdır. Ürək döyündüyü üçün yaşayır. Ürəyin döyüntüsü yaşamaq həvəsidir. Quş uça bildiyi üçün yaşayır. Uçmaq yaşamaqdır. İnsan arzularla, amallar qanadında yaşayır. İnsanın yaşaması arzusudur, amalıdır, fəaliyyət göstərməsidir. Fəaliyyət yaşamaqdır. Çalışmamaq ətalətdir. Tənbəllik fəaliyyətsiz olmaq deməkdir. Ona görə də insan övladına heç yaraşmayan tənbəllik komaya düşməkdir. Vətənə, millətə, xalqa vicdanla, eşqlə, məhəbbətlə, həvəslə xidmət etmək əsl insan üçün yaşama sevgisi-sevincidir. Eşqlə, həvəslə, coşğuyla fəaliyyət göstərmək yaşamağın bir əlamətidir. Yaşamaq doymamazlıqdır, doyumsuzluqdur. Arzular, amallar tükənməz olduğu kimi, yaşamaq da tükənməzdir. Bu baxımdan da  insan yaşamaqdan doymur, usanmır, bezmir. Bu doymamazlıq yaşamaqdır. İnsan doyursa ölümə doğru irəliləməklə can verir  deməkdir. Arzuları bitdisə demək insan ölmüşdür. İnsan fəaliyyət göstərmirsə elm, millət, xalq vətən uğrunda demək diri ikən mənən həyatını tərk etmişdir. Ölümsüz olmaq üçün xalqa, millətə, dəyərli əsərlər əmanət etməkdir gələcək nəsillər üçün. Gələcək nəsillər sənin yaradıcılığından bəhrələnmişlərsə demək sənin onların ruhunda, düşüncəsində mənən yaşamaqdasan. Xatırlanmaqdasan, yad  olunmaqdasan. Yad olunmaq, xatırlanmaq, yaşamağın bir yöntəmidir. Necə ki Nizami Gəncəvi, Firovsi, Xəqani, İmadəddin Nəsimi, Hafiz Şirazi, Məhəmməd Fizuli, Seyid Əzim Şirvani, Mola Pənah Vaqif, Nəvai, Mirzə Ələkbər Sabir, Səməd Vurğun Üzeyir Bəy Hacıbəyov və s. neçə-neçə dahi korifeylərimiz kimi. Dəyərli bir məntiqlə yoğrulmuş hikmət dolu müdrik fikrin söylənirsə demək xatırlanmaqdasan, yaşamaqdasan ey insan oğlu!!!

Böyük şairimiz Bəxtiyar Vahabzadə bu məqamda poetik misralarla fikrimizi daha da aydınlaşdırmaqdadır. Çünki bu dərin anlamlı kəlamlarda ustad şairimiz müdrik söz incisini ipə-sapa düzməklə bu gün də yaşayır ürəyimizdə, xatirəmizdə, bu xatirə məqaləmizdə:

Yaşamaq yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa yaşamır demək,
Onun da həyatı yanmağındadır.

Elm yolunda bir şam kimi yanıb əriyən alimlərimizdən biri də 2 il öncə aramızdan ayrılıb Haqqa qovuşan Osmanoğlu Babək Qurbanovdur. Yaşadı mərdi-mərdanə, kimsəyə yük olmadan, əziyyət vermədən öz zəhməti, fanatik çalışmaları  ilə geniş xalqımızın hüsn-rəğbətini qazandı. Ona görə də adı sayqı ilə həm də rəhmətlə anılmaqdadır. Sağlığında elm yolunda hamıya əl tutdu, yardım etdi, könlünü sevindirdi, çisgin dolu nisgilli küsgün, incik qəlbini ovundurdu. Yandı bir məşəl kimi Odlar diyarımıza od alov saçarak ziyası ilə daha da gurlandırdı musiqi-fəlsəfə elmimizi. Bu sahənin alimləri, mütəxəssisləri onun yaradıcılığından hər zaman bəhrələnməkdədirlər. Bu bəhrələnmə Sarıvəlli Babəki könüllərdə bu gün də hörmət-ehtiramla yaşatmaqdadır. Ruhun şad olsun Ana Vətinimizin layiqli, ismətli, nurlu təvazökar oğlu.

Trabzonun Akcaabat qəsəbəsində bir görüşdən xatirə şəkli. (Sağdan sola) Professor Babək Qurbanov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Ədəbiyyat İnstitunun əməkdaşı Gülnar Səma, professor İlqar Cəmiloğlu İmamverdiyev. 24. Aprel 2017 Akcaabat/Türkiyə

Babək müəllim özü görkəmində bir nur idi işıqlandırdı qəlbimizi. Necə ki Cəmil Əkbər kimi, Dədə Şəmşir kimi. Qürurlandırdı, sevindirdi bizləri. Yaşamağın yaratmağın yollarını, mənasını bizlərə öyrətdi, səxavəti ilə, yardımsevərliyi ilə. Könüllərdə taxt-tac qurdu onu sevənlərin qəlbində. Unutmaq olarmı əsl Vətən övladını? Necə unudasan müqəddəs Osman ocağından pərvəriş taparaq bütün Türk Dünyasına, Post Sovet məkanında səs-səda salan həqiqi Vətənsevər, xalqsevər insanı? Gecə-gündüz yazdı-yaratdı ərmağan etdi dost-doğma xalqına.  Azərbaycan elminə zəngin miras əmanət edib çəkib getdi Haqq dünyasına.

700-dən artıq elmi məqalələrlə elmimizi bəzədi bu işıqlı insan. 50-dən artıq elmi kitabı ilə intəhasız fikirlərini bizlərə ərmağan etdi yazılarıyla. Bu kitbları oxumaqla böyük dəyər sahibini mənən yaşatmaqdayıq. Əsl yaşamaq Haqq dünyasına qovuşduqdan sonra xatırlanmaqla, adının anılmasında olan yaşamdır. Babək müəllim belə əxlaq sahibi bir insandı. Abırlı-həyalı, ədəbli-ərkanlı, ağır təbiətu ilə tanındı, səbrlə təmkinlə dolu bir ömür sürdü onun çevrəsində dolanan, əhatəsində olan elm adamları arasında. Bir günəş kimi parladı. Şöləsini elm dünyamıza bəxş etdi. Bu bəxşişi ilə də elm ordumuzun sərkərdəlliyini yürütdü neçə-neçə beynəlxalq simpoziumlarda, konqreslərdə. Başarıyla, uğurla davam etdirdi bu xeyirxah-xoşməramlı missiyasını. Ömrünün sonunadək yorulmadı, usanmadı, irzikmədi. Babək müəllim belə bir qüdrət sahibi idi. Nə yazdısa elmi oldu, nə dedisə elmi oldu, nə düşündüsə elmi oldu. Elmdən bir an da olsun kənara çıxmadı. Elm aləminə sadiq qaldı əsl alim kimi özünü təsdiq etdirdi, mədəniyyət tariximizin fəxri sənədində mübarək ismini möhtəşəm  uğurlarıyla möhürlətdi elm camiamızda.

İki ildir özəl yerdə qərar almaqdadır Babək Qurbanov. Gözəl məqamda taxt-tacında dayanmaqdadır  Babək Sarıvəlli. Haqq dərgahına təşrif aparması ilə də könüllərimizdə onun yeri boş qaldı. O andan etibarən yeri könlümüzdə görükməkdədir. Qəlbimiz boş qalıb Babəksiz. Kimsə doldura bilməz, onun yerini daha bir kimsə ala bilməz. Çünki Babək bir gəldi – pir getdi. Nur gəldi – nur getdi. Yeri ürəyimizdə könlümüzdə hər zaman görünür. Hayana baxırıqsa görmək istərik. Qulağımız gözəl ahəngə bələnmiş səsini bir daha dinləmək istər. Müdrik kəlamlarına yenidən dinşək kəsilmək istərik. Çifayda, xam xəyal dünyasında yanıb yaxılmaqdayam. Çünki on il hər gün gördüyümüz, səsini duyduğumuz insandan uzaq düşməklə barışabilmirəm, bu gerçək həqiqətə heç cür uyğunlaşa bilmirəm. Hər zaman təskinlik tapırdım onun  varlığı ilə. Örnək idi duruşi ilə, baxışı ilə, ağıllı söz-söhbətləri ilə, müdrik fikirləri ilə. Mənasız bir söz demədi bu insan, nə dedisə mənalı dedi, doğru dedi, dürüst dedi, təcrübəyə dayanan zəngin bilgilərinə isnad edərək sərrast söylədi heyrətamiz fikirlərini. Bizi yönləndirdi, bizə həyatın özünü anlatdı, başa saldı, yaşamağın yolunu sirrilərini, əsl elmin “Qibləsini” – yönünü  izah etdi, öyrətdi. Öyrətməkdən doymurdu. Bu da Babək müəllimi yaşadırdı. Yaşamaq onun üçün elmi axtarış, müntəzəm mütaliə və ən əsası pedaqoji fəaliyyət idi. Öyrəncilər ordusunun başqanı idi Konservatoriyamızda.  Təsadüfi deyil ki bütün öyrəncilər Babək müəllimi əsl pedaqoq saydıqları üçün “Hocaların hocası”  fəxri adını vermişdilər. Bu adı uzun illərə dayanan alın təri, zəhməti, axtarışları, zəngin elmi mənbəələrədən əldə etdiyi  ensiklopedik bilgilər hesabına qazana bilmişdi. İxtiyar çağında da çalışmağına heç ara vermədi. Müqəddəs fəaliyyətinə bircə dəfə ara verdi. O da Haqq dünyasına qovuşan zaman. Bu ara vermə təəssüf ki əbədi oldu. Bizlər həsrət qaldıq yeni fikirlərə, yeni düşüncələrə. Bu düşüncələri ilə də bizi qoruyurdu, sanki mühafizə edirdi Babək müəllim.

Gaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının müdir otağında professor Babək Qurbanovun 75 yubiley ilindən xatirə şəkli. Babək müəllimin yetirdiyi aspirantları. (Sağdan sola) səntşünaslıq namizədi Hakan Tatyüz (keçmiş müdir), sənətşünaslıq namizədi Savaş Ekici (keçmiş müdir köməkçisi),  sənətşünaslıq namizədi Gültəkin Şener (bölüm başqanı) və professor İlqar İmamverdiyev. 9 iyun 2014 

Heç bir insanın pis gününü heç arzulamazdı. Əksinə hərkəsin xoş gününü görmək istəyərdi təkcə. Çünki dünyəvi qəlbə sahib idi Babək Osmanoğlu. Musiqi və fəlsəfə elminin qəhrini çəkən insan desək ilk öncə Babək Qurbanovun adı yada düşür. Digər elm xadimlərimiz də bu qənaətdə, bu düşüncədədir. Xeyirxahlıq mücəssəməsi desək Babək Sarıvəlli xatırlanır. Çünki səxavətlə təmənnasız xidmətləri ilə öz şəxsində nümunə olmaqla bizləri ərsəyə gətidi.

 Elm dünyasında fəlsəfə – musiqişünaslıq qatarının başcısı idi Babək müəllim. Bir durna qatarının öndəri olaraq bizi öz arxasınca xoş mərama doğru, aydın elm yolunda yönləndirirdi, hədəfə doğru çəkib aparırdı.

 Məsləhətini heç əsirgəmədi. Hər zaman elmin doğru istiqamətini bizlərə işarət verməklə göstərdi, O yolla gedirəm. Fəqət Babək müəllimsiz. Qol qanadım sınmış halımla. Tək qaldım Babəksiz xiffət etməkdə, “dərd əkib-qəm biçməkdə” ürəyimdə saldığı insanlıq izində davam etməkdəyəm. Çünki unutmaq qeyri mümkündür əsl insanı. Mənim altun üzüyümün 24 ayarı Babək müəllim idi. Onula mənəvi nəfəs alırdım. Qürurlanırdım, sevinirdim, həvəslənirdim, coşurdum, aşıb-daşırdım. 28 Mart 2019 tarixindən daha nə coşuram, nə aşıb – daşıram. Sevincim də qeyb olub gedib. İç dünyama qapalı halda özüm-özümlə Babək müəllimin xəyalı ilə dərdləşməkdəyəm.  Qürurum tabım da qalmayıb. Təskinlik alabildiyim bir kimsəm qalmadığı üçün daha özümü ovuda bilmirəm. Çünki arxam, dirəyim yox oldu, qəfil uçdu, dağıldı bəndi bərəm. Arxasız köməksiz, imdadsız qalmışam. Babək müəlimdən savayı kimsə dadıma imdadıma çatmaz.  Mənim imdadıma çatanım yox oldu getdi. Yuxuya, xəyala döndü gerçək həqiqətlər, möhtəşəm  elmi fikirlərimiz bir anda suya düşdü. Əfsus ki bir ömrümdə bir zaman Cəmil Əkbər, Dədə Şəmşir, Babək Sarıvəlli var idi. Artıq heç biri yoxdur. Bu nahaq dünyada yetim qaldım, tifil qaldım, Babəksiz qaldım, Dədə Şəmşirsiz qaldım, Cəmil Əkbərsiz qaldım. Bir vaxtı Babəkli günlərdə dağ lalası kimi güllənmişdim, dil-dil ötürdüm, indi də nitqim tutulub lal qaldım. Nə söz tapa bilirəm fikrimi izhar etməyə, nə kəlmə danışmağa. Kimə danışım??? Babəkim yox, Dədə Şəmşirim yox, Cəmil Əkbərim yox. Yoxluqlar dünyasında fəqan etməıkdəyəm. İniltimi kimsə duymaz. Yeri boş qalmış Babəksiz könül dünyamda. Ruhun üzərimdə, görkəmin gözlərimdə, xəyalın düşüncələrimdədir ey əziz insan. Bir an da unutmaq olmur. Necə unudasan ən yaxın könül həmdəmini, dost-müsahibini? Könül sirdaşını anmamaq, xatırlamamaq mümkünmü? Təbii ki heç cür mümkün deyil. Sadəcə Haqqa təşrif aprdığın 28 martda Ruhuna fatihə oxumaqdan başqa heç nə əlimdən gəlmir. Bir də ürəyimdən süzülüb gələn şeirimlə yad etməık istəmişəm ey Babək müəllim. Ey gözəl mənəviyyatlı insan…

Anam Firuzə Paşaqızının dəfnindən bir neçə gün sonra mənə yazdığın təskinlik şeirini əziz xatirə kimi saxlamaqdayam. Bu şeir sənin şairlik fitrətindən də xəbər verrir. Oxucularımıza bu kövrək şeirini və mənim cavab şeirimi xalqımıza çatdırmaq zamanı gəldi yəqin ki…

İlqar İMAMVERDİYEV
Sənətşünaslıq Elmləri Doktoru, Bakı Musiqi Akademiyasının və Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının Professoru

22.03.2021,  Qaziantep

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here