Əzizlərim bir-bir getdi: Şöhrət Səlimbəyli (1961 – 2021)

0
887

İnsanoğlu təəssüf ki ixtiyar çağında həyatı gəncliyindəki kimi dərk edə bilmir. Gənclik şənlik, gülüş, qəhqəhə, coşğun eşq-həvəs, çalışıb-vuruşmaq bir amal, məslək uğrunda uğurlar qazana bilmək  cəhdi deməkdir. Nə gözəldi o günlər. Keçən günə gün çatarmı? Yox, yox, yox. Hər şey keçmişdə, gənclik illərində qaldı. Nə əl çatar o günlərə, nə ün yetər o çağlara. Bilmirsənki irəlidə səni Məmməd Hüseyn Şəhriyar demişkən “ayrılıqlar, itkinliklər, ölümlər var”  ki, həsrətlə, intizarla yolunu-gəlişini gözləyir.

Son illərdə dostlarımın, əzizlərimin bir-birinin ardınca itgisi məni bu fikrə gətirdi, bu kəlimələrlə sözlərimi ifadə etməli oldum. 2013 ilində ortancıl qardaşım Müzadilin qəfil dünyasını dəyişməsi, 2016 ilində anam Firuzə haqqın rəhmətinə qovuşdu, 2018 ilində Sazbənd Qəzənfər dostumuzu, Kimya elmləri doktoru professor Rza Abbasoğlunu, 2019-cu ildə böyük qardaşım Zakiri on gün aradan keçəndən sonra  qardaş qədər əziz olan professor Babək Qurbanovun xərçəng xəstəliyindən dünyasını dəyişməsinin üstündən indi də bir neçə gün olar ki Şöhrət Səlimbəyini də adlarını zikr etdiyim “qara siyahıda” olması məni həqiqətən çox sarsıtdı. Bir neçə gün gizli saxlasalar da dərd tez yayılar demişlər. Bu qara xəbər də mənə çatanda anidən yerimdə dondum. Çaşıb qaldım. Nə tez getdi?. Qardaşım Müzadil həkim kimi 60 yaşını tamamlamadan əl götürdü bu dünyadan. Türkiyədə bir söz var hər zaman xatırlamaqdayam. Deyir: “Əcəl gəlmiş cahanə, xəstəliklər bəhanə”. Bir həftənin içində Kovid-19 deyilən dünyanın bəlası bu qara kabus Şöhrət Səlimbəyli adlı əzizimizi ortadan götürdü. Xəyalım çox gerilərə getdi. Rəna xanımla ailə həyatı qurandan 10 il sonra nəhayət iki övladı dünyaya gələndə o sevinclərinə nə qədər sevinmişdik ailəmlə birlikdə. Çünki Piriə, müqəddəs Mir Möhsün Ağanın Ziyarətinə gedərkən çox dua etmişdim onların arzusu yerinə yetsin deyə. 14 yaşlarında atasız qalmaq çox ağırdır, dözülməzdir. Qarşıda dayanan mimbir problemlərin çözülməməsi deməkdir. Ata böyük arxa, qürur, hər bir evlad üçün inam deməkdir. Təəssüf ki, bu inam həyata olan inamsızlıqla nöqtələndi. Gözlərimin önündə Şöhrət Bəyin ailəsi üçün necə həyəcan keçirməsi, cüt balalarının əllərini çörəyə çatdırmaq məramı yarımçıq qalmalı oldu. Çox təəssüf hissi keçirməkdəyəm. Allahım bilən məsləhətdir. Türklərin bir sözü var. Mövlam nə eyləsə çox gözəl eylər. Bir bu sözlə razılaşa bilmirəm. Yenə də təqdir İlahidəndir. Allah bilən məsləhətdir.

İsmini andığım əzizlərimin telefon nömrələrini silməyə heç əlim gəlmir.Sanki zəng edib özləri ilə danışacağam. Heyhat, əfsus mümkün olan şey deyil. Nə əlim, nə ürəyim gəlir, nə gücüm yetir siləm. Nömrələrə baxa-baxa deyirəm bəlkə zəng etsəm görüşüb səsini duya bilərəmmi? Bu arzum yerinə yetə bilərmi? Özümdə güc toplayıb 0553102212 nömrəli telefonun düyməsini basanda düşündüm ki Şöhrətin özünəməxsus tembrli səsini eşidəcəm. Fəqət telefon açıldığında kiçik oğlunun səsini duyduğumda bir an öncə nə deyəcəyimi unutdum. Anidən çaşıb qaldım. Tez özümü toparlayıb həyəcanlı, təlaşlı səslə danışmağa başladım. Nə dediyimi bilmədim duruxdum. Anası Rəna xanımı sordum ki baş sağlığı verim. Fəqət əczanəyə illac almağa getdiyini xəbər verdi. “İlqar əmindi ay oğlum” – deyib baş sağlığı verməli oldum körpə həssas qəlbli evladına. Nə qədər ağırdır bu ani görüş mənim üçün. Yeniyetmə gəncin axı günahı nə? Arxa dayağı atanın baş sağlığını evladına yetirmək heç olarmı? Bu vəziyyətin həyəcanını bir neçə gündür ki üzərimdən ata bilmirəm. Ata da bilməyəcəyəm yəqin ki…

Şöhrətin Azərbaycan elminə, mədəniyyətinə, ədəbiyyaatına töhfələri gözlərimin önündədir. Çox elm, sənət  adamlarımız, şairlərimiz, nasirlərimizi, yazarlarımızı mütamadi olaraq təsis etdiyi “Sərbəst Düşüncə” qəzetində çap etdirib xalqımıza tanıtmaqla savab əməllərə imza atardı bu Vətən oğlumuz. Mənim bir çox məqalələrimin işıq üzü görməsində Şöhrət Bəyin xidmətini heç unutmuram. Yaxşı yadımdadır 1997-ci ildə “Ansambl üçün pyeslər məcmuəsi”, 2008-ci ildə “Azərbaycan və İran Türklərinin  Aşıq İfaçılıq Sənətinin Səciyyəvi Xüsusiyyətləri” adlı doktorluq Dissertasiyamın kitabımı yayınlanmasında nə qədər canfəşanlıq göstərdiyi o xoş günlərin bir anı kimi xatirmədə yaşamaqdadır. Çalışdığı nəşriyattda hər görüşüm zamanda masada yeni yeni kitabların sərgiləndiyini görəndə bilirdim ki bu yayında Şöhrətin zəhməti, əmiyi var. “Avropa Nəşr Mətbu Evinin” təsis etdiyi qızıl medalı da sayılıb seçilən şəxsiyətlərə təqqim etməkdən qürur duyardı. Bu mükafatın birini də mənə uyğun gördü 2016-cı ildə. Professor Babək müəllim Gaziantepdə bu mükafatı mənə təqdim etdiyi vaxt xəstə bir vəziyyətdə idim. Kiranəşin qaldığım evə gətirib təqdim etdi ki ümüdsiz olmayım, gələcəyə inamla baxım. “Keçib gedər bu xəstəlik ay İlqar” – deyib qızıl medalı uzanıqlı halda ikən örtüdə təqdim etdi. Təbii ki Babək müəllimlə Şöhrət bəyin bu diqqəti mənim ömrümün sonuna kimi xatirəmdə yer alır.  Təəssüf ki artıq bu təsisçilər yoxdur. Aramızdan ayrılıb Haqq dünyasına qovuşmuşlar. Yayınlattdığı məqalələr, kitablar, medal var arxivimdə,  fəqət sahibləri nəyazıq ki daha yoxdur. Fani dünya bu imiş. İndi anladım. Xatirə yaşayır özləri isə daha yoxdur. Babək müəllimin bir çox kitablarının yayınlanmasında Şöhrət Səlimbəylinin xüsusi rolu və xidmətlərini müşahidə etmişəm. 20-yə yaxım elmi məqaləsinin “Sərbəst-Düşüncə” qəzetində çap etdirməyini də yaxından bilirəm.  Babək müəllimlə Şöhrət Səlimbəylinin münasibəti sağlam ünsiyət, elmi yaradıcılıq müstəvisində qurulmuşdur. Bu səbəblə də Şöhrət Bəyin kitablarına ön söz yazması təbii ki elm xadiminin Professor Babək Osmanoğlunun Şöhrətin yaradıcılığına olan diqqətin nəticəsi idi. Bütün bunlar iki xoşamallı insanların bir-birinə etibarının, məhəbbətinin göstərgəsi idi. Bir gün Qazaxdan Ardahana kimi Babək müəllimi xüsusi bir avtomobillə qohumu Rasimlə birlikdə yolçuluq etməklə, iki ölkənin sərhəddini aşması və həmin gün də geri dönməsi bu ülvi dostluğun aliliyindən xəbər verirdi.  Vətənpərvər oğlumuz dedikdə Şöhrət Səlimbəli ağlıma gəlir. Yayınlatdığı neçə kitablarda yer alan mövzuları gördükcə heyrət edirdim. Günümüzün tarixi olaylarını əks etdirən mövzular var idi. Neçə neçə şəhid övladlarımız haqda bilgilər, şəkillər tarixi fakt olaraq bu kitablarda yer almaqda idi. İndi isə mənim xatirəmdə yer alır Şöhrət Səlimbəyli adlı elm xadimimiz. Allah Rəhmət etsin əzizim Şöhrət Səlimbəyliyə. İnanıram ki həyatda var olduğun zaman tutduğun pak əməllərini, şərəfli ömür yolunu çüt evladların yaşadacaq əzizim. Bil ki uyuduğun torpaq Qarabağımızın işğaldan azad olan torpağın bir parçasıdır ki şəhid qanları ilə suvarılıb. Ruhun şad olsun, xalqımızın təmənnasız, gözü tox, amalı pak evladı.

Prof.Dr. İlqar İmamverdiyev,

Sənətşünaslıq elmləri Doktoru, Gqaziantep Universiteti, Türk Musiqisi Dövlət Konservatoriyası

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here