Almaniyanın Rostok Universitetinin “Texniki Termodinamika” kafedrasının dosenti dr. Cavid Səfərov 27 mart 2022-ci il tarixində səhər saatlarında Rostok şəhərində yaşadığı evdə ürək tutmasından vəfat etmişdir.
Cavid Səfərovun itkisi Qazax mahalının, Azərbaycan və dünya elminin itkisidir.
Yusif Alıyevin 20 avqust 2018-ci il tarixində dr. Cavid Səfərov haqqında yazdığa “Qazaxdan Rostokadək uzanan elm yolu və ya bir alimin həyat hekayəti” adlı oçerki olduğu kimi sizlərə təqdim edirik.
**********************
“Qazaxdan Rostokadək uzanan elm yolu və ya bir alimin həyat hekayəti”
Adətən dəqiq və ya texniki sahənin mütəxəssisləri üçün hansısa hadisəni qələmə alıb nəql edərkən bir şablon, bir çərçivə anlayışı olmur. Bu sahənin insanları lap antik dövrün ədəbi qaydaları kimi yazırlar. Yəni ədəbiyyatşünas və sənətşünaslardan fərqli olaraq, onlar üçün hansısa janr seçimi diqqətə alınmır. Bir sözlə yazı özü-özünü qurub tamamlayaraq ərsəyə gəlir. Amma bəzən ədəbi tənqidçilər haqlı olaraq həmin yazarları yazdıqlarına görə kürəyindən qırmanclayaraq deyirlər ki, niyə ideal kristallik quruluşa malik bir mövzunu radiasiyaya məruz qalaraq dağılıb amorf hala düşmüş şəkildə qələmə almısınız. Təbii ki, mən də dostum professor Rüstəm Kamal kimi ustad tənqidçini oxuduğumdan, onun “qorxusundan” qələmə alacağım yazını ədəbi janrın hansısa bir növünə uyğun yazmağa qərar verdim. Mövzu konkret olaraq yaxından tanıdığım, şəxsiyyətinə, elmi uğurlarına, tədqiqat sahəsinə yaxşı bələd olduğum şəxs haqqında olduğundan, bu yazımı epik növün oçerk janrında yazmağı qərarlaşdırdım. Çünki yazımın qəhrəmanı haqqında faktiki həyat materiallarından, hərəkət və işlərdən istifadə edəcəyimdən, bədiiliyi təhkiyə formasında qurmalıyam. Lakin üslubiyyəti özüm düşündüyüm kimi verəcəm, çünki məşhur fransız aforizmlərinin birində deyilir ki, “Üslubiyyət insanın özüdür”.
Ədəbiyyatda olduğu kimi fizikanın da müxtəlif bölmələri var. Lakin bu bölmələri anlamaq üçün nə şifahi, nə də yazılı fikirlər kömək etmir. Düşüncəndə, təsəvvüründə o fiziki qanunların, qanunauyğunluqların içində olmadınsa, qatla qoy fizikanı kənara. Müasir dünyamızda elm hər gün yenilənir, inkişaf edir. Yeni-yeni nəzəriyyələr əsasında texnoloji kəşflər meydana gəlir, köhnə nəzəriyyələr yanlış sayılaraq elmin arxivinə ötürülür…
Bax bu gün qloballaşmanın getdiyi bir dövrdə dünya elminə töhfələr verən Azərbaycan alimləri də vardır ki, biz onları ya tanımırıq, ya da az tanıyırıq. Əlbəttə ki, internetdən normal istifadə etməyi bacaran hər kəs axtarış sistemlərində ingilis dilində “Javid Safarov” yazsa qarşısına termodinamika elmi sahəsinə aid çoxsaylı axtarış nəticəsi çıxacaq. Elə mənim yazımın qəhrəmanı da bu insandır – Cavid Səfərov. Bəs kimdir, Cavid Səfərov. Açığını deyim ki, mən də Cavid müəllimi şəxsən 4 il olar tanıyıram. Amma termodinamika sahəsində Almaniyanın Rostok Universitetində çalışan belə bir alim həmyerlimiz haqqında çoxdan məlumatlı idim. 2014-cü ildən sosial şəbəkələr üzərindən, elektron poçt vasitəsilə yazışmalar aparsam da, 2015-ci ildə Cavid müəllimin Bakıda, onun üçün doğma olan Azərbaycan Texniki Universitetində təşkil etdiyi 4-cü “THERMAM-2015” “Maddələrin istilik-fiziki xassələri” Beynəlxalq elmi konfransında daha yaxından tanış oldum. Həmin vaxt həvəskar jurnalist marağım fizik alim marağından bir addım daha önə keçərək Cavid müəllimə gah ala dağdan, gah da qara dağdan məqsədli suallar verərək onu “çarmıxa” çəkdim. Heç özü də bilmədən onun haqqında tam məlumat topladım. Fikrimdə bu dəyərli ziyalı, alim haqqında maraqlı, gözəl bir yazı hazırlamaq idi, lakin hansısa bir qüvvə “əylən, bir az” deyərək məni saxlayırdı. Qismət indiyə imiş.
Qazaxdan başlanan uğurlu yol
1965-ci ildə bizim Qazağın cənnət guşəsi olan Ürkməzli kəndində Telman müəllimlə, Yetər xanımın ailəsində dünyaya göz açan Cavid uşaqlıqdan istedadı, tərbiyəsi, ağlı və savadı ilə hər kəsın sevimlisinə çevrilmişdi. Başqa cür də ola bilməzdi, məncə. Çünki Cavidin də mənsub olduğu Qazax torpağının mayasında elə təhsil, savad, elm, fitri istedad dayanır. Gənc Cavid 1982-ci ildə Ürkməzli kənd orta məktəbini yüksək göstəricilərlə bitirib üzünü Bakıya tutur. Qazaxdan üz tutduğu o böyük yol onu Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) gətirir və bu ali məktəbin “Soyuducu-kompressor maşın və qurğuları” ixtisasına daxil olur. Cavid Səfərovun elmə həvəsi o qədər böyük olur ki, keçilən bütün fənləri yüksək formada, böyük həvəslə mənimsəyir. Ona dərs deyən müəllimlərdən professor Yaşar Naziyev, dosentlər Adil Abbasov, Allahverdi Allahverdiyev, Astan Şahverdiyev, Hüseyn Quliyev, Məhəmməd Kərimov, Şahmurad Şahmuradov və başqalarından termodinamika elminin sirlərini öyrənərək daha böyük həvəslə oxuyurdu. Bir sözlə müqtədir və qayğıkeş şəxsiyyətlər idi müəllimləri. Beşinci kursda oxuyarkən diplom rəhbəri dosent Adil Abbasov ona deyir ki, “sənə son 20 ildə heç kimin işləmədiyi çətin, lakin çox maraqlı bir mövzu verəcəm, onu işləyərsən. Həmin mövzunu dəfələrlə başqa tələbələrə vermək istəmişəm, amma öhdəsindən gələ bilməyəcəyindən ehtiyat eləmişəm”. Cavid isə bu çətin tədqiqat işinin öhdəsindən cəmi 3 aya uğurla gəlir. Nəhayət Cavid Səfərov 1989-cu ildə Azərbaycan Politexnik İnstitutunu №0001 qeydiyyat nömrəli fərqlənmə diplomu ilə bitirərək “Mühəndis-mexanik” ixtisasına yiyələnir. Politexnik İnstitutunu yüksək göstəricilərlə bitirdiyinə görə təyinat seçimini də öz istəyi ilə seçir. O istəyirmiş ki, doğma Qazağı, olmasa ona yaxın bir ərazidə olsun gedəcəyi iş yeri. Ona görə də təyinat siyahısında Qazağa ən yaxın olan Gəncə Avtomobil Zavodunu əmək fəaliyyətinin ilk iş yeri kimi seçir. Lakin yurd sevdalı bu gəncin bu istəyi yarımçıq qalır. Heç işə başlamağa macal tapmamış, Politexnik İnstitutunda diplom layihəsi işlədiyi “İstilik və soyuqluq texnikası” kafedrasından göndərilən təcili teleqram onu geri, yenidən Bakıya qaytarır. Dosent Adil Abbasovun təkidi ilə vurulan teleqram Cavid Səfərovu termodinamika müəllimi kimi yetişdirməyə çağırış idi. Həmin il o, müəlliminin arzusu ilə “İstilik və soyuqluq texnikası” kafedrasında tədqiqatçı-mühəndis kimi əmək fəaliyyətinə başlayır. Almaniyanın Rostok Universitetinədək uzanan uğurlu əmək fəaliyyətinin başlanğıc nöqtəsi də məhz bu vaxtdan start götürür…
Təbii ki, hər bir elmi tədqiqatçı üçün hədəf aspiranturaya daxil olmaq, elmi iş yazmaq və dissertasiya işi müdafiə edərək alim adı almaqdır. Sovetlər İttifaqının dağıldığı o dövrlərdə hər sahədə olduğu kimi elmi sahədə də aspirantlara yerlərin ayrılması da çətin idi. Həmin vaxtlarda Azərbaycan Təhsil Nazırliyinin Elmi-pedaqoji Kadrların Hazırlanması şöbəsinin müavini professor İlham Pirməmmədovun qayğıkeşliyi nəticəsində Cavid Səfərov da 1991-ci ildə Azərbaycan Texniki Universitetində əyani aspiranturaya daxil olur.
Elmi rəhbərləri isə termodinamika sahəsində dünyaca məşhur alimlər Əməkdar elm xadimi, professor Yaşar Naziyev və professor Astan Şahverdiyev müəyyən olunur. Ümumiyyətlə, Cavid Səfərovun keçdiyi mənalı ömür yoluna ötəri səyahət etdikdə, onun istedadını daha da formalaşdıran axtarıcılıq əzmkarlığı, iradəlilik, proqnozlaşdırma qabiliyyəti kimi mühüm faktorların qabarıq formada öndə dayandığını görməmək mümkün deyil. Ona görə də elmi-tədqiqat işləri üzərində yorulmadan, usanmadan işləyən gənc aspirant vaxtından əvvəl – 2 ilə dissertasiya işini başa vuraraq 29 Yanvar 1993-cü ildə “Alifatik spirtlərin və onların binar qarışıqlarının termal xassələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi alır.
Səmimiyyətlə etiraf edim ki, mənim yaxından tanıdığım Cavid Səfərov qarşısına qoyduğu hər bir problemi həll etmək üçün inadlı axtarışlara daha çox yaxınlaşır. Həmin bu yaradıcı-psixoloji keyfiyyətləri isə hər adamda görmək olmur. Heç şübhəsiz ki, bu keyfiyyətlər ona dünyaya ziyalılar, alimlər, bir sözlə dahi şəxsiyyətlər bəxş etmiş Qazax torpağının havası, suyu, əxlaqi-mədəniyyəti ilə keçmişdi. 1993-2004-cü illərdə Azərbaycan Texniki Universitetinin “İstilik və soyuqluq texnikası” kafedrasında baş laborant, assistent, dosent vəzifəsində çalışmış Cavid Səfərova 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən kafedranın dosenti elmi adı verilmişdir. Təbii ki, Azərbaycanda apardığı elmi axtarış və tədqiqatları ilə kifayətlənməyən, elmi-pedaqoji fəaliyyətini beynəlxalq kriteriya və normalar əsasında yenidən qurmaq istəyən Cavid Səfərov dünyanın ən nüfuzlu elmi-tədqiqat mərkəz və universitetlərinə üz tutmağı çoxdan göz altına almışdı. İlk cəhd olaraq 1995-ci ildə Türkiyənin nüfuzlu Bilkent Universitetində elmi təcrübə keçərək ilk beynəlxalq uğuruna imza atmışdır. 2005-ci ilədək kiçikmüddətli konfrans və simpozium tipli beynəlxalq elmi ezamiyyələr Cavid Səfərovun gələcək həyatında böyük rol oynamışdır. Cavid müəllim 2002, 2006-cı illərdə Almaniyanın DAAD (Deutscher Akademischer Austausch Dienst), 2003, 2004, 2007-ci illərdə Aleksandr von Humboldt və 2004-cü ildə Yaponiyanın JSPS (Japan Society for the Promotion of Science) elmi tədqiqat təqaüdlərinə layiq görülən tək-tük alimlərimizdəndir.
2005-2006-cı illərdə isə dosent Cavid Səfərov Almaniyanın Erlangen-Nürnberq Universitetində elmi işçi kimi çalışmışdır. Termodinamika sahəsində apardığı elmi-tədqiqat işləri alman alimlərin marağına və gərəyinə tuş gəldiyindən, Cavid Səfərovun Almaniyada qalmasını və elmi-tədqiqatların bir yerdə aparılmasını təklif edirlər. Beləliklə, minlərlə kilometr uzaqlarda, ziyalılar yurdu Qazaxda doğulan 41 yaşlı alim Cavid Səfərov 2006-cı ildən Almaniyanın Rostok Universitetinin “Texniki Termodinamika” kafedrasında elmi işçi kimi fəaliyyətə başlayır və 2011-ci ildən həmin kafedranın daimi elmi işisi, böyük assistent və qrup rəhbəri kimi görəvlər alır. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, 2007-ci ildən başlayaraq onun rəhbərliyi ilə Rostok Universitetində “Mayelərin istilik-fiziki xassələri” elmi laboratoriyası qurulmuşdur. Dosent Cavid Səfərov öncə həmin tədqiqat qrupunun rəhbəri daha sonra isə yaradılan laboratoriyanın rəhbəri təyin olunub. Laboratoriyada tam avtomatik işləyən yüksək təzyiqlərdə mayelərin sıxlığının dəqiq ölçülməsi üçün Anton Paar DMA HPM vibrasiya borulu densimeter və sabit həcmli pyezometr qurğuları, izoxor statik metodla işləyən doymuş buxar təzyiqinin ölçülməsi üçün mütləq və differensial metodla işləyən iki müxtəlif qurğu, təzyiq düşgüsü ilə izoxor metodla işləyən mayelərdə qaz həllolması, SVM 3000 Ştabinger metodlu viskozimetri, Anton Paar MCR 302 reometri, akustik yuvanın titrəmə dövrlərinin hesablanması metodu ilə işləyən səs sürətinin ölçülməsi üçün Anton Paar DSA 5000M qurğusu və s. qurğuları vasitəsi ilə yüksək təzyiqlərdə və temperaturun geniş intervalında ionlu mayelərin, dizel və benzin yanacaqlarının, elektrolitlərin orqanik mayelərlə qarışıqlarının, dəniz, okean, çay, geotermal, mineral sularının və digər mayelərin sıxlığının və başqa özəl xassələrinin yüksək dəqiqliklə tədqiq olunması həyata keçirilir.
Doktor Cavid Səfərovun məşğul olduğu çoxşaxəli elmi tədqiqat işlərinin istiqamətləri arasında “Yüksək təzyiq və temperaturlarda mayelərin istilik-fiziki xassələrinin araşdırılması”, “Mayelərdə qazların həll olması”, “Mayelərin doymuş buxarının araşdırılması”, “Mayelər üçün hal tənliklərinin hazırlanması” istiqamətləri üzrə aparılan nəzəri və praktiki tədqiqatlar, yazılan məqalələr dünya alimləri tərəfindən çox böyük maraqla qarşılanır.
Anton Paar DMA HPM vibrasiya borulu densimeter qurğusu
Aşağı temperaturlarda izoxor statik metodlaişləyən doymuş buxar təzyiqinin ölçülməsi üçün mütləq və differensial metodla işləyən qurğu
Yüksək temperaturlarda Izoxor statik metodla işləyən doymuş buxar təzyiqinin ölçülməsi üçün mütləq və differensial metodla işləyən qurğu
Təzyiq düşgüsü ilə izoxor metodla işləyən mayelərdə qaz həllolması qurğusu
Sabit həcmli pyezometr qurğusu
Güman edirəm ki, fizika, kimya, biologiya sahəsinin mütəxəssisləri bu işlərin əhəmiyyəti haqqında daha geniş bilgilərə malikdirlər. Mayelər üzərində bu cür fiziki tədqiqatlar aparan Cavid Səfərov Beynəlxalq su və su buxarı cəmiyyətinin (IAPWS) Almaniya bölməsinin üzvü seçilmişdir. Bir sözlə yüksək təzyiqlərdə mayelərin istilik-fiziki xassələrinin araşdırılması sahəsində elmi-tədqiqat işləri aparan dünyanın aparıcı alimləri sırasında Cavid Səfərovun özünəməxsus yeri və adı vardır. O bu sahədə 400-ə yaxın elmi məqalə və konfrans materiallarının müəllifidir. Məqalələri Amerika Kimya cəmiyyətinin, İngiltərənin Kral cəmiyyətinin, Science Direct, Springer, Taylor & Francis Online və s. kimi ən nüfuzlu impakt faktorlu nəşriyyatların dərc etdirdikləri Acta Chimica Slovaca, Acta Chimica Slovenica, Aquatic Geochemistry, Brazilian Journal of Chemical Engineering, Bulgarian Journal of Science Education, Deep Sea Research Part I: Oceanographic Research Papers, Fluid Phase Equilibria, Fuel, High Temperature, Hungarian Journal of Industry and Chemistry, International Journal of Thermophysics, Journal of Chemical Engineering Data, Journal of Molecular Liquids, Journal of Physical Chemistry B, Journal of Solution Chemistry, Ocean Science, Physical Chemistry Chemical Physics, Physics and Chemistry of Liquids, The Journal of Chemical Thermodynamics, The Journal of Processes of Petrochemistry and Oil Refining, The Journal of Supercritical Fluids, Thermochimica Acta, Zeitschrift für physikalische Chemie və s. jurnallarında çap olunmuşdur. Cavid Səfərov 86 impakt faktorlu məqalənin müəllifidir. Onun H-indeksi 17-dir.
Alman Termodinamika konfransında çıxış zamanı, Berlin Texniki Universiteti, 2009-cu il.
18-ci Milli Standartlar və Texnologiya İnstitutu (NİST) simposiumu, 2009-cu il, Boulder, Kolorado, ABŞ.
28-ci Avropa Tətbiqi Termodinamika simposiumunda bölmə sədrliyi edərkən, Afina, 2015-ci il.
“Koordinasion birləşmələr kimyasi: Analitik kimyanin aktual problemləri” konfransı, Bakı Dövlət Universiteti, 2017-ci il.
Cavid Səfərov harada olsa da hər zaman doğma Azərbaycanına xidmət etməyi ən yüksək səviyyədə görməyə çalışır. Onun dəstəyi sayəsində onlarca alim və mütəxəssis Rostok Universitetinə, Almaniyanın, Avropanın digər nüfuzlu elmi-tədqiqat mərkəzlərinə və universitetlərinə ezam olunaraq, öz tədqiqat işlərini müasir texnoloji qurğu və cihazlarda həyata keçirmiş və indi də bu vacib tendensiya davam etməkdədir. Cavid müəllim Azərbaycan Texniki Universitetində doktorantlara elmi-tədqiqat işlərində istiqamət verərək, bəzi texnoloji məsələlərə dəstək olaraq onların müasir standartlara cavab verən alim kimi yetişməsində böyük rol oynayır. “Web of science”, “Google scholar”, “ResearchGate” kimi beynəlxalq elmi reytinq qiymətləndirilməsində yüksək əmsallarla öndə olan Cavid Səfərov, həmçinin mayelər fizikası və termodinamika ixtisası üzrə Avropanın nüfuzlu elmi mərkəzlərində tədqiqat işləri aparan doktorantların işlərinə opponent olduğundan tez-tez Fransanın, İspaniyanın, Almaniyanın, Türkiyənin universitetlərində olur.
Cavid Səfərovun Almaniyanın Rostok Universitetinin Texniki Termodinamika kafedrasında rəhbərlik etdiyi “Mayelərin istilik-fiziki xassələri” elmi qrupu dünyanın çox saylı elm mərkəzləri ilə müştərək elim araşdırmalar aparır. Bunlara misal olaraq Amerikanın Milli Standartlar İnstitutu (NİST), Florida, Kanzas, Marilend, Wedener Universitetləri, Türkiyənin “Isı Bilimi ve Tekniği” cəmiyyəti, Ankara, Ərzurum, İstanbul, İzmir, Rizə, Samsun, Sivas, Van və s. şəhərlərinin universitetləri, İspaniyanın Barcelona, Saraqosa Universieti, Portuqaliyanın Porto və Yeni Lissabon Universitetləri, Yunanıstanın Tessaloniki şəhərinin Aristotel Universiteti və Afina Texniki Universiteti, Rusiyanın Moskva, Sankt-Peterburq, Kalininqrad, Kazan, Kursk, Novosibirsk və ş. şəhərlərinin Universitetləri və elmi-tədqiqat mərkəzlərini, eləcə də Avstriya, Belorus, Fransa, İsveç, İtaliya, Misir, Norveç, Polşa, Ruminiya, Səudiyyə Ərəbistanı, Sloveniya və c. ölkələrin müxtəlif elm mərkəzlərini göstərmək olar.
Azərbaycan elm mərkəzləri ilə əlaqələr
Cavid Səfərov Almaniyada çalışdığı ilk illərdən bu günə qədər Rostok Universitetinin Azərbaycan Respublikasının elm mərkəzləri ilə əməkdaşlığı sahəsində çoxsaylı işlər görmüşdür. Bu sahədə, təhsil aldığı və uzun müddət çalışdığı Azərbaycan Texniki Universiteti ilə Rostok Universitetinin artıq 18 ildən çox olan əməkdaşlığı gözəl bir nümunədir. 2012-ci ildə Rostok Universitetinin rektoru professor Wolfqanq Schareck Rostock Universitetin professor heyəti ilə birlikdə Bakıda yerli elmi potensial ilə tanış olmuşdur. Həmin il Bakıda Azərbaycan Texniki Universiteti və Rostok Universiteti arasında rəsmi əməkdaşlıq protokolu imzalanmışdır. Azərbaycan Texniki Universitetinin qərarı ilə Rostok Universitetinin “Texniki Termodinamika” kafedrasının müdiri, professor Eqon Hassel AzTU-nun fəxri doktoru adına layiq görülmüşdür.
Professor Eqon Hasselə AzTU-nun fəxri doktoru adı verilir
Professor Eqon Hassel və Cavid Səfərov Azərbaycana mütəmadi səfərlər edərək elmi işçilər və tələbələr qarşısında mühazirələr oxuyur, AzTU-da elmi dissertasiya müdafiələrində iştirak edirlər. Hər il AzTU-nun əməkdaşları Rostokda elmi işlər aparmağa gəlirlər. Bu illər ərzində texniki termodinamika sahəsində, xüsusilə də texniki proseslər üçün istilik-fiziki xassələrin ölçülməsində birlikdə elmi araşdırmalar aparılmış, 200-dən artıq beynəlxalq miqyaslı məqalələr və konfrans materialları dərc edilmişdir. Hal-hazırda 10-a yaxın elmi istiqamətlərdə araşdırmalar aparılır. Bu günə qədər AzTU-nun 10 əməkdaşı bu birgə elmi araşdırmaların nəticəsində PhD və elmlər doktoru elmi dissertasiyalarını müdafiə etmişlər. 4 azərbaycanlı alim elmlər doktoru və 4 nəfər PhD dissertasiyası üzərində çalışırlar.
Professor Eqon Hassel AzTU-nun alimlərinə müasir elmi araşdırmalar haqqında məlumat verərkən
Mayelərin istilik-fiziki xassələrinin öyrənilməsi sahəsi illər öncə AzTU-dan Rostok Universitetinə inteqrasiya edilmiş və indi də bu birgə araşdırmalar müvəffəqiyyətlə davam etdirilir. Belə ki, bu illər ərzində çoxsaylı birgə layihələr həyata keçirilmişdir. Xəzər dənizinin, Kür çayının, Azərbaycanın 150-dən artıq geotermal və mineral sularının istilik-fiziki xassələri öyrənilmişdir. Təcrübələr Bakıda və Rostokda aparılır. 2005-ci ildə Aleksandr von Humboldt fondunun maliyyə dəstəyi ilə doymuş buxar təzyiqinin ölçülməsi üçün elmi qurğu AzTU-ya hədiyyə olunub. Daha sonra 2016-cı ildə Rostok Universitetində hazırlanmış və dünyada analoqu olmayan 3 laboratoriya qurğusu tələbələrin istifadəsi üçün AzTU-ya təhvil verilmişdir.
Azərbaycan elm mərkəzləri ilə olan əlaqələr sırasında daha bir uğurlu əməkdaşlıq Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Elmi Tədqiqat İnstitutu ilədir. İnstitutun direktoru akademik Vaqif Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti 2013-cü ildə Rostokda elmi səfərdə olmuşlar və Rostok Universiteti ilə birlikdə hər iki elm mərkəzləri arasında əməkdaşlıq protokolu imzalamışlar. Qısa müddət ərzində institutun 4 elmi işçisi Rostoka ezam olunmuş və 1 il ərzində ən müasir qurğularda neft və kimya sahəsində əhəmiyyətli elmi işlər yerinə yetirmişlər. Bu işlər bu gün də davam etdirilir.
Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Elmi Tədqiqat İnstitutunda elmi əməkdaşlığın müzakirəsi zamanı
Hal-hazırda Azərbaycan neft və kataliz məhsullarının istilik-fiziki və kimyəvi xassələri Rostok Universitetin və Neft-Kimya Elmi Tədqiqat İnstitutunun laboratoriyalarında birgə tədqiq edilir. Bu cür əməkdaşlıq gənc azərbaycanlı elm adamlarına daha çox lazımdır və onların beynəlxalq biliklərə yiyələnməsinə imkanlar yaradır. Gənc elmi işçilər xaricdə aldığı elmi bilikləri sonra Azərbaycanda tətbiq etmək imkanı qazanırlar.
Alimin Almaniyadakı diaspor fəaliyyəti
Azərbaycan hər bir azərbaycanlının vətənidir. Vətən isə bütün dəyərlərin ən alisidir. Ona görə də Vətəndən kənarda yaşayanda da gərək Vətəninlə nəfəs alasan. Dr. Cavid Səfərov fəxrlə qeyd etdi ki, Azərbaycanın hərtərəfli tanıdılması yolunda Almaniyada çoxsaylı tədbirlər həyata keçirilir. Azərbaycan dövlətinin Almaniyada təşkil edilən mədəni, siyasi proqramlar bu sahədə çox böyük rol oynayır. Alman elmi ictimaiyyəti arasında xüsusi nüfuza malik olan Cavid Səfərovun Azərbaycan Respublikasının Almaniyadakı səfirliyi ilə çox sıx əlaqələri var. O mütəmadi olaraq səfirliyin təşkil etdiyi mədəni-kütləvi tədbirlərdə iştirak edir.
Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri, cənab Ramin Həsənovla birlikdə
Bu tədbirlərdə, eyni zamanda, Rostok Universitetinin əməkdaşları da böyük maraqla iştirak edirlər. Bundan başqa Rostokda dəfələrlə Azərbaycanla bağlı tədbirlər təşkil edilmişdir. Cavid müəllim Almaniyada Azərbaycan diaspor cəmiyyətləri ilə sıx əlaqələr saxlayır, tez-tez müxtəlif siyasi və mədəni tədbirlərdə fəal iştirak edir. Amma bir elm adamı kimi Cavid müəllim hesab edir ki, onun əsas vəzifəsi Azərbaycan elminin, elmi mərkəzlərin, universitetlərin Almaniyada təbliğatının olması və alman universitetləri ilə onların elmi əlaqələrinin yaradılması və inkişaf etdirilməsidir. Məhz buna görə də o əsasən diaspor fəaliyyətini Azərbaycan elm mərkəzlərinin Almaniya universitetləri, elmi-tədqiqat institutları ilə əlaqələrinin qurulması və inkişaf etdirilməsində görür.
Təbii ki, hər bir elmi-tədqiqat işi aparan alimin işinin məhsuldarlığının bir göstəricisi də onun pedaqoji fəaliyyəti ilə bağlıdır. Çünki elmdə əsas nəticə nəzəriyyənin praktikada, praktikanın isə nəzəriyyədə tətbiqi ilə qazanılır. Cavid Səfərov da 1989-cu ildən Azərbaycan Texniki Universitetində pedagoji fəaliyyətə başlamış və hazırda Almaniyanın Rostok Universitetinin “Texniki Termodinamika” kafedrasında pedagoji fəaliyyətini başarı ilə davam etdirir. O, alman və ingilis dillərində tələbələrə “Texniki termodinamika”, “İstilik-kütlə mübadiləsi”, “Qarışıqlar termodinamikası”, “Soyuqluq texnikası”, “Alternativ enerji mənbələri”, “Yanma termodinamikası” və s. fənnlərdən mühazirə, laboratoriya və seminar məşğələləri aparır, bakalavr və magistr diplom layihələrinə rəhbərlik edir. Dosent Cavid Səfərov 1 dərslik, 1 monoqrafiya və 4 dərs vəsaitinin müəllifi kimi pedaqoji sahədə də öz möhürünü vurmuş istedadlı müəllimlərimizdən biridir.
Fizika sahəsinin mütəxəssisi kimi deyə bilərəm ki, istənilən bir alimin alim kimi tanınmasında, formalaşmasında onun elmi tədqiqatları sayəsində təbii formada yaradılmış elmi məktəblər böyük rol oynayır. Oçerkimin qəhrəmanı Cavid Səfərovun da əldə etdiyi elmi uğurlarına, keçdiyi həyat yoluna nəzər saldıqda görürsən ki, o öz elmi məktəbini yarada bilən alimlərdəndir. Cavid müəllimin alim kimi daha bir üstün göstəricisi də vardır. Belə ki, Cavid Səfərov 2012-ci ildən başlayaraq hər il “Maddələrin istilik-fiziki xassələri” beynəlxalq konfransını təşkil edir. İlk iki konfrans Prof. Eqon Hassel və Cavid Səfərovun rəhbərliyi ilə 2012 və 2013-cü illərdə Almaniyada Rostok Universitetində, 2014-cü ildə Prof. İsmail Tavmanın da həmsədrliyi ilə Türkiyənin Dokuz Eylül Universiteti ilə birgə “THERMAM-2014” adı ilə İzmirdə və 2015-cı ildə isə Prof. Havar Məmmədovun sədrliyi ilə “THERMAM-2015” adı ilə Bakıda, Azərbaycan Texniki Universitetində təşkil etmişdir. Bakıdakı konfrans olduqca möhtəşəm təşkil olunmuşdur. Belə ki, həmin konfransda dünyanın 13 ölkəsindən 100-dən artıq qonaq iştirak etmişdir.
2015-cı ildə Azərbaycan Texniki Universitetində təşkil etmiş “THERMAM-2015” konfransı
2016-cı ildə 5-ci konfrans “THERMAM-2016” adı ilə yenidən Türkiyənin Dokuz Eylül Universiteti ilə birgə İzmirdə, 6-cı konfrans isə 2017-ci ildə “THERMAM-2017” adı ilə Almaniyanın Rostok Universitetində təşkil olunmuşdur. Artıq həyata vəsiqə qazanmış və dünyada məşhur konfransların reytinq sırsında irəliləyən 7-ci konfrans “THERMAM-2018” adı ilə 26-27 iyul 2018-ci il tarixlərində Prof. Eqon Hassel və Cavid Səfərovun birbaşa rəhbərliyi ilə Almaniyanın Rostok Universitetində təşkil olunmuşdur.
2018-cı ildə Almaniyanın Rostok Universitetində təşkil etmiş “THERMAM-2018” konfransının iştirakçıları
Konfransa dünyanın onlarca universitetindən və elmi-tədqiqat mərkəzlərindən istilik fizikası, mayelər fizikası və termodinamika ixtisasları üzrə müasir elmi tədqiqat işləri aparan 100-dən çox alim, mütəxəssis və doktorant iştirak etmişdir.
Bu sətirlərin müəllifi, bəndəniz də həmin möhtəşəm konfransa – “THERMAM-2018”-ə özəl dəvət almış və orada çıxış etmiş şanslı alimlərdən biri olduğundan birinci oçerki bax buradaca yekun edib, ikinci oçerki yazımın qəhrəmanı, Qazaxdan Rostokadək həyat yolu keçmiş dr. Cavid Səfərovla birgə səfərdə olduğum Rostok Universitetində qeydə aldığım qeydlərim əsasında qələmə alacağam. Sağlıq olsun.
“THERMAM-2018” Beynəlxalq konfransı. Almaniya, Rostok şəhəri
Amma bir şeyi qeyd edim ki, Cavid Səfərovun alimlik fəaliyyəti, elmi məktəbi, Azərbaycan naminə gördüyü işlər və vətən sevgisini bir yazıda, oçerkdə tam əhatəli vermək qeyri-mümkündür. Çünki bu oçerkdə Cavid Səfərov haqqında bir alimin, bir müəllifin gördükləri, müşahidə etdikləri qələmə alınıb. Cavid müəllimi isə Azərbaycanda, Avropada, Amerikada, Afrikada, Asiyada tanıyan yüzlərlə alim, mütəxəssis, tədqiqatçı var…
Fizika üzrə fəlsəfə doktoru (PhD), dosent Yusif Alıyev