“Şərəf” ordenli Vidadi Babanlının 96 yaşı tamam oldu

0
473

Yoxdur bir kimsədən giley-güzarı,
Yazıb-yaratmaqdır dərdi-azarı.
Gördü ki, tükənir şeirin bazarı,
Sınadı bəxtini romanlarda o.

Bu sətirlərin müəllifi, ömrünü əsl Azərbaycan türkünə məxsus kişilik mücəssəməsi kimi yaşayan, böyük Azərbaycan yazıçısı, “Şərəf” ordenli, “Vicdan susanda” romanı ilə yüz minlərlə insanın sevimlisinə çevrilmiş Vidadi Babanlının 96 yaşı tamam oldu. Doğum günündə qızları Leyli, Aygün, oğlu Vüqar, gəlini Tomris, qardaşı oğlu, akademik Məhəmməd Babanlı, nəticəsi Teymur Məhəmmədli ilə birgə “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədov, birliyin idarə heyətinin üzvü Sultanxanım Nəsibova, BDU-nun Mülki Hüquq kafedrasının müdiri, professor Məhəbbət Dəmirçiyeva və yazıçı Varis iştirak edirdilər. Məclisi Qazax mahalının tanınmış ozanı aşıq Avdı Vidadi müəllim istəyinə uyğun olaraq “Ruhani” havası ilə açdı.

Müdrik yazıçı indi onun üçün hər doğum gününün bir yubiley olmasını dilə gətirdi, həyatdan heç vaxt narazılıq etməməyi, məğrur və qürurlu yaşamağı hamıya tövsiyə etdi. Xatirələrini danışdı.

Xüsusən “Vicdan susanda” romanı ilə Kommunist Partiyasının necə qəzəbinə düçar olması, bu romanın vaxtı ilə tək Azərbaycanda deyil, postsovet məkanında necə rüzgar qoparması yada düşdü.

Bu yaşda insanı tək qoymaq olmaz, bu yaşda insanın darıxması ağrılıdır. Ona görə də Vidadi müəllim daim qapısının açıq olmasını, qonaqlı-qaralı olmasını arzulayır. İnsanlarla ünsiyyətinin bir an da olsa kəsilməsi onu qorxudur.

Və təsəvvür edin ki, 100 yaşın nəfəsini duyan 96 yaşlı yazıçı bu yaşında gəlinləri Tomrisə diktə edərək yazdırdığı son təhkiyələrinin işıq üzü görməsini, onlara cəmiyyətin necə reaksiya verəcəyini gözləyir. Bu yaşda belə iti zəka, inanın ki, möcüzədir.

Vidadi müəllimi təbrik edir, ona yetişmədiyi arzusu qalıbsa ona yetişməyi arzu edirik.

Məclisin şirin yerində nəticəsi Moskvadan zəng edərək söylədi: “Mən ulu babama ən azı 100 il yaşamağı arzulayıram. Gerisini isə Allah bilər.”

Dilinə ömründə yalan dəymədi,
Yaltaqlıq eyləyib üzə gülmədi.
Asan yaşamağı şərəf bilmədi
İşıqlı yol seçdi dumanlarda o

Bu şahanə sətirlərin müəllifi, həmişə təmiz vicdanla yaşamış Vidadi müəllimi “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri adından təbrik edir, ona can sağlığı və uzun ömür arzu edirik.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here