Ustad Aşıq Ədalətlə Qazaxda vida mərasimi keçirilmişdir

0
591

Azərbaycanın və türk dünyasının ünlü sənətkarı, ustad Aşıq Ədalətlə bu gün doğma yurdu Qazaxda vida mərasimi keçirilib. Qazax rayon Mədəniyyət Mərkəzində keçirilən vida mərasimində Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatları Kamran Nəbizadə, Ülviyyə Ağayeva, “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, Bakı Dövlət Universiteti Qazax filialının direktoru Vüsət Əfəndiyev və filialın müəllim-tələbə kollektivi, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, görkəmli aşığın ailə üzvləri və KİV nümayəndələri iştirak edib.

Aşıq Ədalət Nəsibov Qazaxda torpağa tapşırılıb

Goyezen.az saytının məlumatına görə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vida mərasimində çıxış edərək bildirib ki, Ədalət Nəsibov Azərbaycan mədəniyyətini, aşıq sənətini dünyanın bir çox ölkələrində təmsil edib. YUNESCO tərəfindən onun ifaları ayrıca lentə alınıb. Ədalət Nəsibovun aşıq yaradıcılığı sahəsindəki xidmətləri dövlət tərəfindən qiymətləndirilib. O, “Əməkdar İncəsənət Xadimi” fəxri adına və Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb, haqqında kitablar yazılıb, filmlər çəkilib. Bu gün Ədalət Nəsibov bizim aramızda olmasa da, o, daim qəlblərdə yaşayacaq və onun yaradıcılığı gənc aşıqlar üçün bir örnək olacaqdır. Ədalət Nəsibov məktəbinin yetirmələri onun adını daim yüksəklərə qaldıracaqlar.

Milli Məclisin deputatı Kamran Nəbizadə, “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, şair Barat Vüsal, Azərbaycan Aşıqlar Birliyi Qazax rayon bölməsinin sədri Camoy Qurbanov, Azərbaycan Aşıqlar Birliyinin sədr müavini Məhəmmədəli Məşədiyev, şair Zaməddin Ziyadoğlu və başqaları çıxış edərək Ədalət Nəsibov haqqında ürək sözlərini qeyd ediblər.

Aşıq Ədalət Nəsibov Qazaxda torpağa tapşırılıb

Ustad aşığın oğlu Hekayət Nəsibov çıxış edərək dəfni yüksək səviyyədə təşkil etdiyinə və onların kədərinə yaxından şərik olduğuna görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ailəsi adından öz dərin minnətdarlığını bildirib.

Vida mərasimindən sonra Aşıq Ədalət vəsiyyətinə uyğun olaraq Qazaxda Ağköynək kənd qəbiristanlığında “Yanıq Kərəmi” havasının sədaları altında torpağa tapşırılıb.

P.S. Ustad Aşıq Ədalətlə vida törəninin və dəfn mərasiminin yüksək səviyyədə təşkil edilməsinə görə “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov İctimai Birliyin üzvləri adından Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova dərin minnətdarlığını və təşəkkürünü bildirir.

Qeyd edək ki, ustad sənətkar Dədə Ədalətin qəbirüstü abidəsinin götürülməsində “Qazax” Xeyriyyə İctimai Birliyi Qazax rayon İcra Hakimiyyəti ilə birgə işlər görəcək.

Allah rəhmət etsin!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here