“Qazax Xeyriyyə” İctimai Birliyinin sədr müavini Arzuman Abdulkərimov Parisdə Qazağın işğal olunmuş kəndlərindən danışıb

0
730

15 dekabr 2017-ci ildə Fransanın paytaxtı Paris şəhərində 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününüə həsr olunmuş konfrans keçirilib. “Balzak” kinoteatrında reallaşan “XXI əsrdə qaçqın və girov məsələsi Azərbaycan nümunəsində” adlı tədbir Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyev əsas müzakirə mövzusu olmuşdur.

Fransadakı Azərbaycan Mədəniyyəti mərkəzinin, Parisdə yerləşən “ULDUZ” cəmiyyətinin, “Hilal” İctimai Birliyinin və QHT forumu Diasporla Əlaqə Departamentinin təşkilatçılığı ilə baş tutan Konfransda fransız vəkil Alen ­Tremolyer Dağlıq Qarabağ münaqişəsinə, onun nəticələrinə, Azərbaycanın ərazi bütövlüyünə diqqət çəkib, cəbhə xəttində erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilən mülki şəxslərdən, öz doğma torpaqlarında girov götürülmüş azərbaycanlılardan danışıb.

Sonra rejissor Maksim Mardukayevin “Qarabağ, səni tərk etmirəm” (“Karabagh, je ne te quitte pas”) adlı 50 dəqiqəlik sənədli film nümayiş olunub. Azərbaycanlı qaçqın və məcburi köçkünlərə həsr olunmuş film doğma yurdlarından didərgin salınmış insanların köhnə qatar deposunda sığınacaq tapmalarından, çətinliklərlə üzləşmələrindən və bütün bunlara baxmayaraq, doğma evlərinə qayıtmaq həsrəti ilə yaşamalarından bəhs edir.

Qazaxib.az sayt daxil olan məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd öz dədə-baba yurdlarını ziyarətə gedərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının bərpa olunması olub.

Tədbirdə, həmçinin Fransa ictimaiyyətinin nufuzlu nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri, incəsənət və mədəniyyət xadimləri iştirak ediblər.

Çıxış edən natiqlər Ermənistanın işğala son qoymasını, Dilqəm Əsgərov və Şahbaz Quliyevin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirdilər.
Fransada Dilqəm Əsgərov və Şahbaz Quliyevə görə tədbir keçirilib – FOTOLAR
Bildirilir ki, erməni lobbisinin konfransın baş tutmaması üçün bütün çirkin vasitələrə əl atmasına baxmayaraq, tədbir çox yüksək səviyyədə işini başa vurub. Tədbirdə “Qazax Xeyriyyə” İctimai Birliyinin sədr müavini, “HİLAL” ictmai birliyinin rəhbəri Arzuman Abdulkərimov, özünün geniş nitqində həmçinin Qazağın işğal olunmuş kəndlərindən də danışaraq, Qazaxda da soydaşlarımızın ermənilərin soyqırımına məruz qaldıqlarını bildirıb.

“Hörmətli xanımlar və cənablar!

Sizləri tədbirdə salamlamaqdan məmnunluq duyuram. Bu günkü tədbirimiz çox önəmli mövzuya həsr olunub.

Avropa Şurasının üzvü olan Ermənistan neçə illərdir ki, Avropa Şurasının digər üzvü olan Azərbaycanın Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı rayonları işğal altında saxlayır. Təəssüflə bildirməliyəm ki, Ermənistanın torpaq iddiaları yalnız Dağlıq Qarabağ və ona bitişik ərazilərlə məhdudlaşmır. Nümunə olaraq deyə bilərik ki, Ermənistan işğal siyasətini Qarabağdan 150 km məsafədə uzaq bir ərazidə yerləşən Azərbaycanın Qazax rayonunda (burada ermənilər kompakt halda yaşamayıb) da həyata keçirmişdir. Belə ki, Qazax rayonunun yalnız azərbaycanlıların yaşadığı 7 kəndi – Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara Aşağı Əskipara, Xeyrimli Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ilin martın 23-dən 24-ə keçən gecə hücuma məruz qalmış və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal edilmişdir. Bununla da Ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşmüşdür.

İşğal nəticəsində yerli azərbaycanlılar dədə-baba yurdlarından didərgin salınmış, soyqırıma məruz qalmışlar. İndi heç bir azərbaycanlı dogma torpaqlarını ziyarət edə bilmir. 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını, yaxınlarının məzarını ziyarət etməyə gedərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Biz bu hadisələrə qəti şəkildə etiraz edirik. Bu şəxslər hansısa dövlətin sərhəddini qanunsuz olaraq keçməyiblər, kiməsə qarşı cinayət əməli törətməyiblər. Ermənistan tərəfindən işğal edilmiş doğma yurdlarına, ata-baba ocağına ziyarətə gediblər. BMT-nin, Avropa Şurasının, İslam Konfransı Təşkilatının, digər beynəlxalq təşkilatların və dövlətlərin qəbul etdiyi qərarlara, çağrışlarına əhəmiyyət verməyən Ermənistan qanunsuz olaraq işğal altında saxladığı Kəlbəcər rayonunu ziyarətə gəlmiş azərbaycanlıları həbs etməklə növbəti dəfə beynəlxalq hüquqa, bəşəri prinsiplərə hörmətsizliyini göstərmiş, onu kobud surətdə pozmuşdur.

Bu bir daha sübut edir ki, Ermənistan dövləti azərbaycanlıların öz doğma torpaqlarında yaşamaq hüququnu tanımır, onun sülh haqqında bəyanatları saxtadır, bəşəri dəyərləri tapdalamaq onlar üçün adi haldır. Heç bir dövlət tərəfindən tanınmayan qondarma “Dağlıq Qarabağ Respublikası” adlı qurumun oyuncaq “məhkəmə”si tərəfindən Dilqəm Əsgərov və Şahbaz Quliyevin “mühakimə” olunması qanunlara və insan hüquqlarına, beynəlxalq hüquqa ziddir. Bütün bu qanunsuzluqları və özbaşnalıqları ictimaiyyətə çatdırmaq üçün 2016-cı il noyabrın 23-də Bakıda Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiə komitəsi yaradılıb. Müdafiə komitəsinə 80-ə qədər üzv qəbul olunub. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəliyi müntəzəm olaraq girovlara baş çəkir. Onların məktublarını ailələrinə çatdırır. Dilqəm və Şahbaz adətən məktublarında normal olduqlarını qeyd edirlər. Lakin bəzi hallarda məktubda bəzi cümlələr qaralanmış formada olur. Bu da bizdə onlara işgəncə verilməsi ilə bağlı ciddi şübhələr oyadır. Bu da özlüyündə əsir və girovlarla bağlı beynəlxalq konvernsiyaların pozulması deməkdir. 2017-ci il 30 yanvarda Ukraynanın Milli Qəhrəmanı və deputat Nadejda Savçenko Dilqəm Əsgərov və Şahbaz Quliyevə dəstək bəyanatı yayıb və onların beynəlxalq səviyyədə müdafiəsinə qoşulacağını bildirib.

Aytan Mouradova adlı şəxsin şəkli.

Elnur Elturk adlı şəxsin şəkli.

Arzuman Abdulkərimov adlı şəxsin şəkli.Aytan Mouradova adlı şəxsin şəkli.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov 2017-ci il 11-22 sentyabr tarixlərində Varşavada ATƏT-in insan haqları ilə bağlı illik sammitində iştirak edib. Varşavada avropalı diplomatlarla təkbətək görüşlərdə bu məsələ onların diqqətinə çatdırılıb. Onlar söz verdilər ki, öz ölkələrində bu məsələni qaldıracaq və diqqətdə saxlayacaqlar. Lakin hələ də nəticə yoxdur.

Lakin görülən işlərə baxmayaraq Ermənistan tərəfi qanunsuz fəaliyyətindən əl çəkmir, girovları azad etmir. Fransa ATƏT-in Minsk Qrupunun həmsədridir. Biz Fransa ictiamiyyətindən, səlahiyyətli şəxslərindən bu məsələdə hər iki şəxsə dəstək olmağı, onların azad olunmasına yardım etmələrini istəyirik.

Avropa Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşları Firuzə Asgarova və Albina Veselovanın Ermənistana qarşı iş üzrə kommunikasiya başlayıb. “Avropa Məhkəməsi Konvensiyanın 3-cü maddəsi (tutularkən, saxlanıldığı dövrdə, mühakimə olunan zaman qeyri insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması), 5.2 (tutularkən başa düşdüyü dildə həbsinin izah olunması), 5.3 (qanunla yaradılmış səlahiyyətli məhkəmə qarşısına çıxarılma), 5.4 (həbsin qanunsuzluğunu mübahisələmdirmək üçün effektiv vasitəyə malik olma), 6.1 (ədalətli və açıq məhkəmə araşdırılması hüququ), 6.2 (dövlət qurumlarının onlar barəsində yaydığı bəyanatların təqsirlsizlik prezumpsiyası hüqqunun pozması), 6.3 a bəndi (ittihamların başa düşüldüyü dildə məlumatlandırılmaları), 6.3 b bəndi (müdafiə üçün lazımi vaxt və imkana malik olma), 6.3 c bəndi (effektiv müdafiəyə malik olma), 6.3 e bəndi (tərcüməçinin köməyindən istifadə etmə), 8 (doğma torpaqlarını ziyarət etmə ilə şəxsi və ailə həyatına hörmət hüququnun pozuntusu), 4 saylı protokolun 2-ci maddəsi (tanınmamış sərhədin qanunsuz keçirməyə görə ittiham olunmalarının hərəkət etmək azadlığını pozması), bu sərhəd keçmənin 7-ci maddəyə görə cinayət əməli hesab edilib edilməməsi, 13-cü maddə (effektiv müdafiə vasitələrinə malik olma), 14 (etnik və ya milli ayrı seçkiliyə məruz qalma) maddələrinin pozuntusunun olub olmaması ilə bağlı Ermənistan hökümətinə suallar ünvanlayıb”.

Daha sonra Parisdəki Ermənistan səfirliyinin qarşısında, Dilqəm Əsgərov və Şahbaz Quliyevə həsr olunmuş etiraz aksiyası keçirilmişdi. Parisdəki Azərbaycan diasporunun, Fransa ictimaiyyətinin nümayəndələrinin qatıldığı aksiya kəskin etirazlarla müşaiyyət olundu. Eemənistan əleyhinə şüarlar səsləndirilərək, Dilqəm Əsgərov və Şahbaz Quliyevin qeyd şərtsiz azad olunması tələb olundu.

Parisdə Ermənistan səfirliyi önündə Dilqəm və Şahbazla bağlı aksiya keçirildi – FOTOLAR

19 dekabrda isə tədbirin davamı olaraq “Qazax Xeyriyyə” İctimai Birliyinin sədr müavini, “Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov və QHT forumu Diasporla Əlaqə Departamentinin sədri İlqar İlkin Rusiyanın paytaxtı Moskvada “Milli-mədəni avtonomiyanın vətəndaş cəmiyyəti və insan hüquqlarının qorunmasında rolu” mövzusunda dəyirmi masada da iştirak ediblər. “Tədbir azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə həsr olunmuş sənədli filmlə başlayıb. Tədbiri “Yabloko” blokundan gender məsələləri üzrə fraksiya rəhbəri, siyasi elmlər doktoru, professor Qalina Mixaylovna açaraq, bildirib ki, insan hüquqları müasir dünyanın əsas prioritet məsələsidir və bu məsələyə təmsil etdiyim siyasi qurum ciddi dəstək verməklə,cəmiyyətdə onu həm də nəzarətdə saxlayır. Həmçinin tədbirdə çıxış edənlər qeyd ediblər ki, bütün dünya, o cümlədən Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və girovlar da məhz həmin ərazilədə həbs olunublar. Buna görə də girovalar dərhal azad olunmalı, Ermənistan həm də mülki əsirlərlə bağlı davranışlarına görə beynəlxalq aləm tərəfindən, eləcə də insan hüquqları təşkilatlatı tərəfindən qınağa cəlb olunmalıdır.

Arzuman Abdulkərimov adlı şəxsin şəkli.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here