Son illər Azərbaycan ədəbiyyatında ərsəyə gələn yeni-yeni əsərlər, mədəniyyət xadimlərinin ortaya qoyduğu böyük işlər bu sahəyə də dövlət qayğısının olduğundan xəbər verir. Sözün tam mənasında deyə bilərik ki, sadalanan bütün sahələrin inkişafı dövlət başçımız cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində əldə olunmuşdur. Təbii ki, bu diqqət və qayğının əsasında isə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu strategiya dayanır. Prezident İlham Əliyev daim hərbçiləri, iqtisadçıları, alimləri, təhsil işçilərini, həkimləri, ədəbiyyat və mədəniyyət xadimlərini, jurnalistləri dövlət təltifləri ilə təltif edir, fəxri adlar verir, mənzil şəraitlərinin yaxşılaşdırılması üçün yeni mənzillərlə təmin edir, fərdi təqaüdlərlə mükafatlandırır. Bütün bunlar ölkənin inkişafı üçün çalışan insanların hər birinin öz sahələrində daha böyük uğurlar əldə etməsinə zəmin yaradır. Çox böyük fəxarət hissi ilə deyə bilərik ki, cənab Prezidentin rəhbərliyi altında ölkənin hərtərəfli inkişafında Qazax-Ağstafa bölgəsindən olan tanınmış alim və mütəxəssislərin də böyük rolu olmuşdur. Buna görə də əslən bu bölgədən olan insanlar mütəmadi olaraq yüksək xidmətlərinə görə dövlət təltifləri ilə təltif olunur, fəxri adlara və yüksək elmi adlara layiq görülürlər. “Qazax” Xeyriyyə İctimai Birliyi yarandığı gündən Qazax-Ağstafa bölgəsinin belə tanınmış insanlarını daim bir araya gətirərək, əldə edilmiş uğurlarla və qarşıda duran işlərlə bağlı fikir mübadiləsi aparır, onlar haqqında geniş ictimaiyyətə məlumatlar verir, onların dövlət və xalq qarşısındakı böyük işlərini, uğurlarını təbliğ edir. May ayının 20-də “Qazax” Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə respublikanın ictimai-siyasi, iqtisadi, elm, təhsil, səhiyyə və mədəniyyət sahəsində fərqlənərək ölkə Prezidenti tərəfindən orden və medallarla təltif edilmiş, fəxri adlar verilmiş, AMEA-nın müxbir və həqiqi üzvlüyünə seçilmiş həmyerlimiz olan tanınmış insanlarla görüş keçirilmişdir. Qeyd edək ki, may ayının 10-da Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycanın xalq şairi Nəriman Həsənzadəyə Heydər Əliyev Mükafatının verilməsi haqqında sərəncam imzalamışdır. Bu münasibətlə “Qazax” Xeyriyyə İctimai Birliyi Azərbaycanın xalq şairi Nəriman Həsənzadəni təbrik etmək üçün onun şərəfinə ziyafət təşkil etmişdir. Bundan başqa, cənab Prezidentin müvafiq sərəncamları ilə “Odlar Yurdu” Universitetinin rektoru, professor Əhməd Vəliyev “Şöhrət” ordeni ilə, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov “Tərəqqi” medalı ilə təltif edilmiş, Azərbaycan Respublikasının Əməkdar artisti aktyor Sabir Məmmədov növbəti dəfə Prezident mükafatına layiq görülmüş, “Şöhrət” ordenli texnika elmləri doktoru Qasım Abdullayevə “Əməkdar mühəndis” fəxri adı verilmişdir. Tədbirdə təltif olunmuş laureatların ünvanına xoş sözlər deyildi. Bununla yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir və həqiqi üzvlüyünə keçirilən seçkilərdə AMEA-nın həqiqi üzvü seçilmiş professor Nizami Cəfərov, professor Şahin Mustafayev, AMEA-nın müxbir üzvü seçilmiş professor Misir Mərdanov, professor Arif Məmmədov, professor Məhəmməd Babanlı, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının sədri seçilmiş Ramiz Göyüşov, bu yaxınlarda 60 yaşı tamam olmuş Kənd Təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov haqqında dəyərli fikirlər səslənərək, onlara fəaliyyətlərində uğurlar arzulandı. Tədbirin aparıcısı, “Qazax” Xeyriyyə İctimai Birliyinin Ağsaqqallar Şurasının sədri, akademik Teymur Bünyadov bu mötəbər tədbiri təşkil etdiyinə görə “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədova təşəkkürünü bildirdi. Sonda “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov Qazax-Ağstafa ictimayiəti adından cənab Prezident İlham Əliyevə əslən mahalımızdan olan alim və mütəxəssislərin əməyini yüksək qiymətləndirdiyinə görə dərin minnətdarlığını bildirdi.

qazaxib.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here