Prezident İlham Əliyevin sərəncamı ilə Məhərrəm Əhmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir

0
1694

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdir müavini Məhərrəm Əhmədov dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, Vidadi Bayramov İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Məhərrəm Camal oğlu Əhmədovu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayır. Məhərrəm müəllimə bildiririk ki, biz sizinlə fəxr edirik!

P.S. Məhərrəm Camal oğlu Əhmədov 25 yanvar 1954-cü ildə Bakı şəhərində ziyalı ailəsində doğulub. 1971-ci ildə 161 nömrəli tam orta məktəbi bitirib. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində ərəb filologiyası üzrə təhsil almışdır.

1977-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır. Məhərrəm Əhmədov dilçilik üzrə tanınmış alim, professor Vaqif Aslanovun rəhbərliyi ilə “Azərbaycan dilinin tarixi” ixtisası üzrə namizədlik dissertasiya işi müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. SSRİ dövründə M.Əhmədov uzun müddət Misir Ərəb Respublikasında və Liviya Respublikasında hərbi tərcüməçi kimi çalışmışıdır.

Ulu öndər Heydər Əliyevin sərəncamı ilə Məhərrəm Əhmədov 1994-1997-ci illərdə Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyi münasibətilə yaradılmış Dövlət Komissiyasının işçi qrupunun rəhbbəri olmuşdur.

1997-ci ildən Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsində baş məsləhətçi, böyük məsləhətçi, 2005-ci ildən indiyə kimi isə şöbə müdirinin müavini vəzifəsində çalışır. 2-ci dərəcəli Dövlət müşaviridir. 

Məhərrəm Əhmədov işlədiyi müddətdə Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə “Dövlət qulluğunda fərqləndiyinə görə” medalı, “Əməkdar dövlət qulluqçusu” fəxri adı, hazırda isə “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

Məhərrəm Əhmədovun atası görkəmli alim-pedaqoq professor Camal Əhmədov Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. O, uzun illər Bakı Dövlət Universitetində professor Mir Cəlal Paşayevin rəhbərlik etdiyi “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının professoru olmuşdur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here