Noyabr ayında pedaqoq, yazıcı, publisist, media üzrə ekspert Atamoğlanova Natəvan Dəmirçi qızının (Natavan Dəmirçioğlu) anadan olmasının 55 yaşı, professional yaradıcılığının 30 ili tamam olur. 

İstedadlı və tatınınmış yazıçı Natavan Dəmirçioğlu da daim Qazax mahalının təəssübünü çəkən, el-obasına bağlı, “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyətində həmişə yaxından iştirak edən ləyaqətli bir insan kimi hər kəsin dərin hörmət və ehtiramını qazanmışdır.

“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə,  akademik Şahin Mustafayev, akademik Nizami Cəfərov İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Natavan Dəmirçioğlunu doğum günü və professional yaradıcılığının 30 illiyi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırlar. 

P.S. Mansurova – Atamoğlanova Natəvan Dəmirçi qızı (Natəvan Dəmirçioğlu) 1 noyabr, 1963-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1984-1989-cu illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Hələ tələbəlik illərindən dövrü mətbuatla və Respublika Radiosu ilə əməkdaşlıq edərək, yeni ruhlu və orjinal formatlı yazılarla çıxış edib. Universiteti bitirdikdən sonra -1998-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində əvvəl müxbir (1989),  sonra kiçik redaktor (1989-1991), redaktor (1991-1994), böyük redaktor (1994-1995) kimi fəaliyyət göstərib. 1995-ci ildən hal-hazıra qədər Azərbaycan Beynəlxalq Radiosunun Cənubi Azərbaycan şöbəsinin müdiri vəzifəsində çalışır.

Natəvan xanım yaradıcılığa erkən yaşlarından- hələ orta məktəbdə oxuyarkən başlayıb. İlk yazılarından yalnız “Bir ovuc torpaq” hekayəsi 80-ci illərin ortalarında Qazağın “Qalibiyyət bayrağı” adlı qəzetində nəşr olunub. Bunun ardınca bir pyes və “Avey əfsanəsi”, “Dözüm” hekayələrini yazıb. Sonra onun imzasının ciddi ədəbiyyat faktı kimi qəbul olunmasına səbəb olan “Üç nöqtə” və “Səbət” povestləri “Azərbaycan” jurnalında dərc edilib. Bu qələm məhsulları gənc yazıçıya uğur gətirib. O 1999-cu ildə  Ulu Öndər Heydər Əliyevin imzası ilə gənc yazarlara verilən birillik prezident təqaüdünə layiq görülüb. Bunun ardınca “Yetim” povesti Natəvan Dəmirçioğlu imzasını püxtələşmiş yazıçı olaraq ədəbi ictimayyətə tanıtdı. Müəllif Azərbaycan Ədəbiyyat Fondunun ”Qılınc və Qələm” mükafatına ( 2004-cü il) layiq görüldü.  

Bu əsərlərin və həcmcə kiçik olsa da ibrətamiz məna yükü daşıyan “Kəlağayı” hekayəsinin daxil edildiyi “Birinci kitab”ı 2006-cı ildə işıq üzü gördü. Müəllifin “Birinci kitab”ını mütəxəssislər müasir Azərbaycan nəsrinin ədəbi hadisəsi hesab edirlər. Tezliklə müəllifin ilk kitabı rus dilinə tərcümə olunaraq Moskvanın ədəbi mühitində yetərincə nüfuzlu olan “Filinta” nəşriyyatında “Kniqa pervaya” adı ilə dərc edildi. Bunun ardınca xanım yazar “İlin qadın yazıçısı” (2010-cu il) elan edildi. 2010-cu il müəllifə daha bir uğur gətirdi. O Azərbaycan Prezidenti cənab  İlham Əliyevin imzası ilə ikinci dəfə prezident təqaüdünə layiq görüldü. Natəvan xanım bir sıra yaradıcılıq birliklərinin üzvüdür, dəfələrlə fəxri fərmanlarla və diplomlarla təltif edilib.

Natəvan Dəmirçioğlunun əsərlərini ədəbiyyatşünaslar müasir, dünyəvi proza nümunələri, eyni zamanda milli, spesifik nəsr hesab edirlər. Onun yaradıcılığı bədii tutumuna, etnoqrafik keyfiyyətinə, dil təmizliyinə, yeni obrazlarla zəngin olmağına, orjinal üslubuna  və sair cəhətlərinə görə  filoloji fikrimizin daim diqqətini çəkir. Natəvan Dəmirçioğlunun əsərləri dünyanın bir sıra dillərinə – ingilis, fars, rus, dillərinə tərcümə olunub, türkiyə kürkcəsinə uyğunlaşdırılıb. Onun Bakıda, Moskvada, İstanbulda kitabları çap edilib, Amerikada, Tehranda, Ankarada əsərləri nəşr olunub. “Yetim” əsəri Türkiyədə “Ölmədən öncə okumanız gərəkən 1001 kitab” seriyasından “2014-ün ən iyi əlli romanından biri” nominasiyasında nəşr olunub. Xanım yazar Natəvan Dəmirçioğlu hazırda “Açar” romanı üzərində işləyir.

İxtisasca jurnalist olan Natəvan xanımın peşə fəaliyyəti Respublika radiosunun incəsənət şöbəsi, sonra isə ədəbiyyat şöbəsi ilə bağlı olub. Burada “Qayğı” bədii-publisistik proqramın, “Şəbəkə”, İncəsənət salonu” verlişlərinin fəal yazarı, sonra isə “Müqəddəslik və müqəddəslərimiz”, “Qalmaz belə dünya” müəllif verlişlərinin yaradıcısı, “Ovqat” verlişinin ilk yazarlarından biri, eyni zamanda, populyar “Bulaq” verlişinin ilk qadın müəllifi kimi tanınıb. Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin təbliğində, ictimai şüurun yetkinləşməsində verlişləri vasitəsilə yaxından iştirak edib. Dəfələrlə cəbhə bölgəsindən, birbaşa səngərdən verlişlər hazırlayıb. O, xtisaslı, professional radiojurnalist kimi Azərbaycan Beynəlxalq Radiosunun Cənubi Azərbaycan redaksiyasında işini davam etdirir. Son dərəcə ciddi, məsuliyyətli, yaradıcılıq qabiliyyəti və vətandaş yanğısı tələb edən bu fəaliyyət sahəsinə ömrünün 23 ilini verib. Bu illər ərzində Cüney Azərbaycandakı soydaşlarımızın vətənlə mənəvi əlaqəsinə, onların öz tarixi soyköklərinə bağlılığına, mədəniyyətləri ilə tanışlığına, folklorları, milli musiqiləri ilə ünsiyyətlərinə çalışıb, onlara mənəvi dayaq olub.

Cüneyə verilən verlişlərilə dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycan diasporunun təşkilatlanmasında, vətənimizin haqları uğrunda mübarizəsində, azərbaycanlıların dünyada tanıdılmasında yaxından iştirak edib. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, milli ideologiyamız olan azərbaycançılıq ideyasını vətəndən kənarda yaşayan soydaşlarımızın şüuruna, milli düşüncəsinə aşılamaq yolunda yorulmadan, davamlı olaraq çalışıb. “El folklor toplusu”, “Qayıdıram Araz boyu”, “ Örnək”, “Yurd arası çəpər olmaz” verlişlərinin yaradıcısı və müəllifi olaraq dövlətimizin diaspor siyasətinə bacardığı qədər kömək göstərib. Hazırda, həmçinin gündəlik “Səhər” proqramının müəlliflərindən biridir. İlk olaraq xarici verlişlərin fondunu yaradıb. Çox sayda verlişləri radiofondda saxlanılır. “Üç nöqtə” və “Səbət” povestləri əsasında hazırlanan radiotamaşalar Azərbaycan Radiosunun Qızıl Fondunda qorunur.

Bütün bunlarla yanaşı O, elmi-pedaqoji fəaliyyətlə məşğuldur. “Güney Azərbaycanda milli mədəniyyətin inkişafında Azərbaycan Beynəlxalq Radiosunun rolu” adlı dissertasiyanı uğurla müdafiə edib, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Elmi məqalələri Rusiyada, Ukraynada, Türkiyədə, Qazaxstanda, Uralda nüfuzlu elmi nəşrlərdə işıq üzü görüb. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimidir. DİM-in jurnalist ixtisası üzrə ekspertidir.
Ailəlidir, iki övladı, bir nəvəsi var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here