Bu gün Xalq artisti Tariyel Qasımovun 80 yaşı tamam olur

0
584

Bu gün “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq artisti Tariyel İsgəndər oğlu Qasımovun 80 yaşı tamam olur. Tariyel Qasımov aktyor kimi onlarca kinoda, teatrda oynadığı rollarla minlərlə tamaşaçı rəğbətini, sevgisini qazanmış böyük sənətkardır. Onun yaratdığı ölməz obrazlar Azərbaycan kino tarixi səlnaməsində xüsusi çəkisi olan rollar olub. Çünki Tarıyel Qasımov hər zaman çəkildiyi kinolarda özünəməxsus rollar ifa edib. Bu da Tarıyel müəllimi bir çox sənətkarlardan fərqləndirən üstün cəhətlərdən biridir. 2018-ci ildə bu xidmətləri dövlət tərəfindən də qiymətləndirilmişdir. Belə ki, Tarıyel Qasımov keçən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə  Xalq artisti Qasımov Tariel İsgəndər oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub

Həmçinin Tariyel müəllim bir ziyalı kimi hər zaman el-obasının təəssübünü çəkən, “Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində həmişə yaxından iştirak edən, ölkəsinə, dövlətinə sadiq əsl vətənpərvər insandır.

Xalq artisti Tarıyel Qasımovun fəaliyyəti “Qazax” Xeyriyyə İctimai Birliyi tərəfindən də daim yüksək tutulur. İctimai Birliyin İdarə Heyətinin müvafiq qərarı ilə Tarıyel İsgəndər oğlu Qasımov Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunması münasibətilə və anadan olmasının 80 illik yubileyi münasibətilə təltif olunmuşdur.

“Qazax”Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, AMEA-nın müxbir üzvləri Məhəmməd Babanlı, Bilal Bilalov, professor Əhməd Vəliyev, Vidadi Bayramov, texnika elmləri doktoru Qasım Abdullayev, İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Xalq artisti Tariyel Qasımovu doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayır. Tarıyel müəllimə bildiririk ki, biz sizinlə fəxr edirik!

P.S. Tariyel İsgəndər oğlu Qasımov 4 fevral 1939-cu ildə Qazax mahalının Köçəsgər kəndində anadan olub. 1956-cı ildə Bədən Tərbiyəsi İnstitutuna qəbul olunub. Bədən Tərbiyəsi İnstitutunda təhsil aldığı zaman Lütfi Məmmədbəyovun dram dərnəyinə getməyə başlayıb. İkinci kurs tələbəsi ikən Gənc Tamaşaçılar Teatrında tamaşada rol alıb. Teatr müdriyyətinin məktubu ilə 1960-cı ildə köçürülmə yolu ilə sənədlərini Teatr İnstitutuna verib. Kino və dram aktyorluğu fakültəsinə – Rza Təhmasibin kursuna qəbul olunub. Üçüncü kursda ikən Dram Teatrına işə qəbul olunub. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1964-cü il oktyabr ayının 1-dən (müəyyən fasilələrlə) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2 il GTT-da işlədikdən sonra Naxçıvan Dövlət Musiqli Dram Teatrına dəvət olunub. 1967-ci ildə İrəvanda yenidən açılan Azərbaycan Teatrının ilk aktyorlarından olub. 1968-ci ildə yenə də Bakıya qayıdıb, kinostudiyada rejissor assistenti kimi işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrına qayıdıb. 1997-ci ildən Qazax Dövlət Dram Teatrına bədii rəhbər və direktor göndərilib. Hazırda Gənc Tamaşaçılar Teatrında çalışır. Azərbaycanfilmdən başqa Türkmənfilm, Tacikfilm, Özbəkfilm, Mosfilm, DEFA (Almaniya) studiyalarında filmlərə çəkilib: “Rüstəm və Söhrab” (1969-1971, Tacikfilm, 3 seriyalı), “Qızıl rəngi” (1975, Türkmənfilm), “Çilidə gecə” (1982, Mosfilm), “Əlvida, yaşıl yay” (1983, Özbəkfilm), “Həyatın mənası” (1983, Özbəkfilm, 2 seriyalı), “Odlu yollarla” (1981-1983, Özbəkfilm, 17 seriyalı), “Sahib” (1983, Özbəkfilm), “Sonya raport verir” (1983, 2 seriyalı, DEFA (Almaniya). Əməkdar artist (1979), xalq artistidir (1991).

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here