“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin Fəaliyyət Planına uyğun olaraq 13 iyul 2019-cu il tarixdə Azərbaycan xalqının böyük oğlu “Artilleriyanın Allahı” general-leytenant Əli ağa Şıxlinskinin anım günü ilə əlaqədar onun Yasamal qəbiristanlığındakı məzarı başında tədbir keçirilmişdir.

Anım tədbirində “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, Xalq şairi Nəriman Həsənzadə, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, general-mayor Mahmud Həmzəyev, polkovnik-leytenant, tədqiqatçı-jurnalist Şəmistan Nəzirli, professor Mahmud Allahmanlı, professor Məhəbbət Dəmirçiyeva, professor Alxan Bayramov, professor Valeh Nəsibli, dosent Məti Osmanoğlu, yazıçı Varis Yolçiyev, tarixçi alim Akif Aşırlı, şairlər Məmməd Əfşan, Zaməddin Həmişəyev, Rafail İncəyurd, şairə Güllü Eldar-Tomarlı, dosent Rövşən Babanlı, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, Kamil Dilbazi, jurnalist Səbinə Yusif, Arif Mirzəyev, Fikrət Xəlilov, Salman Poladov, Arif Əliyev, Hacıvəli Mustafayev, Söylü Vəlizadə və “Qazax” Xeyriyyə İctimai Birliyinin digər üzvləri, media və televiziya təmsilçiləri iştirak etmişdir.

Tədbirdən öncə general Əli ağa Şıxlınskinin, həyat yoldaşı Nigar xanım Şıxlinskayanın, qayınanası Səadət xanım Qayıbzadənin ruhuna dualar oxundu.

Tədbiri giriş sözü ilə açan “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov qeyd etdi ki, biz hər birimiz general Əli ağa Şıxlinskinin kim olmasını, onun həyat yoldaşı Nigar xanıma olan sevgisi haqqında, Azərbaycan ordusundakı xidmətləri ilə bağlı orta məktəb dərsliklərindən, bədii ədəbiyyatlardan bu və ya digər formada məlumatlıyıq. Onun ömrünün son günlərində akademik Heydər Hüseynovla bağlı xatirələrini də xatırlayırıq. Onun hərbi şücaətləri ilə bağlı bir eloğlu kimi, elqızı kimi həmişə fəxr və iftixar hissi ilə daışmışıq. Bu gün də bizi buraya gətirən Əli ağa babamıza olan sevgi və məhəbbətimizdir.

General Əli ağa Şıxlınskinin qəhrəmanlıqları və şücaətləri müqabilində “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin qərarı ilə İctimai Birliyin “General Əli ağa Şıxlinski Diplomu” təsis edilmişdir. İctimai Birliyin İdarə Heyətinin qərarı ilə “General Əli ağa Şıxlinski Diplomu” elm, təhsil, mədəniyyət, hərbi sahədə böyük xidmətləri olan, yüksək ali dövlət mükafatları ilə təltif olunmuş, cəmiyyətdə böyük nüfuz sahibi olan şəxslər təltif olunur, – deyə İ.Pirməmmədov qeyd etdi.

Düşünürəm ki, Əli ağa Şıxlınski kimi hərbi sərkərdələr haqqında hərbi tədqiqatçılar, hərbçilər danışsalar daha yaxşı olardı. Ona görə də çıxış üçün sözü Azərbaycan hərb tarixinin dərin araşdırmaçısı, “Azərbaycan generalları” kitabının müəllifi, polkovnik-leytenant, hərbi jurnalist, Əli ağa Şıxlınskinin araşdırmaçısı Şəmistan Nəzirliyə verirəm, – deyə İ.Pirməmmədov bildirdi.

Hərbi tədqiatçı Şəmistan Nəzirli qeyd etdi ki, hərb tariximizin nadir sərkərdələrindən biri olan general Əli ağa Şıxlinski 1865-ci il aprelin 23-də Qazax qəzasının Qazaxlı, indiki Aşağı Salahlı kəndində ağalıq nəslində anadan olub. Onun atası İsmayıl ağa Əli Qazax oğlu Şıxlinski, əsli 1537-ci ildən başlayan igid bir nəslə mənsub olub, anası Şahyəmən xanım Molla Vəli Vidadinin qız nəvəsidir.


O, 1876-cı ilin avqustunda Tiflis hərbi gimnaziyasının birinci sinfinə daxil olmuş, oranı 1883-cü ildə birinci şagird kimi bitirmişdi. Həmin il Əli ağa Şıxlinski öz təhsilini Sankt-Peterburqda, Mixaylovsk artilleriya məktəbində davam etdirmişdi. 1886-cı il avqustun 11-də Əli ağa Şıxlinski məktəbi podporuçik rütbəsi almaqla birinci dərəcə ilə bitirdi. Podporuçik rütbəindən general-leytenant rütbəsinədək şərəfli döyüş və hərb yolu keçən Əli ağa Şıxlınskinin hərbi irsi bu gün də böyük örnək kimi öyrənilir və öyrənilməlidir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən Şıxlınski milli ordu quruculuğunda böyük işlər görmüşdür. Əski silahdaşı general Səməd bəy Mehmandarovun hərbi nazir, özünün də nazir müavini kimi çalışdığı dövrdə böyük işlər görmüşdülər. Bakının işğaldan azad olunmasında, ermənilərin Qarabağda törətdiyi qırğınların qarşısının alınmasında müstəsna xidmətləri olmuşdur.

Ş.Nəzirli qeyd etdi ki, general Əli ağa Şıxlınski dünya üzrə nadir hərbi sərkərdələrdən biridir ki, həm də hərb elmi iləməşğul olmuşdur. Onun Rus-Yapon müharibəsi zamanı tətbiq etdiyi artilleriya şücaətləri sayəsində düşmənə ağır zərbələr endirilmişdir. Onun tətbiq etdiyi “Şıxlinski üçbucağı” ilə hərbi topoqrafiya elminə, artilleriya eminə böyük töhfələr verilmişdir. Bu gün də bu hərbi üsullar eleoğlumuz Şıxlısnkinin adi ilə hərbi dərsliklərdə tədris olunur. Şəmistan Nəzirli bildirdi ki, Əli ağa Şıxlınskinin ömrünün son vaxtları məşhur filosof alim, akademik Heydər Hüseynovun nəzarəti altında keçmişdir. Əli ağa Şıxlınskı 1929-cu ildən sonra səhətində yaranan problemlərdən sonra təqaüdə çıxmışdır. Bakıdakı evində həyat yoldaşı Nigar xanım Şıxlınskaya ilə yaşayırdı. Lakin 1931-ci ildə Nigar xanım dünyasını dəyişdikdən sonra kimsəsiz halda yaşayan Əli ağa Şıxılinskini akademik Heydər Hüseynov diqqətdə saxlamış, onun hər halı ilə maraqlanmışdır. Hətta Heydər müəllim Əli ağa Şıxlinskini hərbi lüğətçiliklə fəaliyyətə sövq etmişdir. Bunun da sayəsində ona “sətir haqqı” deyilən ödəniş verirdi.

1943-cü il avqustun 18-də vəfat edən general Əli ağa Şıxlinskinin dəfn mərasimini akademik Heydər Hüseynovun özü təşkil etdi. Generalla heç bir qohumuluğu olmayan alimin Şıxlinski şəxsiyyətinə, onun sərkərdəlik fəaliyyətinə, xüsusilə, lüğətçilik sahəsindəki elmi-publisistik yaradıcılığına böyük rəğbəti vardı. Hətta Heydər Hüseynov o vaxtkı siyasi rəhbərlikdən də çəkinməmişdi bu işləri görərkən. Dəfn mərasimi Bakı Hərbi Qarnizonunundan çağırılmış alay orkestrlə müşayiət etdi. Qəbri üstündə topdan və avtomatlardan yaylım atəşi atıldı. Bir sözlə Əliağa Şıxlinskini görkəmli sərkərdələrə məxsus hərbi qaydada torpağa tapşırdılar, – deyə Ş.Nəzirli bildirdi.

Tədbirin sonunda “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov qeyd etdi ki, general Əli ağa Şıxlinskinin və Şıxlinski kimi Azərbaycana xidmət etmiş dahi şəxsiyyətlərin parlaq xatirəsi həmişə qədirbilən Azərbaycan xalqı tərəfindən uca tutulacaq və onların ruhları daim başımız üzərində olacaqdır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here