Bu gün Tarixi Günün – Qarabağın düşməndən azadlığı uğrunda Vətən deyənlərin, Azərbaycan deyənlərin, Qarabağ Azərbaycandır! deyənlərin günüdür.

Bu gün 27 Sentyabr – Anım Günüdür!

O gün səhər yuxudan oyanacaqdıq və internetin qəfildən kəsildiyinin şahidi olacaqdıq. Televizora baxacaqdıq ki, nə baş verib?! Və!!! Hamımızın gözlədiyimiz xəbəri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin Mətbuat katibi palkovnik-leytenant Anar Eyvazovun çıxışından eşidəcəkdik. Artıq Müharibənin başlandığını biləcəkdik. Sevinc sevincə qarışacaqdı. Cavanlar Hərbi Komissarlığa gedəcəkdilər. Mən də döyüşə hazıram deyəcəkdilər. Bu döyüşə bələkdə olan körpədən tutmuş, əli əsasız yeriyə bilməyən qocalar da getməyə hazır olacaqdı. Bu döyüş Zəfər Tarixini yazacaqdı. Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu döyüşdə TARİXİ ADDIM atılacaqdı. O ADDIMDA BİR İMZA olacaqdı – TARİX YAZAN İMZA🇦🇿
O yolda neçə-neçə cəngavər oğullar Şəhid olacaqdı, canının yarısını Vətən uğrunda verib Qazi olacaqdı. Bu döyüşdə Xocalıda zorlanmış namusumuzun ləkəsi silinəcəkdi. Bu döyüşdən sonra Qarabağ camaatı öz yurduna dönəcəkdi. Şuşanın Qala Qapılarına Azərbaycan Türkiyə bayraqları 🇦🇿🇹🇷 qoşa asılacaqdı. Türkiyə ilə qardaşlığımız dillərə dastan olacaqdı. Bu döyüşdə itkilərimiz olduğu kimi qazancımız da olacaqdı. Vətən adına, şərəfinə layiq oğulları daha da yaxından tanıyacaqdıq. Qürurla Onlar azərbaycanlıdır, onlar bizim torpağın yetirməsidir deyəcəkdik. Bu döyüş bizə nələri qazandırmadı ki?! Başı uca gəzməyi, şərəfli yaşamağı, millətin DƏMİR YUMRUQ kimi birləşməyini, Cənab Ali Baş Komandanım, icazə verin, biz də döyüşə gedək, – deyən cəngavər oğullarını tanıtdı, sevdirdi bu döyüş bizə. Qismən səfərbərlik elan olacaqdı və cəngavər oğullar döyüşə atılacaqdı. Yolda meyvə satan, su satan hərbi maşının arxasınca qaçıb imkanı çatan qədər meyvəni, suyu maşına atacaqdı. Qəhrəmanlar döyüşəndə ürəklərinə sərinlik olsun deyə, sudan içsinlər deyə, yardım əlini uzadacaqdılar. Məktəblilər əsgərə məktub yazacaqdılar, körpə əlləri ilə əsgərə pay göndərəcəkdilər. 3-cü sinifdə oxuyan qızım da əsgərə məktub yazacaqdı və onların da kəndlərini işğaldan azad etmələrini İgid Azərbaycan əsgərindən xahiş edəcəkdi. Sonra Gülayə: “Ana bir video çək, paylaşaq, mən İlham babadan xahiş edim, bizim kəndi də işğaldan azad etsin”, deyəcəkdi. Səbrsizliklə hər dəfə Cənab Ali Baş Komandanın çıxışını gözləyəcəkdi, kəndimiz nə vaxt azad olunacaq? – deyə. Cənab Ali Baş Komandanın “noldu, Paşinyan, Cəbrayıla yol çəkirdin?” “dabanyalayan” ifadələri dillər əzbəri olacaqdı. Cənab Prezidentin ifadələrinə mahnılar bəstələnib, şeirlər qoşulacaqdı.
Biz xalq olaraq 44 günlük Vətən savaşında Cənab Prezidentimiz İlham Əliyevi yenidən kəşf edəcəkdik. Ali Baş Komandanın apardığı daxili və xarici siyasətin gücünə yenidən qibtə edəcəkdik. Xarici medianın qərəzli suallarına tarixi faktlarla cavab verən, Azərbaycan tarixini mükəmməl bilən liderin rəhbəri olduğu ölkədə yaşadığımız üçün fəxr edəcəkdik. Bir daha xoşbəxt vətəndaş olmağımızla qürur duyacaqdıq.
30 il öncə – birinci Qarabağ savaşının ilk və çətin illərində Xalq yazıçısı İsmayıl Şıxlının xeyir-duası ilə şair Aslan Kəmərlinin yaratdığı “Qazax Xeyriyyə Cəmiyyəti”nin davamçısı olaraq “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədov hər an cəbhəyə nə lazımdır, deyə maraqlanacaqdı. Cəbhəyə lazımi yardımları göndərəcəkdi. Və o zaman İsmayıl Şıxlının da, Aslan Kəmərinin də, o cəmiyyətdə zəhməti olub dünyadan köçənlərin də ruhları şad olacaqdı. İctimai Birliyin yaşlı üzvləri bu xeyirxah addımı görüb İlham Pirməmmədova Vətən yolunda atdığı addımlara görə uğur diləyəcəkdilər. İlham Pirməmmədov İctimai Birliyin üzvlərinə o günlərdə sədr kimi yox, Komandir kimi rəhbərlik edəcəkdi. “Qazax” Xeyriyyə İctimai Birliyinin Qazax və Ağstafa rayonlarında nümayəndəsi Ələddin Qarayev rayondan zəng edəcəkdi: Şəhidimiz var. Bir Şəhid Qazaxdan, bir Şəhid Ağstafadan. Gündən-günə Şəhid xəbərləri artacaqdı. Artıq Ələddindən gələn zənglərə titrəyə-titrəyə cavab verəcəkdim. Alo, demədən öncə, yenə Şəhid xəbərimi var, a qardaş, deyə soruşacaqdım. O da, tutula-tutula hə, a bajı, Şəhidlərimiz var, deyəcəkdi. İlham Pirməmmədova zəng edəcəkdim. Şəhid xəbərini deyəndə İlham Pirməmmədovun telefonda məyus olduğunu hiss edəcəkdim. “Ələddinə söylə, Şəhid dəfnlərinə İctimai Birliyin adından mütləq əklil aparsın”, -deyə tapşırıq verəcəkdi.
İctimai Birliyin üzvləri Qazax RİH-nin başçısı cənab Rəcəb Babaşovun, Ağstafa RİH-nin başçısı cənab Seymur Orucovun rəhbərliyi ilə Qazax və Ağstafada Şəhid dəfnlərdə iştirak edəcəkdilər. Şəhid ailələrinin yarasına məlhəm olmağa çalışacaqdılar.
Bu döyüşdə Prezident, Xalq, Ordu birliyinin şahidi olacaqdıq. Bu döyüşdə Qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsinə yüksələn oğullar göz yaşı ilə deyil, alqışla torpağa tapşıralacaqdı. Döyüş davam edəcəkdi və onların döyüş yoldaşları Şəhid qardaşlarının qisasını düşməndən alacaqdı. Bu döyüşdə torpağa tapşırılan Şəhidlər Qalib Ordunun Şəhidləri olaraq dəfn olunacaqdı.
Millət olaraq, xalq olaraq bir dəqiqə olsun belə gözümüzü televiziya ekranlarından çəkməyəcəkdik. Cənab Prezidentin çıxışını böyük ruh yüksəkliyi, həyacanla gözləyəcəkdik. Bu gün tvit olacaqmı?-deyə sual edib, sosial şəbəkələrdə status paylaşacaqdıq. İşğaldan azad olunmuş ərazilərimizin adlarını Cənab Prezidentin rəsmi səhifəsindən izləyib, yeni bir şad xəbər olan kimi həmən paylaşmağa çalışacaqdıq.
Prezident cənab İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyevanın birlikdə xalqımıza necə qayğı, diqqət göstərdiklərinin, əzmkarlıq nümayiş etdirdiklərinin şahidi olacaqdıq.
Fərhad zəng edəcəkdi, Qospitalda Qazaxdan yaralımız var, deyəcəkdi. İlham müəllim, Fərman Qəhrəmanov, Valeh Nəsibli, Qazi kapitan Fərhad Eyyubov və mən Qospitala gedəcəkdik.
Hər an cəbhədə baş verənlərlə maraqlanacaqdıq. Əllərimiz Allaha tərəf ucalıb: Şəhid xəbəri, yaralı xəbəri gəlməsin, sevinc, qələbə xəbəri gəlsin, analar gözüyaşlı qalmasın deyə, dualar edəcəkdik. Elçin Carçıyev, Olya Cəfərova, Fərman Qəhrəmanov, Mədəd Səttarov, Valeh Nəsibli, Kamil Əsədov, İlqar Əsgərov, Vüqar Kərimov mütəmadi olaraq bizimlə əlaqə saxlayacaqdılar. Cəbhəyə nə lazımdır? -deyə soruşacaqdılar.
Çalışdığım “CARÇIOGLU GROUP” MMC-nin işçiləri döyüşə yollanacaqdı. Elçin Carçıyev yaralanan əməkdaşlarımızı daim diqqətdə saxlayacaqdı. Murtuz qardaş Ağdama yardım aparacaqdı.
Qonşumuz Xəyyamın Şəhid xəbəri gələcəkdi. Bir az sonra ağır yaralı olduğunu eşidib, sağlığı üçün dualar edəcəkdik. Xəyyamın Qospitaldan çıxmasını, onunla görüşməmizi səbrsizliklə gözləyəcəkdik. Anam kənddən zəng edib, ay bala Xəyyam ömrünü Vətənə xidmət etməklə yaşadı. Allah özü şəfa versin, deyib dualar edəcəkdi.
Günlərlə, həftələrlə heç bir xəbər ala bilmədiyim, Ulu Qazağımızın fəxr etdiyi vətənpərvər övladı polkovnik Eldəniz Namazov üçün dualar edəcəkdim. İndi görən hardadır deyib, ağlayacaqdım. Hər dəfə kövrələ-kövrələ İlham müəllimə, hamıdan xəbər var, Abimdən xəbər yoxdu, deyəcəkdim.
Xətrini dünyalar qədər istədiyim, tək Ağdamın yox, Azərbaycanın Vətənpərvər qızı Mayanın evlərinə top düşdüyünü, sonra da döyüşdə olan oğlunun Şəhid xəbərini eşidəcəkdim. Ağlaya-ağlaya Mayaya zəng edəcəkdim. Kiçik oğlu telefonu götürüb Xalidin Şəhid xəbərini təsdiqləyəcəkdi.
Qazaxın həkim övladı – tibb xidməti leytenantı Adil Əfəndiyevin Xocavənd rayonunun Tuğ kəndinin azadlığı uğrunda gedən döyüşlərdə Şəhid olduğu xəbərinə göz yaşlarımı leysan kimi axıdacaqdım.
Qazax və Ağstafadan olan Şəhidlərin dəfnində “Qazax” Xeyriyyə İctimai Birliyi əklil göndərəcəkdi. Şəhidilərin dəfnində (iki rayondan 101 Şəhid) İctimai Birliyin üzvləri iştirak edəcəkdilər.
Yaşlı nənələr, babalar əsgərlikdə olan nəvələri ilə danışanda, kafirləri didin, parçalayın,deyəcəkdi.
Bir gecə Amin Musayevin əsir düşdüyü videosu qarşıma çıxacaqdı. Gecə ilə İlham Pirməmmədovla ağlaya-ağlaya əlaqə saxlayacaqdım. Amin haqqında məlumat verəcəkdim. İlham müəllim dərhal lazımi təşkilatlarla əlaqə saxlayacaqdı və mənə zəng edəcəkdi: Narahat olma, Amin sağ-salamatdır, evlərinə məlumat ver, deyəcəkdi. Mən bu xəbəri zəng edib Aminin dayısına, xalasına deyəcəkdim. Aminin dayısı sevincindən ağlayıb, danışa bilməyib, sağollaşacaqdı. Ağstafaya Aminin anasının yanına gedəcəkdim. Narahat olmayın, oğlunuz sağdır, Cənab Ali Baş Komandanın müdrik siyasəti nəticəsində Amin sağ-salamat sizə qovuşacaq deyəcəkdim.
O tayda yaşayan azərbaycanlı qardaşlarımız Xudafərin körpüsünə axışacaq, o taydan bu taya musiqilər oxuyacaqdılar. Bizim ürəyimiz sizinlədir, deyəcəkdilər.
Səsi, gülüşü, Qəhrəmanlığı dillərə dastan olan Xudayarın Şəhid xəbərini eşidib: Niyə belə vaxtsız tərk etdin bizləri, Xudayar -deyib, ruhuna rəhmətlər oxuyacaqdıq.
Gənc aşıqlar, şairlər bu döyüşə qatılacaqdı. Şairlər döyüşə-döyüşə cəbhədən müharibə gündəliyi yazacaqdılar. Aşıqlar həm döyüşəcək, həm də Vətənpərvər şeirlər səsləndirib, əsgərləri ruhlandıracaqdılar.
Cəbhədə oğlum, qardaşım ac qalmasın, üşüməsin -deyə, analar, bacılar yemək bişirib, papaq, corab toxuyub cəbhəyə göndərəcəkdilər.
Yaşlı nənələr təqaüdündən saxladığı pulu, körpə uşaqlar daxıla yığdıqları pulu, Şəkinin Baş Küngüt kəndindən Hikmət baba təqaüdünün 180 manatını Azərbaycan Ordusuna Yardım Fonduna keçirəcəkdi.
8 noyabrda Cənab Ali Baş Komandan televiziyada xalqa müraciət edəcəkdi. Bütün Azərbaycan xalqı hər kəs bir nəfər kimi səbrsizliklə Cənab Prezidentin çıxışını gözləyəcəkdi. Cənab Prezident 28 il altı aylıq həsrətimizə son qoyacaqdı: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz sənə qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” -deyə xalqı sevindirəcəkdi. Hər kəs bu xəbərə sevinc göz yaşları içində dualar edəcəkdi. Ordumuza, yurdumuza, Prezidentimizə gözəl günlər, sağlıq arzulayacaqdı. Mən sevinc göz yaşları, dualar içində qeyri-ixtiyari olaraq Abimi xatırlayacaqdım. Ona səsli mesaj göndərəcəkdim: Salam, Abim, hardasan? Hamıdan xəbər çıxdı, səndən xəbər çıxmadı deyib, ağlayacaqdım. Axşam Abimdən mesaj gələcəkdi: Salam, Ablam. Narahat olma. Şükür, Şuşamız!
9 noyabrdan 10 noyabra keçən gecə Qələbə xəbəri tək Azərbaycana yox, bütün dünyaya səs salacaqdı. Qələbə sevinci xəbərinə xalqımız küçələrə axışacaqdı.”Şəhidlər ölməz, Vətən bölünməz!” -deyib ucadan səslənəcəkdilər. “Yaşasın Müzəffər Ali Baş Komandanımız! Yaşasın Güclü Ordumuz! Var olsun əsgər və zabitlərimiz!” -deyib hər qarış Vətən torpağına Azərbaycan Ordusunun Qələbə xəbərini söyləcəkdilər.
Yazdıqlarım yaşadıqlarımızın çox az hissəsidir!

Ruhunuz şad olsun, Ulu Öndər Heydər Əliyev. Oğlunuz – Müsəlləh Ordumuzun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Qarabağı, Şuşanı müdrik siyasəti ilə işğaldan azad etdi!
Biz sizə borcluyuq, Şəhidlər! Biz sizə borcluyuq Şəhid valideynləri, Şəhid övladları, Şəhid yarları, Şəhid nişanlıları! Siz bu Vətən var olsun deyə, canınızdan can verdiniz. Övlad verdiniz bu Vətənin azadlığı, bütövlüyü uğrunda. Bizim hər birimizin borcumuzdur, sizi daim diqqətdə saxlamaq, bütün tədbirlərdə, məclislərdə ən layiqli yerdə sizi əyləşdirmək və hamıdan öncə sizi dinləmək bir vətəndaş kimi, ziyalı kimi bizim borcumuzdur.
Biz sizə borcluyuq Qazi qardaşlarımız!
Biz sizə borcluyuq, hərbi xidmətini şərəflə yerinə yetirən əsgər, zabit heyəti!
Biz sizə minnətdarıq, yenilməz millətimiz!
Biz sizə sevgimizi, hörmətimizi, sayğımızı bildirir, sizinlə fəxr etdiyimizi söyləyirik, Cənab Ali Baş Komandanımız İlham Əliyev!
Qarabağ Azərbaycandır!

Səbinə Yusif

Azərbaycan Jurnalistlər Birliyinin, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, “CARCIOGLU GROUP” MMC-nin mətbuat xidmətinin rəhbəri
27 sentyabr, 2021-ci il

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here