Nəriman Həsənzadə yaradıcılığında Ali Baş Komandanın və Zəfərimizin poetik tərənnümü

0
585

AYB üzvü Ramiz Göylər Xalq şairi Nəriman Həsənzadənin yaradıcılığı haqqında yazır.

…30 il həsrət qalmışdıq Qarabağa. İçimizdə bir Qarabağ nisgili, dilimizdə bir Qarabağ ağısı, qəlbimizdə bir Qarabağ dərdi yuva salmışdı. Bu otuz ildə Qarabağ adına şeirlər qoşuldu, nəğmələr oxundu. Cümləmizin “əzəl mübtədası”(S.Vurğun) Qarabağ oldu. Ümidlərimizin ünvanı oldu Qarabağ. Toy-düyünlərin, yubileylərin, görüşlərin ilk sözü Qarabağ oldu. Nə niyyət tutduqsa onun bir ucunu Qarabağla bağladıq. Hamımız Qarabağlı olduq. Nəhayət, 2020-ci il noyabın 10-da bu uzun və ağır həsrətin sonu bitdi. Cənab Ali Baş Komandan İlham Əliyevin dərin düşüncəsi, bacarığı, siyasi istedadı, qətiyyəti, cəsarəti, iradəsi və Müzəffər Azərbaycan Ordusunun rəşadəti sayəsində Şuşa vüsalına qovuşduq.

Bu Zəfərlə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev və Azərbaycan əsgəri ədəbiyyatımızın ovqatını və miqyasını dəyişdi. Qarabağın taleyi, Şuşanın fəthi, Azərbaycan Əsgərinin misilsiz qəhrəmanlığı, şəhidlik ülviyyəti Azərbaycanın yaradıcı insanlarına bir coşqu, yeni bir ruh və enerji verdi. Sənət adamları bu Zəfərdən ruhlanaraq yeni-yeni əsərlər yaratmaqdadır. Bu konteksdə Xalq şairi Nəriman Həsənzadənin yaratdığı əsərləri xüsusi qeyd olunmalıdır. Nəriman müəllimin qələminin qüdrətindən yaranmış iki poeması – “İlhamın Zəfər yolu” və “Qarabağnaməm İlhamdır” poemaları bu mövzuda yaranmış ən gözəl əsərlərdəndir. Mən bu poemalardan biri –“Qarabağnaməm İlhamdır” poeması haqqında fikirlərimi və təəssüratlarımı bölüşmək istədim. Yeri gəlmişkən poema AzTV-də (quruluşçu rejissoru Elnur Məmmədov, ssenari müəllifi Bəxtiyar Qaraca, quruluşçu operatoru isə Cavid Əliyev) uğurlu ekran həllini tapmış və təmaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.

Nəriman Həsənzadə poeziyasına özünəməxsus yüksək lirik səmimiyyət xasdır. Sadəlik, təvəzökarlıq, mərdlik, obyektivlik, nəciblik onun şəxsiyyətini və poetik yaradıcılığını səciyyələndirən xüsusiyyətlərdir.

Vətəninə böyük sevgi, dövlətinə və dövlətçiliyinə sədaqət və bağlılıq, örnək tarixi şəxsiyyətlərimizə dərin hörmət və onların tərənnümü Nəriman Həsənzadənin yaradıcılığının əsasə qayesini, ana xəttini təşkil edir. Yaşının və yaradıcılığının müxtəlif vaxtlarında onun müraciət etdiyi mövzular və bu mövzuda yaratdığı əsərlər- ”Zümrüd quşu”, “Nəriman”, “Atabəylər”, ”Pompeyin Qafqaz yürüşü”, “Midiya sarayı”, “Qafqaz”, “Qaçaq Kərəm”, ”Azadlıq himni”, “Cavid”, “Nuru Paşa” və digər əsrlərinin hər biri dediklərimə misal ola bilər.

Yaradıcılığının və omrünün ixtiyar və müdrik çağını yaşayan Nəriman müəllim, sözün əsl manasında gənclik ehtirası və şövqü ilə ölkəmizin taleyüklü məsələlərinə, tarixi keçmişimizin faciəli və qürurlu səhfələrinə aid bir-birindən gözəl əsərlər yaratmaqda davam edir.

 Nəriman Həsənzadənin həm də bir şair kimi xoşbəxtliyi ondadır ki, Böyük Yaradanın lütfü ilə ömrünün ixtiyar çağında Qarabağın, Şuşanın azad olmasının sevincini yaşadı. “Bir az möhlət istəyirəm ömürdən”- deyəndə yəqin şair bu tarixi anları nəzədə tuturmuş…

Tarixdən məlumdur ki, Qarabağ özünün son 275 illik keşməkeşli tarixində çox müharibə və mübarizələrdən, oddan-alovdan keçmişdir. Qarabağ xanlığının tarixi həm də təriximizin bir hissəsi olmaqla, qəhrəmanlıq səhfələridir. Nəriman Həsənzadənın bu əsəri əslində növbəti bir Qarabağnamədir. Poema yüksək peçəkarlıq və ustalıqla yazılmış tarixi-bədii bir əsər olmaqla, tarixilik baxımından da maraqlıdır.

Sənətkarın qüdrəti ondadır ki, O, sözün, dilimizin imkanlarından istifadə etməklə bütöv bir prosesi bir neçə bəndə sığışdıraraq onun mahiyyətini poetik formada ifadə edə bilsin. Nəriman müəllim əsərin baş qəhrəmanı – Ali Baş Komandanın bu möhtəşəm qələbədə rolunu, miqyasını lakonik şəkildə, çox dolğun formada tərənnüm edib.

Hamı bilir ki, Azərbaycan 30 il münaqişənin sülh yolu ilə həll variantına sadiq qaldı, səbr etdi. Bu illər ərzində Ermənistan hər dəfə danışıqların həlledici məqamında bir bəhanə gətirərək və ya bir təxribat törədərək danışıqları dalana dirədi. Bu illər ərzində İlham Əliyev erməni dığalarının oyunlarına, xəyanətlərinə səbrlə dözdü. “Sapı özümüzdən” olan baltaların sayıqlamalarını eşitdi. Lakin xalq inanırdı ki, Prezident “nəyi, necə və nə vaxt eləməyi” hamıdan yaxşı bilir və həm də problemin həlli üçün ciddi işlər görür. İlham Əliyev hakimiyyətdə olduğu 17 il ərzində Qarabağ problemin həllinə doğru hər gün bir addım atdı, qüdrətli ordu qurdu. Və budur vaxt yetişdi. Ali Baş Komandan İlham
Əliyevin əmri ilə Azərbaycan Əsgəri bütün cəbhə boyu hücuma keçdi. Həmin günlərdə bütün xalq ayaqda idi. Şair bu tarixi hadisəni dastan ritmi ilə, mənəvi intonasiyalarla belə təsvir edir:

Ordu kənardan yeridi, bilmədik hardan yeridi.

Yüz min silahlı can, yüz min qəhrəman yeridi.

 Top yeridi, tank yeridi, tankların üstə Üçrəngli Bayraq yeridi.

Dağlıq Qarabağ üstünə Aran Qarabağ yeridi.

Sıralandı nəsil-nəsil, düz on milyon xalq yeridi.

 Yuxulu-oyaq yeridi…

… Dedilər, otuz il keçir, daha gecdir, vaxt yeridi.

Komandanı Ali Baş Komandan İlham Əliyev şəxsən özü verir, döyüşü özü idarə edir, qələbə müjdəsini xaqla özü çatdırırdı. Müxtəlif dövlət başçıları ilə apardığı danışıqları və dünyanın aparıcı KİV-lərinə verdiyi müsahibələri ilə nəinki, onu sevənləri, bütöv Azərbaycan xalqını, hətta rəqiblərini və siyasi opponentlərini, öz biliyi, güclü analitik təfəkkürü, diplomatik gedişləri və sərkərdəlik bacarığı ilə heyran və mat qoyurdu. Ona görə də şair onu Sərkərdə və Qəhrəman kimi vəsf edir:

Qoşunların qabağında Sən yeridin Bayraq kimi.

Əsən küləklər yaydılar bir səs kimi, soraq kimi.

Özün də bir silah kimi, sözün də bir silah kimi.

Neçə dildə hər tarixi müsahibən səngəriydi,

Yanında xalq, bir də Vətən.

44 günlük Vətən Müharibəsinin gedişində, problemin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin mövqeyi, riyakar, satqın, xəyanətkar Ermənistan dövlətinin əsl mahiyyəti cənab İlham Əliyevin verdiyi müsahibələr nəticəsində hətta onlara rəğbət göstərən dövlətlər tərəfindən anlaşıqlıqla qarşılanırdı. Və bütün bu hadisələr əsərdə xronoji ardıcıllıqla sadə, səmimi ifadələrlə öz əksini tapır. Əsərin dili o qədər axıcı və rəvandır ki, dastan kimi oxunur, “Bəhri-təvil havası”nda misralar bir-birinə ilmə kimi bağlanır.

Öz yazdığı Bəyanatı, nə Millətlər Təşkilatı,

Nə başqa bir diplomatı, bizcə açıb-ağartmadı,

Gündəliyə çıxartmadı, qoşun-filan yeritmədi.

Zaman –zaman sınamışdın Sən onları.

Geyib hərbi paqonları “Yox deyəndə”, Sən “Hə” dedin,

Hökmünü hökmlə dedin uçan mərmilər dilində,

Səngərdə səngər dilində.

Vətən müharibəsi günlərində on milyon xalqın qəlbi bir döyündü, sözlə-əməli bir oldu. Hər gün Ali Baş Komandanın dilindən növbəti qələbə xəbərini eşitdikcə hamının qəlbi dağa dönür, sevinci aşıb daşırdı. Həmin günlər hamının dilində bir şüar səslənirdi, ”Qarabağ Azərbaycandır”. Bu ifadəni Preziden İlham Əliyev 2019-cu ilin oktyabrında Soçi şəhərində Valday Disskusiya Klubunun Konfransında Ermənistanın baş naziri Paşinyana cavab olaraq tribunadan səsləndirmişdi. Bu ifadə sonradan qələbəmizin şüarlarından birinə çevrildi. Müəllif əsərdə Prezidentin nidasını ustalıqla mətnə daxil edir, tarix elminin atası Plutarxın adını çəkib, bu tarixin qələmə alınmasına işarə edir.

Plutarxı çağırıram, qədim dünyaya üz tutub.

“Qarabağ – Azərbaycandır!” deyin, məni bu söz tutub.

O, əvəzsiz vəsf elədi ötən hərbi yürüşləri.

Azərbaycan, İlham olsun qoy sonuncu şah əsəri.

Müzəffər Ali Baş Komandanın “Qarabağ Azərbaycandır” deməsi, sözün əmələ keçirilməsi, şair demişkən “kişidən-əsl kişilik” idi.

Əsərdə müəllif Alı Baş Komandanla Azərbaycan Əsgərini vəhdətdə təqdim edir. Azərbaycan və İlham Əliyev -“vəhdəti vücuddur.” Bu Zəfər dastanının baş qəhrəmanları İlham Əliyevlə Azərbaycan Əsgəridir. Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusunun ümumiləşmiş obrazı-Azərbaycan Əsgəri.

Azərbaycan əsgərinin hər biri, himnimizdə deyildiyi kimi, “…hərə bir qəhrəman oldu.” Qəhrəman Azərbaycan əsgəri Sərkərdənin bir çağırışı ilə “Can verməyə hazır, qan tökməyə qadir” olduğunu misilsiz bir rəşadətlə sübut etdi.

…Bir yəhudi jurnalisti tamam başqa bir söz dedi:

“Azərbaycan əsgərinə, fikir verin,

Çatmaz ona heç ilahi qəhrəmanı Şekspirin”

Cənab Ali Baş Komandan,

Sən dedin ki, dahi xalqdır Azərbaycan!

Varaqladın varaq-varaq bu tarixi,

Sən yaz daim biz oxuyaq bu tarixi!

Tarixdən məlumdur ki, döyüşlərdə ordu başçıları, sərkərdələr sillahları, atları, geyimləri ilə digər dəstə başçılarından, döyüşçülərdən fərqlənmişlər. Döyüşlərin tarixini, səlnaməsini yazan tarixçilər, səlnaməçilər, eləcə də onları tərənnüm edən yazarlar da bir qayda olaraq srəkərdələri ağ atın belində, pələng dərisində, gümüş qınlı qılıncla, daş-qaşla bəzədilmiş taclarda təsvir və tərənnüm etmişlər . Ağır və çətin bir savaşda möhtəşəm bir qələbə qazanan Ali Baş Komandan İlham Əliyevi isə biz tarixi qəhrəmanlardan fərqli olaraq sadə hərbi formada görürdük. Bu hal Nəriman müəllimin diqqətindən kənarda qalmamış və onu sadə bir əsgər libasında, necə varsa elə də tərənnüm edir:

Əynində əsgər paltarı, geyinmədin hər paltarı.

Ürəyində məhəbbətin, haqq yolunda qətiyyətin.

Nə pələng paltarı geydin, nə qılınc-qalxan gəzdirdin.

Nə tac qoydun, hər yanı daş-qaş içində.

İndi müharibədən iki il keçəndən sonra düşmən tərəfi ilə, vasitəçilərlə, böyük dövlətlərin rəhbərləri ilə aparılan danışıqların sirlərı, detalları açıldıqca, aydınlaşdıqca, müxtəlif informasiya mənbələrinin Qarabağ problemi ilə bağlı məlumatları ilə tanış olduqca İlham Əliyevin bir vətəndaş kimi, bir azərbaycanlı kimi, Ümumilli liderimiz “Heydər Əliyev məktəbi”nin yetirməsi, silahdaşı kimi, bir sərkərdə, bir siyasətçi və bir dövlət başçısı kimi müdrikliyi, üzaqgörənliyi, səbri, dönməzliy, əzmkarlığı, qətiyyəti qarşısında heyrətə gəlirsən. Onun xarakterinin bu çalarları qarşısında təzim etməli olursan. Düşünürəm ki, elə böyük şairimız də bu əsəri yaratmağa ilhamlandıran Cənab Prezidentin bu əxlaqi keyfiyyətləri, hünər və əməlləri idi. Və bunu əsərdə müəllif olduğu kimi tərənnüm edir:

…”Ulu Öndər məktəbidi” – bunu burda biz deyirik,

Elə biz də düz deyirik.

Qızıl Arslan Atabəyin varisidi.

Hələ yolun yarısıdı.

Dünya özü bir az səbir,

Bir az möhlət dünyasıdı.

“Əshabi-Kəf” möcüzəsi!

Bir eşq içib, ülfət içib,

İlahi bir qüvvət içib,

 Bu da – bir Tanrı töhfəsi!

Qarabağ uğrunda mübarizəni özünün məfkurə mübarizəsi hesab edən cənab Ali Baş Komandan Vətən savaşında qələbə çalacağına əmin idi. Onun ən böyük xidmətlərindən biri cəmiyyətin bütün zümrələrini, bütöv xalqı bir müəddəs amal uğrunda, məfkurə ətrafına birləşdirməsi idi. Təkcə özünün Prezidentlik fəaliyyəti dövründə Cənab İlham Əliyev Azərbaycanımız üçün, onun tərəqqisi, inkişafı, beynəlxalq nüfuzu, xalqımızın həyat səviyyəsinin yaxşılaşması üçün böyük işlər görüb. Lakin bu işlərin içində ən möhtəşəmi Qarabağı qaytarmasıdır. Qarabağın qaytarılması, Cənab Prezidentin təbiri ilə desək, xalqımızın ləyaqətinin qaytarılmasıdır.

Nəriman müəllim haqlı olaraq qeyd edir ki, qara, qorxunc, şər qüvvələrin bağladığı qara tilsimi məhz xeyir təmsilçisi – Prezident İlham Əliyev qırdı.

…Tilsim qırdı, düyün açdı, sirli düyün.

O nə bir eşitdiyim, nə sənin bir yol gördüyün!

O Sərkərdə! O Qəhrəman!

Şahidmi? Biz: Tarix, Zaman.

 Oğul deyib yollar-izlər öpdü onun ayağını,

O da öpdü, Ana deyib, Qarabağda Azərbaycan torpağını.

İlham Əliyev Azərbaycan xalqının və dövlətçiliyinin tarixinə qızıl səhifələr yazdı, Qalib Sərkərdə və Dövlət Başçısı kimi daxil oldu və bu misilsiz Qələbə ilə əbədiyyət qazandı. Nəriman müəllimin poemaları göstərir ki, Azərbaycan şeiri (ədəbiyyatı) Azərbaycan Əsgəri və Qəhrəman Sərkərdə İlham Əliyev qarşısında borcunu ödəməlidir. Bu həm də qeyrət və vətəndaşlıq məsləsidir.

Bu gün mənim şeirim, sözüm, hecam, qafiyəm İlhamdı.

“Qarabağ – Azərbaycandır!”, Qarabağnaməm İlhamdır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here