“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sanatçılar Birliyinin Təmsilçisi, Azərbaycan Rəsm Komitəsinin başqanı, şair Nəvai Metin oktyabr ayında Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye və pakistanlı rəssam Şeffik Faroqinin dəvəti ilə Pakistana səfərə gedib.
Ötən il pakistanlı rəssam Şeffik Faroqi Bakıya səfər edib. Nəvai Metinin rəhbərlik etdiyi “SEDAT ART” rəssamlıq qalereyasında Şeffik Faroqinin rəsm sərgisi təşkil olunub. Sərgidə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye də iştirak edib. Nəvai müəllimin rəsmləri ilə tanış olan səfirin və pakistanlı rəssam Şeffik Faroqinin dəvəti ilə Nəvai Metin rəsmi olaraq Pakistana dəvət alıb. Səfər bu ilin oktyabr ayında gerçəkləşib.
Nəvai Metin həm Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye tərəfindən, həm də Azərbaycanın Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov tərəfindən yüksək hörmətlə qarşılanıb, yola salınıb. Səfərdən xoş təəssüratlarla ayrılan rəssam deyir: “Çox maraqlı ölkədi. Fərqli yaşayış tərzi, fərqli sifət rəngi, cizgiləri. Xeyli sayda portretlər çəkdim. Pakistan siyasətçisi, şair, filosof Məhəmməd İqbalın, pakistanlı siyasətçi Qaydi Azimin, Vətən Müharibəsində öz dəstəyini Azərbaycandan əsirgəməyən Pakistanın keçmiş Baş naziri İmran Xanın portretlərini çəkdim. Bu portretlərlə yanaşı fərqli pakistanlı obrazlarını çəkdim. Pakistan mediasında mənə böyük yer ayırdılar. Məni “Azərbaycanın Pakistandakı mədəniyyət səfiri” adlandırdılar”.
Pakistan mediası Nəvai müəllim haqqında yazılar dərc etdikdən sonra o, digər görüşlərə dəvət alır. Həmin görüşlərdən ən yaddaqalanı isə orta məktəblərin birində baş tutur. Rəssam həmin görüşü belə xatırlayır: “Orta məktəbə dəvət aldım. Məni orada heyran edən, qürurlandıran bütün siniflərin Azərbaycan-Pakistan bayraqları ilə bəzədilməsi idi. Dost, qardaş ölkə olaraq məktəblərdə Azərbaycana olan bu sevgini görmək məni çox sevindirdi. Şagirdlər müxtəlif musiqi nömrələri hazırlamışdılar. Onları maraqla, sevinclə və qürurla dinlədim. Mənə başdan-ayağa Pakistan milli geyimi geyindirdilər. Doğma qarşılanmağa görə özümü çox qürurlu hiss edirdim”.
Digər təhsil ocaqlarına dəvət alan Nəvai müəllim kolleclərin birində baş tutan görüşünün təəssüratını belə xatırlayır: ” Dövlət kolleclərinin birinə dəvət aldım. Orada ağacəkmə mərasimi vardı. Mən də həmin mərasimdə iştirak etdim. Ağac əkdim. Adımı yazıb, əkdiyim ağacdan asdılar. Nə mutlu mənə ki, gələcəkdə mənim də əkdiyim bir ağac Pakistan yaşıllığına gözəllik bəxş edəcək. Kollecin rəhbərliyi tərəfindən mənə çıxış üçün söz verildi. Azərbaycandan salam gətirmişəm, dedim. Azərbaycan-Pakistan dostluğundan, qardaşlığından qürurla danışdım. Bu görüşdə də Azərbaycan və Pakistan xalqlarının dost münasibətinin şahidi oldum”.
Pakistan-Hindistan sərhədinə də səfər edən rəssam pakistanlı əsgərlərin münasibətindən məmnun qaldığını söyləyir. Nəvai müəllim hətta Pakistan Hərbi Hissəsində hərbçilərlə birlikdə nahar da edib: “Pakistan-Hindistan sərhəddində oldum. Əsgərlərin möhtəşəm növbə dəyişmə törənini sevə-sevə izlədim. Orada da bildilər ki, Azərbaycandan qonaq var, Hərbi Hissənin komandiri törəni izləmək üçün xüsusi yer hazırlatdı. Törən bitdikdən sonra Hərbi Hissənin qonaq evinə yeməyə dəvət edildim. Pakistanlı hərbçilərlə nahar etdik”.
Azərbaycanın Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin hörmət və diqqətindən məmnun qalan Nəvai müəllim bu görüşün unudulmaz olduğunu deyir: “Azərbaycanın Pakistandakı səfirliyinin xüsusi diqqətinin şahidi oldum. Səfir Xəzər Fərhadov İslamabad şəhərində yerləşən Azərbaycan səfirliyinin binasında məni qəbul etdi. Görüşdə Azərbaycan Silahlı Qüvvələrinin Pakistandakı hərbi attaşesi, polkovnik Mehman Novruzov da iştirak edirdi. Görüş zamanı cənab səfir gələcəkdə Azərbaycan Pakistan rəssamlarının birgə sərgilərinin təşkilinin vacibliyini xüsusi olaraq qeyd etdi. Bu görüşdən məmnun qaldım. Yaxın gələcəkdə Bakıda Pakistandan gətirdiyim foto materiallar əsasında rəsmlərin sərgisini etmək niyyətindəyəm. Bakıda reallaşacaq həmin foto sərgini sonra Pakistanda davam edəcəyik”.
“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Nəvai Metinin Pakistan İslam Respublikasında baş tutan tarixi görüşünün detallarını qısa da olsa sizinlə bölüşməyi özümə borc bildim. Nəvai müəllim hamımızın əzizimizdir. Biz də “Qazax” Xeyriyyə İctimai Birliyi olaraq bu görüşü alqışlayırıq.
Nəvai müəllimin dost, qardaş Pakistan İslam Respublikasına səfərini iki ölkə arasında mədəni əlaqələrin körpüsü olaraq dəyərləndiririk. “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədovun və İctimai Birliyin üzvlərinin adından Nəvai müəllimə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Səbinə Yusif